Qəbələdə “Qələbə” tamaşası nümayiş etdirilib

26 Noyabr 2021 03:09 (UTC+04:00)

Noyabrın 25-də Qəbələ Rayon Mədəniyyət Mərkəzinin səhnəsində İsmayıl bəy Qutqaşınlı adına Xalq Teatrı kollektivinin hazırladığı Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunmuş tamaşa nümayiş etdirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tamaşada şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilər iştirak ediblər. Tamaşanın ssenari müəllifi Nargilə Rəhman, səhnə quruluşçusu Nihad Cəlilzadədir. Şanlı Qələbəyə həsr olunan səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşanın nümayişindən sonra rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən söz açıb, mədəniyyət müəssisələrində vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Rayon icra hakimiyyətinin rəsmisi yüksək peşəkarlıqla hazırlanan tamaşaya görə Xalq Teatrının üzvlərinə minnətdarlığını bildirib.