“Zəngəzur dəhlizi əməkdaşlıq mühitinin formalaşması üçün vacibdir” - DEPUTAT AÇIQLADI

27 Noyabr 2021 12:48 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatı əslində cənab İlham Əliyevin son bir il ərzində səsləndirdiyi tezislərin üzərində qurulub. Sənəddə 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatların bütün müddəalarına ardıcıl şəkildə və ciddi əməl etməyə sadiqlik ifadə edilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.


Onun sözlərinə görə, sirr deyil ki, cənab Prezident də Cənubi Qafqazda sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi üçün bu bəyanatlara sadiq qalmağın zərurətini həmişə vurğulayıb və bəyanatlardan irəli gələn vəzifələrin mümkün qədər tez həllinə yönəlmiş birgə səyləri gücləndirməyə çağırıb: “Diqqət etsək, eyni məzmunu biz bəyanatda da görə bilərik. Əslində son bir il ərzində bu hədəflərin realizəsində ən böyük maneə Ermənistan olub. İndi Soçi bəyanatında İrəvan faktiki olaraq bu günə qədərki davranışlarını inkar edərək özü-özünü təkzib edir. Əlbəttə, İrəvanın sağlam davranış sərgiləməyə başlaması yaxşı haldır. Lakin sirr deyil ki, ardıcıl əks mövqeli bəyanatlardan sonra bu, Paşinyanın və komandasının fiaskosudur”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, eyni zamanda maraqlı bir məqam, ardıcıl olaraq Rusiyanın rolu ilə bağlı məqamlara istinad edilməsi rəsmi Bakının maraqlarına tam cavab verir: “Çünki, Rusiya və Azərbaycan həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarında ortaq mövqedən çıxış edərək Zəngəzur dəhlizi başda olmaqla kommunikasiyaların açılması, beynəlxalq hüquqla tanınan sərhədləri qarşılıqlı tanımaqla əməkdaşlıq mühitinin formalaşmasının tərəfdarıdırlar. Əlbəttə, belə bir şəraitdə, üstəlik, Ermənistanda anti-Rusiya əhvalının yüksəldiyi bir məqamda bəyanatda Rusiya amilinin qabardılması vacibdir”.