Keçiriləcək xüsusi qabiliyyət imtahanlarına dair müzakirə aparılıb

26 Noyabr 2021 15:11 (UTC+04:00)

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarına dair işçi qrupun növbəti iclası keçirilib. Dövlət İmtahan Mərkəzindən SİA-ya bildirilib ki, iclasda təsviri sənət istiqamətinə aid ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri iştirak edib.

Müzakirələrdə ötən qəbul ilində abituriyentlərin təsviri sənət istiqaməti üzrə yerinə yetirdikləri tapşırıqlar müzakirə olunub.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar haqqında ümumi məlumatlar “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində nəşr ediləcək. DİM qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün Mərkəzin nəşrlərini və saytını izləməyi tövsiyə edir.