"Soçi görüşü demək olar ki, sülh yaratma proseslərinin bünövrəsini qoydu" - POLİTOLOQŞƏRH ETDİ

27 Noyabr 2021 11:03 (UTC+04:00)

“Zənnimcə bu görüş vacib bir görüş idi. Soçi görüşü demək olar ki, sülh yaratma proseslərinin bünövrəsini qoydu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, hər hansı bir sənəd imzalanmasa da sülh yaratma prosesinin əsas amillərindən olan sərhədlərin demarkasiyası və delimitasiyası barədə xüsusi komissiya yaranması və onların işə başlaması haqqında qarşılıqlı razılaşma oldu. “Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində uzun müddətdir ki, kommunikasiyaların açılması ilə bağlı danışıqlar aparılırdı. Baş nazirlərin apardıqları danışıqlar nəticəsində kommunikasiyaların açılmasına dair bir neçə variantda təkliflər hazırlanıb və bu təkliflər nəzərdən keçirilib. Yekun olaraq bu məsələdə müəyyən fikrə gəlinməsə də hər halda bir sonrakı görüşə qədər tərəflər mövqelərini müəyyənləşdirəcək. Sülh sazişinin imzalanmasına da start verilməsi barədə fikirlər olub. Burada Rusiyanın mövqeyi ondan ibarətdi ki, bütün bu mübahisəli məsələlərinin həll edilməsi işi sürətləndirilsin. Sülh yaratma prosesinə dair Qərb dövlətlərinin müdaxiləsini nəzərə alaraq Rusiya, sülh yaratma prosesinin sürətləndirilməsi barədə xüsusilə fəal görünür, Putinin davranışları bunu sübut edir. Beləliklə, belə görünür ki, bütün məsələlər üzərində konsens razılığa gəlmək üçün işlərin sürətləndirilməsi barədə yekdil fikirlərə gəlinib. Sonrakı addımlar barədə komissiyalar və s. yaradılıb, bunlar iki qaydada razılaşdırılacaq. Sonrakı Brüssel görüşünə də imtina edilmir, Putinin tövsiyəsi ilə Avropa İttifaqı Şurasının prezidenti milliyətcə fransız olan Şarl Mişelin rəhbərliyi altında dekabrın 15-də orada görüş olacaq. Mənim fikrimcə bu görüş o qədər də əhəmmiyyətli görüş deyil, formal xarakter daşıya bilər. Bütün məsələlərə daha məqsədyönlü baxış dünən Soçidə baş verdi. Soçi prosesi bundan sonra iki ölkə arasındakı münasibət və digər məsələlərin razılaşdırılması işində əhəmiyyətli bir hadisə ola bilər və bu proses tarixə düşə bilər”.