"COVID-19"-la mübarizədə vaksinasiya vacibdir ŞƏRH

25 Noyabr 2021 16:44 (UTC+04:00)

Artıq iki ilə yaxındır ki, Azərbaycanda yeni növ koronavirus "COVID-19" pandemiyası ilə mübarizə davam edir. Yeni növ koronavirus "COVID-19" pandemiyası bəşəriyyəti narahat edən məsələ olaraq təəssüflə bildirək ki, hələ də qalır və bütün dünya bu pandemiya ilə mübarizəyə silahlanıb. Amma bütün cəhdlərə baxmayaraq, hələ də dünyada virusdan əziyyət çəkən insanların sayı ürəkaçan deyil. Dünyanın bir parçası olan Azərbaycanda artıq bir neçə aydan sonra iki il olacaq ki, "COVID-19" pandemiyası baş qaldırıb. Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən tədbirlər virusu minuma endirmək məqsədi daşısa da, hələ də bu virusa tam qalib gələ bilməmişik. Təbii ki, hər an bu xəstəliyə yoluxa biləcəyimizi düşünməliyik və bunun üçün istənilən yerdə tələb olunan əməllərə riayət etməyimiz vacib məsələdir. İlk günlərdən dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı pandemiyaya qarşı mübarizədə hər kəsi həmrəy olmağa səslədi və hər bir insanın tələb olunan qaydalara əməl etməsi onun vətəndaşlıq məsuliyyətidir. Əlbəttə ki, Azərbaycanda epidemiya daim nəzarət altındadır. Dövlətimiz tərəfindən mütəmadi olaraq reallaşan tədbirlər öz bəhrəsini verir. Ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiq edildi. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Ölkəmizdə pandemiya ilə mübarizə üçün zəruri infrastruktur yaradılması, bütün texniki-təşkilati məsələlər uğurla həllini tapmış oldu.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı videoformatda çıxışı zamanı bildirdiyi kimi, "COVID-19 pandemiyası bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam edir. Hökumətimiz ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir".

Təbii ki, COVID-19-la mübarizədə qalib gəlmək üçün virus əleyhinə peyvəndlənmə vacibdir. Bildiyimiz kimi, vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Bu baxımdan, ölkəmizdə koronavirus əleyhinə peyvəndləmə prosesi uğurla davam etməkdədir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 363 min 317, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 59 min 543, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 538 min 992 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 764 min 782 nəfər təşkil edir. Mütəxəssislərin qənaətinə görə, "Buster" dozanın əsas məqsədi orqanizmdə koronavirus əleyhinə yaranmış anticisim sintezini sürətləndirməkdir. Qüvvətləndirici doza qanda anticisimlərin yüksək səviyyədə qalmasına təminat verir. "Buster" doza xüsusilə xəstələnən zaman xəstəni kəskin ağırlaşmalardan qoruyur. Ona görə də risk qrupuna daxil olan vətəndaşların koronavirus əleyhinə "Buster" doza vurdurması mütəxəssislər tərəfindən tövsiyə edilir.

Qeyd edək ki, Azərbaycanda "COVID-19" infeksiyası əleyhinə "CoronoVac", "AstraZeneca", "Sputnik V" və "Pfizer/Biontech" peyvəndlərindən istifadə edilir. Azərbaycana hazırkı dövrə qədər ümumilikdə təkcə 319 min 410 doza "Pfizer/Biontech" vaksini idxal edilib. Hazırda ehtiyatda 162 min 450 doza "Pfizer/Biontech" vaksini var.

Bu rəqəmlər onu göstərir ki, ölkədə vaksinasiya prosesində aktivlik müşahidə olunur. Yeni növ koronavirus COVID-19 pandemiyası bəşəriyyəti narahat edən məsələ olaraq qalır. Koronavirusun dünyada vüsət almasnı nəzərə alaraq hər kəs daha da məsuliyyətli olmalıdır. Heç şübhəsiz ki, vaksinasiya olunaraq və gigiyenik qaydalara əməl etməklə bu bəladan qorunmaq mümkündür. Əlbəttə ki, peyvənd vurdurduqdan sonra belə özünümühafizə qaydalarına əməl etmək lazımdır. Tibbi maskadan və dezinfeksiya məhlullarından istifadə etmək, sosial məsafəni qorumaq vacib şərtdir.

Nəzakət ƏLƏDDİNQIZI