Proses yubandıqca separatçı quldurların dilləri daha çox uzanmağa başlayır ŞƏRH+AKTUAL

26 Noyabr 2021 09:42 (UTC+04:00)

Rövşən Rəsulov: “...Şuşanın azad edildiyi ərəfələrdə Xankəndidə 7 nəfərin qaldığını deməsi reallıqda onun “xalqının” nə qədər “qəhrəman” olduğunu bir daha göstərir”

Separatçıların qondarma “xarici işlər naziri” David Babayan yenə də ağlına gələni danışıb. “Hesab edirəm ki, demarkasiya və delimitasiya prosesi bir-iki ay deyil, bir neçə il çəkəcək. Hər halda, bu, heç bir şəkildə Artsaxın statusuna təsir edə bilməz və “artsaxın” (dırnaqlar müəllifindir) statusu bu fərqlə tənzimlənməməlidir. Sovet hakimiyyəti illərində Ermənistanla Azərbaycan arasında sərhəd var idi, lakin bu, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna heç bir şəkildə təsir etmədi.

İstənilən vəziyyətdə Azərbaycan daxilində heç bir status qəbul etməyəcəyik. Bunu dəfələrlə bəyan etməkdən və dönə-dönə təkrarlamaqdan yorulmayacağam, biz heç kimlə, nə xarici dünya ilə, nə də öz xalqımızla oyun oynamırıq, bu, Artsaxın, həm hakimiyyətin, həm də cəmiyyətin kollektiv fikridir. Biz heç vaxt ərazilərimizdən - Şuşadan, Kəlbəcərdən, Hadrutdan və s. əl çəkməyəcəyik. Onları yenidən işğaldan azad edəcəyik.

Heç kim bizə belə bir qərarı (delimitasiya və demarkasiya haqqında sənəd imzalamaqla, Azərbaycanın bir hissəsi olmaq) qəbul etdirə bilməz, əks halda, iki yol olacaq: ya yeni genişmiqyaslı müharibə, qan, ya da “artsax xalqı” (dırnaqlar müəllifindir) “xalq olaraq artsaxdan” ayrılacaq. Təəssüf ki, Azərbaycan öz iradəsini tətbiq etməyə çalışır, amma siz də “artsax xalqının” iradəsini bilirsiniz, biz bunu qəbul etməyəcəyik, başımıza nə gəlsə də, bu vəziyyətdən çıxacağıq”.

Qeyd edək ki, “Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitri Steşin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində hazırladığı reportajda bildirib ki, ötən ilin noyabrında 44 günlük müharibə nəticəsində Azərbaycan ordusu Şuşanı azad edəndə və rus sülhməramlıları bölgəyə daxil olanda Xankəndidə cəmi 7 nəfər qalmışdı. “Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitri Steşin bildirib ki, bunu ona müsahibəsində özünü “artsaxın xarici işlər naziri” adlandıran David Babayan deyib. Babayan rusiyalı jurnalistə deyib ki, keçən ilin noyabrında müharibədən əvvəl 60 min insanın yaşadığı Xankəndidə cəmi 7 nəfər qalıb. Onun sözlərinə görə, bu 7 nəfər qondarma “prezident” Araik Arutyunyan və onun mühafizəçiləri, həmçinin Babayanın özündən ibarət olub...

Babayan bir il əvvəl rusiyalı jurnalistə verdiyi açıqlamanı belə tez unudaraq yekə-yekə danışmağa başlayıb.

“Babayan birdəfəlik və qəti olaraq anlamalıdır ki...”

