Universitet filialı Bakıya ziyarətlər təşkil edib

27 Noyabr 2021 03:52 (UTC+04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının 30 illik yubileyi ərəfəsində Bakı şəhərində bir çox yerlərə ziyarətlər təşkil olundu.

SİA xəbər verir ki, tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Fəxrəddin Məmmədov və tələbələr iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları I Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Şəhidlər xiyabanı və II Fəxri xiyabanı ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirin davamında Zəfər simvolumuz və qürur yerimiz olan Hərbi Qənimətlər Parkı ziyarət olunub. Fəxrəddin Məmmədov gəzinti zamanı şanlı Zəfər yolumuzun tarixi faktları barədə tələbələrə geniş məlumat verərək, bu tarixin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 44 gündə qazanılmış Zəfərin nəinki respublikada, bütün dünyada uzun illər danışılacağı, Hərbi Qənimətlər Parkının da bu təbliğatda böyük rol oynadığı diqqətə çatdırılıb.

Ziyarətlər zamanı qürur dolu anlar yaşanıb.