Avropa çempionu Əli Əliyevlə görüş keçirilib

27 Noyabr 2021 03:38 (UTC+04:00)

Gənclər və İdman, Təhsil nazirlikləri və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə həyata keçirdiyi “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Masallı rayonunda yunan-Roma güləşi üzrə SSRİ və Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi Əli Əliyevlə görüş keçirilib.

SİA xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl şəhərdəki Qəhrəmanlar Parkındakı “Şəhidlər” abidə-kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Şəhid Zahir Nəcəfov adına Ərkivan qəsəbə 2 nömrəli tam orta məktəbində təşkil olunan görüşə məktəbin müəllim və şagirdləri ilə yanaşı, rayon gənclər və idman idarəsinin əməkdaşları, idmançılar, media nümayəndələri qatılıblar.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tanınmış idmançı Əli Əliyevin beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olunub.

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxışında ölkəmizdə idmana göstərilən dövlət qayğısından geniş söz açaraq, “Çempionumuz” sosial idman layihəsinin gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğində, o cümlədən nailiyyət qazanmış idmançılarla tanışlıq, idman sahəsində maarifləndirmə işlərinin genişləndirilməsində xüsusi önəm kəsb etdiyini vurğulayıb.

Beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi Əli Əliyev şagirdlərə peşəkar idmançı olmağın sirlərindən, idmanın insan sağlamlığındakı rolundan, bu sahədə qazandığı təcrübədən, keçdiyi həyat yolu, üzləşdiyi çətinliklər və əldə etdiyi nailiyyətlər barədə danışıb, ölkəmizin cənub bölgəsinin güləş rəmzinə, pəhləvanlıq etalonuna dönmüş unudulmaz məşqçisi Nadir Ağayevi xoş xatirələrlə yada salıb.

Ə.Əliyev məktəbliləri maraqlandıran sualları cavablandırıb, onlara tövsiyələrini verib.

Görüşdə çıxış edən Masallıda nəşr olunan “Yeni həyat” qəzetinin əməkdaşı, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev, “Asiya.az” xəbər portalının rəhbəri Cəfər Cəfərov, Əməkdar məşqçi Səyədulla Əkbərov, məktəbin müəllimləri Ədalət Cahangirov, Yadigar Cəlalov 19 yaşında Avropa çempionu tituluna sahiblənən Əli Əliyev haqqında xoş təəssüratlarını bölüşüb, onun keçdiyi şərəfli idman yolundan danışıblar.

Tədbirin sonunda tanınmış idmançı Əli Əliyev ustad məşqçisi Nadir Ağayev haqqında yazıçı-publisist Akif Ağayevin qələmə aldığı “Pəhləvanın salnaməsi” kitabını imzalayaraq məktəblilərə təqdim edib.