Şəhidlərin xatirəsinə həsr olunmuş sərgi

27 Noyabr 2021 00:18 (UTC+04:00)

Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Zəfər yolunun çıraqları” adlı sərgi və mühazirə təşkil edilib.

SİA xəbər verir ki, sərgidə Beyləqan şəhidləri İbrahim Əsgərovun, Hikmət Abbaslının, Elvin İsmayılovun, Nurlan Allahverdiyevin, Qara Nəsirovun, Nicat Məmmədovun, Şahin Hüseynlinin və Zaur Əsədzadənin fotoşəkilləri, hərbi və mülki geyimləri, şəxsi əşyaları nümayiş olunub.

Şəhid ailələrinin, qazilərin və məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi yad edilib.

Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mehriban İsgəndərova, bələdçilər Alimə Namazova və Kəklik Qarahüseynli, Mədəniyyət Mərkəzinin əməkdaşı Elnur Qaradağlı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun imza atdığı tarixi Qələbədən danışıb, sərgisi təşkil olunmuş Vətən müharibəsinin qəhrəman döyüşçüləri haqqında geniş məlumat veriblər.

Çıxışlarda şəhidlərin ruhuna göstərilən ehtiramdan söhbət açılıb, onların fədakarlıqlarının unudulmayacağı söylənilib. Şəhid ailələri isə övladları ilə bağlı xatirələrini bölüşüblər.

Məktəblilər şəhid analarının əllərindən öpərək, onlara yazdıqları məktubları təqdim edib, şəhidlərə, Vətənə aid şeirlər səsləndiriblər. Vətən müharibəsi qaziləri döyüş xatirələrindən, Azərbaycan hərbçilərinin göstərdikləri şücaətdən danışıblar.

Tədbir iştirakçıları şəhidlərimizin xatirələri ilə yaxından tanış olub, onlar haqqında daha dərin məlumatlar əldə ediblər. Sərgi xüsusilə məktəblilər üçün böyük maraq yaradıb.