“Paşinyan təhlükəli oyun oynayır və sərsəm bəyanatlar verir” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

26 Noyabr 2021 15:19 (UTC+04:00)

“Əlbəttə ki, Paşinyanın verdiyi açıqlamalar, bəyanatlar, sayıqlamalar təbiidir, çünki bu Ermənistanın siyasi, hərbi rəhbərlərinin bir xarakteridir, onların adətidir. Bu rəhbərlər uzun illərdir tam sərbəst, müstəqil siyasət yürüdə bilməyiblər və öz ağılları ilə, öz dərrakələri ilə rəhbər işləməyiblər və ona görə də başqalarının fikirlərini ifadə ediblər, bu fikirlər də daimi olaraq dolaşıq, təzadlı olub, yalana, böhtana, riyaya söykənib.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Paşinyanın verdiyi bəyanatlar da bu qəbildəndir, çünki, üçtərəfli bəyanatda açıq-aydın ifadə olunur ki, komunikasiya xətləri açılmalıdır, maneəsiz hərəkət təmin edilməlidir.

“Komunikasiyaların açılması əlbəttə ki, nəqliyyat sisteminə, teleqraf, indormasiya kimi digər sistemlərə də aiddir və Paşinyan ola bilsin ki, bu terminləri yaxşı anlamır, yaxşı başa düşmür. Əslində, yaxşı başa düşür, ancaq o öz havadarlarından tapşırıqlar aldığına görə belə sərsəm bəyənatlar verir. Çünki, o dəhlizin açılmasında Fransa maraqlı deyil, Ermənistanı dəstəkləyən ölkələr maraqlı deyillər və sözsüz ki, Paşinyan da bu dövlətlərin təsirində olan, onların tapşırıqlarını yerinə yetirən, çətin gündə onlara arxalanan, onları özlərinə bir arxa hesab edən rəhbər kimi, noyabrın 26-da görüşə gedir və bu görüşdən əvvəl belə sərsəm bəyanatlar verir. Ancaq bu qəbul edilən deyil, çünki 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatda maddələr əks olunub və bu maddələrin yerinə yetirilməsi, Zəngəzur dəhlizinin açılmasını reallığa çevirir və bunu məcburi bir fakt kimi qarşıya qoyur.

Əlbəttə, çox haqlı olaraq səsləndirilir ki, əgər biz Laçın dəhlizindən Azərbaycanda yaşayan ermənilərə, erməni icmasına müəyyən imkan, şərait yaradırıqsa, bizim Naxçıvanda çoxsaylı vətəndaşlarımız dəhlizdən məhrum olunmuş halda niyə yaşamalıdırlar? Onlar üçün niyə Zəngəzurdan dəhliz olmasın? Niyə onlarla biz əlaqə saxlamayaq? Belə çıxır ki, Qarabağda 25 minə yaxın erməni yaşayır ki, onlar tam Ermənistanla sərbəst əlaqə saxlaya bilərlər, ancaq Naxçıvanda 100 minlərlə Azərbaycan vətəndaşı, bizim vətəndaşlarımız var və onlara yol, dəhliz verilməməlidir? Bu heç cür nə beynəlxalq normalara sığmır, nə də qəbul olunan bəyanatlara uyğun gəlmir.

Sözsüz ki, bu təxribatçı bəyanatların arxasında yenə də deyirəm, xarici təsirlər, xarici qüvvələr var, xarici qüvvələrin burada niyyətləri var. Çünki, onlar Ermənistanın başıboş rəhbərlərinin sayqısızlığından, süslüyündən, onların rəhbərə, dövlət başçısına yaraşmayan hərəkətlərindən, tərzlərindən istifadə edərək Ermənistanı əldə oynatmaq fikrindədirlər. Biz bu gün bir dövlət olaraq sülhün tərəfdarıyıq və cənab Prezident də öz çıxışlarında dəfələrlə xatırladıb ki, qalib olmağımıza baxmayaraq biz əməkdaşlığın, sülh şəraitində olan qonşuluğun tərəfindəyik və münaqişə aradan qaldırılıb, istəyirik ki, bu xalqlar xoşbəxt qonşuluq şəraitində yaşasınlar. Bunun da şərtləri var. Müəyyən qaydada dövlətimizin başçısı güzəştlər edir, müəyyən qaydada beynəlxalq təşkilatların o prinsiplərini, beynəlxalq normaları əldə rəhbər tutaraq, öz sülhsevərliyini, humanistliyini ortaya qoyur və istəyir ki, danışıqlar yolu ilə, sülh yolu ilə problemlər aradan qaldırılsın. Ancaq ölkəmizin başçısı bildirib ki, üçtərəfli bəyanatdan irəli gələn tələblər, müddəalar yerinə yetirilməsə əlavə tədbirlər görmək məcburiyyəti yaranır.

Şübhəsiz ki, silahlı qruplaşmalar tezliklə Azərbaycandan çıxmalıdır, Zəngəzur dəhlizinin açılması reallaşdırılmalıdır, Ermənistan sülh müqaviləsinə qol çəkməlidir, sərhədlər tam dəqiqləşdirilməlidir və bundan sonra Ermənistanla qarşılıqlı əlaqələr qurula bilər. Bu həm də Ermənistanın, erməni xalqının xeyrinədir. Ancaq Paşinyan, yenə də deyirəm oyun oynayır, özü də çox təhlükəli bir oyun oynayır, öz yalançı havadarlarının kələyinə uyub fitnəkar bəyanatlar verir, yalan ifadələr səsləndirir.

Noyabrın 26-da Soçidə dövlət rəhbərlərinin görüşü gözlənilir. Sözsüz ki, burada məsələlər tam həllini tapmalıdır və şərtlər var ki, o şərtlərin tez bir zamanda yerinə yetirilməsi barədə qərar qəbul olunmalıdır. Əks təqdirdə Azərbaycan Prezidentinin dediyi kimi, dəmir yumruq yerindədir, Azərbaycan Ordusu öz yerindədir, Azərbaycan xalqının istəyi, məqsədi aydındır. Azərbaycan sərhədləri tam dəqiqləşdirilməli və Azərbaycanda yaşayan erməni icmasının üzvləri Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycanın qanunları ilə yaşamalıdırlar. Hər bir silahlı şəxs Azərbaycandan xaric olunmalı, Azərbaycan ərazisini tərk etməlidir. Mən elə bilirəm ki, ölkəmizin başçısının qətiyyəti, inamlı çıxışları, tutduğu mövqe sülhün, əmin-amanlığın təmin olunmasına real imkan yaradır”, deyə Tahir Rzayev bildirib.