BÖYÜK ZƏFƏRDƏN BÖYÜK DİRÇƏLİŞ VƏ YÜKSƏLİŞƏ GEDƏN QURUCULUQ YOLU TƏHLİL

25 Noyabr 2021 16:36 (UTC+04:00)

Prezident İlham Əliyevin bir il öncəki Qələbə səfəri ilə Qarabağın və Şərqi Zəngəzurun yeni həyatının təməli qoyuldu

“Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”. Prezident İlham Əliyev bu sözləri 3 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi. Prezident İlham Əliyevin çıxışlarında bu məzmunlu ifadələr çoxdur. Çünki dövlət başçısının hər bir çıxışında, görüşlərində, müraciətlərində, təbriklərində torpaqlarımızın işğaldan azad olunması məsələsi prioritet idi. İlham Əliyev hər zaman bəyan edirdi ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə, güclü Azərbaycan Ordusu öz sözünü deyəcək. Artıq bu gün işğaldan azad edilmiş ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfərləri zamanı vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması işğaldan azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməllərinin qoyulması ilə yanaşı, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistanın kapitulyasiyası ilə nəticələnən Vətən müharibəsinin bitməsindən cəmi 6 gün sonra - 2020-ci il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıla ilk səfəri tariximizin möhtəşən zəfərimizdən sonrakı yeni dönüş anı idi. Qalib sərkərdənin bu Qələbə səfəri hərb gücünə əldə etdiyimiz böyük zəfərin təntənəsi, işğal dövrünün bitməsinin azad edilmiş torpaqlarımızdan dünyaya bəyan olunması idi.

Dirçəliş və yüksəliş gedən quruculuq yolu

Artıq qələbəmizdən bir il keçməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərimiz tikinti-quruculuq meydanlarına çevrilib. Bir il uzun müddət olmasa da, azad edilmiş ərazilər tamamilə dəyişib və quruculuq işləri sürətlə davam edir. Ötən dövrdə aparılan tikinti-quruculuq işlərinə nəzər salmaq kifayətdir. Belə ki, bu bir il ərzində Qarabağda 11 istiqamətli avtomobil yolu çəkilir, 3 hava limanı, 3 dəmiryolu tikilir, kommunikasiya stansiyaları qurulur və s. tədbirlər həyata keçirilir. Belə ki, “Zəfər” yolu azad olunmuş ərazilərdəki ən mühüm layihələrdən biri olmaqla Füzuli rayonundan Şuşa şəhərinə çəkilib və uzunluğu 101,5 kilometrdir. Bundan başqa, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Füzuli-Cəbrayıl-Zəngilan-Ağbənd, Horadiz-Zəngilan-Ağbənd dəmiryolları çəkilir, elektrik enerjisi, su təchizatı sistemləri yenidən qurulur. İşğaldan azad edilmiş Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanda yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanıb. Bundan başqa, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini keçirib. Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin bərpasının, Füzulinin Dövlətyarlı kəndində “ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin, Zəfər və İşğal muzeylərinin, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan “Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi” elektrik şəbəkəsinin təməli qoyulub. Nəzərə alaq ki, Qarabağın hava qapısı artıq hazırdır. Füzuli Beynəlxalq Hava Limanı beynəlxalq reysləri qəbul etmək imkanına malikdir. Eyni zamanda, azad edilmiş ərazilərdə 600 kilometrdən çox avtomobil yollarının salınması və təmiri həyata keçirilir. Həmin ərazilərdə çoxsahəli və genişmiqyaslı işlər aparılır. Digər tərəfdən, Zəngəzur dəhlizinin təməli qoyuldu.

Bir sözlə, məhz Qarabağda hava yolunun açılması, avtomobil yolu və dəmiryollarının inşası, habelə Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan müasir infrastruktura malik nəqliyyat qovşağına çevriləcək. Ümumiyyətlə, bu gün azad edilmiş ərazilərdə reallaşan bərpa və yenidənqurma işləri həm də gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün bir təməldir. Azərbaycan quruculuq işlərini davam etdirir. Bu istiqamətdə yeni layihələr, yeni planlar həyata keçirilir. İstər Şuşa şəhərində, istər digər rayon və şəhərlərdə genişmiqyaslı və intensiv işlər aparılır. Artıq Ağdam, Cəbrayıl, Füzulinin baş planları təsdiq edilib. Həmin şəhərlərin salınması, yenidənqurulması ilə bağlı işlər həyata keçirilir. Həmin ərazilərin bərpası fonunda ilin sonuna yaxın məskunlaşma prosesinin başlayacağını müşahidə edəcəyik.

Qələbə zəfərindən Böyük quruculuğa doğru

44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesinə start verilib. Prezident İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”-deyir. Və işğaldan azad olunmuş torpaqlara səfərləri və qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr məhz Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir! Artıq tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur, artıq Xarı bülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı bərpa olunub.

"Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 18 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev buna nail oldu. Bütün müharibələrdə olduğu kimi, İkinci Qarabağ müharibəsinin taleyini də strateji bir hədəf həll edirdi ki, bu da Şuşa idi. Məhz buna görə 44 günlük müharibədə çox böyük uzaqgörənlik nümayiş etdirən müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşən ordunun böyük hissəsini Şuşa istiqamətində səfərbər etdi. Şuşa qələbəsindən sonra azğın düşmən ağ bayraq qaldıraraq təslim oldu, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı, hələ azad olunmamış üç rayonla yanaşı, bir neçə kəndimizi boşaltmaq öhdəliyini üzərinə götürdü və Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə məcbur edildi.

Azərbaycan Prezidenti cəmi bir il ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb

Bu gün görülən işlər göz önündədir. Azərbaycan Prezidenti cəmi bir il ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb, genişmiqyaslı layihələr icra olunur. Şuşaya Zəfər yolu, Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, dini-tarixi abidələr bərpa olunur. İnfrastruktur layihələri icra olunur. Yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları salınır. Cəmi bir il öncə Vətən müharibəsi başlayanda Azərbaycan Prezidenti xarici KİV-ə verdiyi müsahibələrdə qətiyyətlə, inamla deyirdi ki, işğaldan azad edilmiş torpaqlar yenidən qurulacaq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Yeni-yeni infrastrukturlar yaradılacaq. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda siyasi münasibətlər sahəsində də müsbət meyillər güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq.

Bəli, bu gün Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir.

Bütün bunlar bir daha təsdiq edir ki, azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq. Bu ərazilərin reinteqrasiyası ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, iqtisadi artıma səbəb olacaq. Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərin, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaranacaq.

Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Dövlət başçısının söylədiyi kimi, son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur. Bu günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır. Bir sözlə, ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində çox qısa zamanda Qarabağın yenidən dirçələcəyinə, 2022-ci ildə də yeni-yeni uğurlara nail olacaq.

RƏFİQƏ KAMALQIZI