Soçi görüşü ötən bir ilə məntiqi bir yekun vurdu - DEPUTAT ŞƏRH ETDİ

27 Noyabr 2021 09:29 (UTC+04:00)

“Soçi görüşü ötən bir ilə məntiqi bir yekun vurdu. Bu müddət ərzində Azərbaycanın mövqeyi aydın və birmənalı idi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdiyini, Ermənistanla bundan sonra normal qonşuluq münasibətləri qurmaq istədiyini və qonşu dövlətlə sülh müqaviləsi bağlamaq üçün sərhədlərin demarkasiyasını keçirməyi təklif edirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, həmçinin 10 noyabr və 11 yanvar sazişlərində nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması üçün bütün səylərini ortaya qoyurdu: “Ermənistan tərəfdən isə biz vaxtaşırı ziddiyyətli bəyanatlar və fəaliyyət görürdük. Həm müxalifəti, həm iqtidarında bağlanan sazişlərin mahiyyətini təhrif etmək, Azərbaycana siyasi bəzən isə hərbi təzyiq göstərmək cəhdləri az deyildi. Bunun zirvəsi kimi 14-16 noyabr tarixində Ermənistanın Kəlbəcər və Laçın istiqamətində Azərbaycana qarşı hərbi təxribatını göstərə bilərik. Amma proseslərin gedişi Ermənistanı sonda Azərbaycanın şərtlərini qəbul etməyə və regionda stabillik yaratmaq üçün mehriban qonşuluq münasibətləri qurmaq prinsiplərini qəbul etməyə məcbur etdi və Soçidə Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşdə tərəflərin məsələləri hərtərəfli müzakirəsindən sonra tərəflər birgə fəaliyyət göstərmək barəsində qərara gəldilər”.

Deputat sözlərinə belə davam etdi: “Bunların içərisində sərhədlərin demarkasiyası haqqında ikitərəfli komissiyanın yaradılması Moskvada kommunikasiyaların açılması, üçtərəfli komissiyanın fəaliyyətinin canlandırılması barəsində qərarlar vermək olar və cənab Prezident mətbuat qarşısında çıxışında Ermənistan tərəfdən konstruktiv münasibət gördüyünü bildirdi. Bu o deməkdir ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaqdan başqa çıxış yolu olmadığı qənaətinə gəlib. Bu o deməkdir ki, Ermənistan Azərbaycanın milli maraqlarının, o cümlədən onun da istəyinə cavab verdiyinin qənaətinə müəyyən qədər razılaşır. Düzdür, Ermənistanın bugün razılaşdığı bir qərara sabah zidd hərəkət etdiyi tarixdə kifayət qədər olub. Hər halda bugün Azərbaycan təkliflərini bütün regionun maraqlarına cavab verdiyini görüşdə isbat edə bildi. Ermənistanın imza atdığı sənədə və verdiyi bəyanatlara nə dərəcədə sadiq qaldığını zaman göstərəcək. Bunu edəcəksə Ermənistan bugün düşdüyü ağır siyasi-iqtisadi böhrandan xilas ola biləcək, etməyəcəksə, Ermənistan nəinki problemlərini ağırlaşdıracaq, ümumilikdə öz dövlətçiliyini böyük bir şübhə altına qoymuş olacaq”.

Ayşən Vəli