DYP sürücülərə müraciət edib

27 Noyabr 2021 13:19 (UTC+04:00)

"Son vaxtlar Bakı şəhərinin mərkəzi və digər küçələrində yük avtomobillərinin gün ərzində yollarda hərəkətdə olması, bəzi ərazilərdə bu səbəbdən müəyyyən sıxlıqların, hətta tıxacların yaranması müşahidə edilir". Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

"Tikinti və ya digər ticarət obyektlərinə xidmət göstərilməsi üçün paytaxta daxil olmuş həmin yük avtomobillərinin sonradan ərazidən çıxarılması özü də bir qədər vaxt tələb etməklə yanaşı, digər hərəkət iştirakçılarının yollarda rahat və fasiləsiz hərəkətinə ciddi maneçilik törədir.

Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi haqqında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarı ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin may ayının 1-dən oktyabr ayının 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabr ayının 1-dən may ayının 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunur.

Qeyd edək ki, hüquqi və fiziki şəxslərə məxsus yük avtomobillərinin məhdudiyyət tətbiq edilən saatlarda şəhərdə hərəkətinə yalnız onların hansı marşrutlarla hərəkət etmələrinə icazə verən buraxılış vərəqələri əsasında yol verilə bilər.

Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara müraciət edərək paytaxt ərazisində nəqliyyatın sıxlığının azaldılması məqsədilə tətbiq edilən məhdudiyyət tədbirlərinə hörmətlə yanaşmalarını, vəziyyəti düzgün qiymətləndirmələrini və digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmamalarını xahiş edir", - idarədən bildirilib.