Azərbaycan səfiri Ketrin Bombergerlə görüşüb

26 Noyabr 2021 01:13 (UTC+04:00)

Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov itkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) qərargahında qurumun Baş direktoru Ketrin Bombergerlə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə K.Bomberger komissiyanın fəaliyyətindən danışaraq, Balkan yarımadasında müharibə zamanı, xüsusən də Bosniya və Herseqovinada qətlə yetirilmiş şəxslərin bir qisminin identifikasiyasında fəal iştirak etdiklərini və müsbət nəticələr əldə olunduğunu bildirib. Komissiyanın Baş direktor Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirib.

Səfir Fikrət Axundov 1-ci Qarabağ müharibəsi zamanı 4000 azərbaycanlı itkin haqqında məlumat verərək, uzun müddətdir ölkəmizin Qırmızı Xaç Təşkilati ilə əməkdaşlığına baxmayaraq, bu şəxslərin taleyi barədə məlumat olmadığını diqqətə çatdırıb. Ermənistandan fərqli olaraq hərbi əməliyyatların Azərbaycan ərazisində baş verməsi, 1990-1993-cü illərdə münaqişə nəticəsində Azərbaycanın 20 faiz ərazisinin işğal olunması, mülki əhalinin qırğına məruz qalması, Xocalı soyqırımı nəticəsində bir gecədə 613 şəxsin qətlə yetirilməsi, bir çoxunun əsir düşməsi barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın bu şəxslərlə bağlı məlumat verməkdən boyun qaçırdığını bildirib. Diqqətə çatdırıb ki, erməni separatçıları dinc əhaliyə qarşı bir çox cinayətlər törətmiş və əməllərini ört-basdır etmək üçün onların cəsədlərinin qalıqlarını başqa yerlərdə basdırmışdır.

Səfir vurğulayıb ki, Azərbaycanın 2020-ci ilin noyabrında 30 ildən sonra öz ərazilərini azad etməsi ilə bitən münaqişədən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycan məcburi köçkünləri bu günədək öz doğma evlərinə qayıda bilmir. Bunun əsas səbəbi bu ərazilərin ermənilər tərəfindən minalanmasıdır və mina xəritələrinin Azərbaycan tərəfinə verməkdən boyun qaçırmasıdır.

K. Bomberger İCMP-in vaxtilə münaqişə olmuş və hazırda münaqişə davam edən ölkələrdə (İraq, Suriya və s.), eləcə də təbii fəlakətlər zamanı itkin düşmüş şəxslərlə bağlı iş apardıqlarını və bununla bağlı laboratoriyanın fəaliyyət göstərdiyini qeyd edib. Baş direktor səfirə həmin laboratoriyanı göstərərək orada saxlanılan insan qalıqlarındakı qan nümunələri üzrə DNT bazasının yaradıldığını, itkin düşmüş şəxslərin 3-4 qohumundan müvafiq nümunələrin götürüldüyünü və burada qorunduğunu bildirib.

Azərbaycan səfiri qan nümunələri üzərində çalışan mütəxəssislərin işi ilə tanış olmuşdur.

Görüşün sonunda İCMP-in Baş direktoruna “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.