"Zəngəzur dəhlizindən Rusiya da aktiv şəkildə istifadə edəcək" -MÜNASİBƏT BİLDİRİLDİ

27 Noyabr 2021 13:04 (UTC+04:00)

"Rusiyanın üçtərəfli görüşlə bağlı göstərdiyi təşəbbüs ondan xəbər verir ki, Rusiya Ermənistanla Azərbaycan arasında əlaqələrin barpa olunmasında, Zəngəzur dəhlizinin açılmasında maraqlıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, bu dəhlizdən Rusiya da aktiv şəkildə istifadə edəcək: "Dünənki danışıqlardan məmnun görünməyən tərəf daha çox Ermənistandır, çünki dəhliz məsələsində və sərhədlərin delimitasiya və demarkasiya məsələsində real addımlar atmalıdır. Bütün tərəflər Ermənistandan bu istiqamətdə addımlar gözləyir. Rusiya prezidenti V.Putin Zəngəzur dəhlizi məsələsində maraqlı olması təsadüfi deyil. Çünki Zəngəzur dəhlizinin mühafizə və nəzarət işləri Rusiya hərbiçiləri tərəfindən həyata keçiriləcək. Üstəlik bu dəhliz vasitəsi ilə Rusiya Ermənistana alternativ quru yol çıxışı əldə edəcək. Hazırda bu çətin yol olan Gürcüstan tərəfindən reallaşır. Bundan başqa Laçın koridoruna alternativ olaraq bu koridorun təmin olunmasının Azərbaycan üçün əhəmiyyətini Rusiya da qəbul etməkdədir".