Siyasi şərhçi Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu, boş və mənasız bir açıqlamadır və separatçılar sülhməramlılara güvənərək bu cür atılıb-düşürlər. 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı qələbəni hələ də həzm etmək istəməyən separatçıların gec-tez tərksilah ediləcəyini deyən ekspert hesab edir ki, Babayan özünü göstərmək istəyir. “Bu gün Qarabağda, Rusiya sülhməramlıları kontingentinin nəzarəti altındakı ərazilərdə oturmaqla boş-boş çərənləyən separatçı quldurların “bəyanatları” yalnız daxili publikaya hesablanmış variantlardır. O cümlədən, “status” məsələsi ilə bağlı başlarından böyük sərsəmləmələr edən rejim başbilənləri bilməlidirlər ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatar-çatmaz Xankəndi və ətraf ərazilər avtomatik olaraq Azərbaycanın yuridiksiyası altına keçəcək. Özü də həmin proses sürətlə aparılacaq, çünki Bakının bundan sonrakı müddətdə də nəyisə gözləməyə səbri qalmayıb və burada yenidən üçtərəfli bəyanatdakı şərtləri xatırlatmaq olar. Xüsusilə, bəyanatın 4-cü bəndini ki, Qarabağda, ümumiyyətlə, erməni silahlıları və digər qanunsuz strukturları qalmamalı, onlar dərhal, qeyd-şərtsiz Azərbaycanın ərazilərini tərk etməlidirlər. Təəssüf ki, digər məlum bəndlərdə olduğu kimi, bu bənddəki şərtlər də icra olunmamış qalır və göründüyü kimi, proses yubandıqca separatçı quldurların dilləri daha çox uzanmağa başlayır. Məhz David Babayanın başından böyük sərsəmləmələri də bu qəbildəndir. Onun sovet dövründəki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu barədə danışması isə, əslində, savadsızlığının, başıpozuqluğunun bəlli sübutudur”.

Rövşən Rəsulovun sözlərinə görə, həmin vaxtın siyasi quruluşu başqa idi və bu gün Azərbaycan müstəqil dövlətdir, eləcə də öz suveren ərazilərinin bərpasını həyata keçirir: “Babayanın danışdıqları isə yumşaq desək, axmaqlıqdır. Əgər bu gün o iddia edirsə ki, “artsax” adlı qurum var və qurum “artsax” adlı qondarma xalqı idarə edir, demək ki, başından böyük qələtlərə yol verir. Və Babayan dərk etməyə məhkumdur ki, onun öz təbirincə desək, istəyirsə dönə-dönə, istəyirsə fırlana-fırlana düşüncələrinin “kollektiv fikir” olduğunu iddia etməsi ümumi qəbul olunmuş üçtərəfli bəyanat prinsiplərini əsla dəyişmir və dəyişə də bilməz. Və əgər bu qudurğan məxluq “artsax xalqının qəhrəmanlığından, iradəsindən” dəm vurursa, demək ki, özü-öz sözlərini təkzib etmiş olur. Bugünlərdə Rusiya mətbuatına verdiyi müsahibəsində Azərbaycanın 44 günlük müharibənin sonlarına yaxın, əsasən də Şuşanın azad edildiyi ərəfələrdə Xankəndidə 7 nəfərin qaldığını deməsi, reallıqda onun “xalqının” nə qədər “qəhrəman” olduğunu bir daha göstərir. Dabanlarına tüpürüb qaçanları zorən “qəhrəman xalq” kimi sırımağa çalışan Babayan birdəfəlik və qəti olaraq anlamalıdır ki, bu gün onun iddia etdiyi “müharibə yoluna” ehtiyac da yoxdur, şanlı Azərbaycan Silahlı Qüvvələri kiçik bir antiterror əməliyyatı keçirməklə oradakı separat tör-töküntülərini bir neçə saata məhv edər, buna şübhə də yoxdur. Elə onun özü də bunu yaxşı bilir. Bilirsiniz, bu məqamda yadıma bir atalar misalı düşdü. İtdən soruşanda ki, niyə hürürsən, deyir qorxuduram, soruşanda ki, bəs niyə quyruğunu bulayırsan, deyir qorxuram. İndi bu separatçı gəda həmin itlərdəndir ki, vaxtı çatan kimi zənciri taxılıb it damına göndəriləcək, əlbəttə ki, dabanına tüpürüb İrəvana qaçmağa macal tapmazsa”, deyə Rövşən Rəsulov qeyd etdi.

İradə SARIYEVA