Dünyanın hər yerində onu tanıyan var - JURNALİST MÖVQE BİLDİRDİ

26 Noyabr 2021 13:12 (UTC+04:00)

"Ümumiyyətlə, beynəlxalq forumlar, konfranslar, tədbirlər, toplantılar, əlbəttə ki, Azərbaycan cəmiyyətinin, dövlətinin tam xeyrinədir. Beynəlxalq tədbirlər niyə keçirilir? Ona görə ki, həmin ölkəni bütün dünya tanısın. Həmin ölkə haqqında geniş bilgiyə malik olsun. Bu il cənab Prezidentin sərəncamı ilə Nizami Gəncəvi ili elan olunub. Nizami Gəncəviyə aid silsilə tədbirlər keçirilir. Nizami Gəncəvi dünya dahisidir. Biz fəxr edirik ki, o azərbaycanlıdır. Biz onu bütün dünyaya təqdim etməliyik ki, dünya görsün ki, bizim xalqımızın Nizami Gəncəvi kimi bir yetirməsi olub. Yəni bizim xalqımızın obrazı Nizami Gəncəvi düşüncəsində, yazısında öz əksini tapıb". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

O, qeyd edib ki, elə Nizami Gəncəvini oxumaq şərqi tanımaq deməkdir, xüsusən də, Azərbaycanı tanımaq deməkdir. Nizami Gəncəvi Gəncədə anadan olub və oradan heç yerə getməyib. Belə olan halda bütün dünya barəsində yazmaq və əbədi olaraq ad qazanmaq çox böyük bir hadisədir. Biz bunu dünyaya göstərməliyik.

Bu barədə Ceyhun Musaoğlu fikirlərini belə izah edib: "Beynəlxalq konfransda maraqlı mövzular olur, sessiyalar olur. Orada Nizami Gəncəvinin tanıdılması, ədəbiyyatın, sənətin tanıdılması və ölkənin tanıdılması üçün geniş imkanlar açılır. Gələn xarici qonaqlar, yazıçılar, nobel mükafatçıları, siyasətçilər, politoloqlar, ədəbiyyat adamlarıdır. Bura gələn ədəbiyyat və sənət adamları ölkəmizdəki ədəbiyyat və sənət adamları ilə əməkdaşlığa girirlər. Sənətin inkişafına böyük töhfələr vermək üçün geniş imkanlar yaranır. Bu mənada belə forumların keçirilməsi çox vacibdir. Bu bizim ölkəmizə böyük dividentlər gətirir. Nizami Gəncəvi elə bir dahidir ki, dünyanın hər yerində onu tanıyan var. Tanımayan adama da onu tanıtdıqda həmin insanı heyrət bürüyür. 12-ci əsrdə yaşayasan bütün dünyaya töhfə verəcək əsərlər yazasan. Bun görə Azərbaycan bu tədbiri keçirdiyinə görə təbrik olunmalıdır".