Lirənin ucuzlaşması nələrə səbəb olacaq? - ŞƏRH EDİLDİ

26 Noyabr 2021 16:08 (UTC+04:00)

“Öncədən proqnozlaşdırıldığı kimi lirənin dollara nisbətən məzənnəsində yeni azalmalar müşahidə edilməkdədir. Ümumiyyətlə, dünya bazarında dolların digər valyutalara nisbətən məzənnəsi möhkəmlənir və təbii ki, qonşu Türkiyə lirəsi də son dövrlər dəyər itirir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Türkiyə lirəsinin də dəyər itirməsinin həm iqtisadi, həm də siyasi səbəbləri var: “Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Qeyri-neft sektorunda Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşımızdır. Bütövlükdə İtaliyadan sonra ikinci ən böyük tərəfdaşdır. Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,5 milyard dollardır. Qeyri-neft sektorunun isə təxminən 700 milyon dollarlıq bir ticarət dövriyyəmiz var. Amma, hələlik lirənin məzənnəsinin dəyişməsi Azərbaycan iqtisadiyyatına xüsusi təsir göstərməyəcək. Çünki, bir tərəfdən nəzərə alsaq ki, Azərbaycanın Türkiyə ixracatının əhəmiyyətli hissəsini enerji məhsulları təşkil edir və enerji məhsullarının da qiymətləri dünya birjasında müəyyənləşir. O baxımdan lirənin məzənnəsi xüsusi təsirlərə malik deyil”.

Vüqar Bayramov sözlərinə belə davam edib: “Eyni zamanda, Azərbaycanın Türkiyə investisiyası da daha çox enerji sektorunadır. Bu baxımdan da təbii ki, milli valyutanın məzənnəsinin təsirləri minimumdur. Qeyri-neft ixracatında da strateji məhsullara üstünlük veririk. Amma, ümumiyyətlə, lirənin məzənnəsinin aşağı düşməsi Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Türkiyə ilə yəni, Türkiyə iqtisadiyyatı baxımından arzuolunan deyil”.

“Eyni zamanda, bu Türkiyədə həm də inflyasiyanın yaranmasına gətirib çıxarır. Türkiyədə lirənin ucuzlaşması fonunda istehlak bazarında da qiymət artımları müşahidə olunur. O baxımdan və digər tərəfdən isə qonşu ölkələrin təbii ki, Azərbaycanın da valyuta bazarına psixoloji təsirlər edir. O baxımdan təbii ki, lirənin məzənnəsinin aşağı düşməsi heç bir halda arzuolunan deyil. Amma, Azərbaycan üçün xüsusi iqtisadi təsirlər olmayacaq. Hazırda valyuta bazarımıza psixoloji təsirləri var. Amma, manatın məzənnəsi də yenə də birbaşa Mərkəzi Bankın qərarından asılı olaraq müəyyənləşəcək”.

Ayşən Vəli