“Kəlbəcərin işğaldan azad edilməsi böyük tarixi uğurdur” POLİTOLOQUN ŞƏRHİ

25 Noyabr 2021 14:50 (UTC+04:00)

“Kəlbəcər kimi strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur”. Bu sözləri Kəlbəcərin işğaldan azad olunması ilə bağlı SİA-ya verdiyi açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Politoloq qeyd edib ki, 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın nəticəsi olaraq Kəlbəcər rayonu işğaldan azad olundu.

“Məlum olduğu kimi Kəlbəcər rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi. Lakin bu, 15 noyabrda reallaşmadı. Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək noyabrın 25-dək vaxt istədi. Azərbaycan tərəfi Rusiya tərəfindən çatdırılan bu xahişi qəbul etdi. Beləliklə, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu 25 noyabrın ilk dəqiqəsindən Kəlbəcərə daxil oldu. Bununla da 27 ildən artıq davam edən işğal başa çatdı.

Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı ki, bu da olduqca böyük uğurdur və tarixi bir hadisədir. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Fürsətdən istifadə edərək bütün Kəlbəcərliləri və xalqımızı bu tarixi gün münasibətilə təbrik edirəm.

Kəlbəcərin işğal tarixinə baxsaq görərik ki, rayon “Dağlıq Qarabağ” müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi. 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qalmışdı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3700 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi. Ermənistan silahlı qüvvələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq 1993-cü il aprelin 2-də oranı işğal etdilər. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanmışdı.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə ənənəvi olaraq ikili siyasət yürütməkdə davam edərək Ermənistandan onun icrasını tələb etmədi. Bununla da 27 ildən artıq müddətdə BMT qətanmələri kağız üzərində qaldı. Nəhayət Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən savaşında Azərbaycan Ordusu Ermənistan ordusunu diz çökdürdü və bununla həm də faktiki olaraq BMT qətnaməsinin tələbini reallaşdırmış oldu.

Ermənistanla böyük sərhəddə malik olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır. İşğal zamanı ermənilər məhz belə bir strateji üstünlük əldə etdikdən sonra çox keçmədi ki, qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal etdilər. Odur ki, Kəlbəcər kimi belə bir strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur. Cənab Prezident də öz çıxışlarında Kəlbəcərin strateji əhəmiyyəti haqqında danışarkən bildirmişdi ki, Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Bu mənada Ali Baş Komandanın fikirləri Kəlbəcərin strateji əhəmiyyəti haqqında doğlğun təsəvvür yaratmağa tam imkan verir: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.

Kəlbəcər Azərbaycan iqtisadiyyatına çox böyük gəlirlər vermək imkanlarına malikdir. Kəlbəcərin azad olunmasından cəmi 1 il keçib, artıq rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində çox ciddi layihələr gerçkləşdirilib və sürətli iş gedir. Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə oldular. Cənab Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verildi. 16 avqustda dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin təməli qoyuldu. Beləliklə, Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Tunelin müəyyən hissəsi qısa müddətdə açılıb və hazırda sürətli iş gedir. Prezidentin səfərində 110/35/10 kilovoltluq ”Kəlbəcər" yarımstansiyasının açılışı edilib. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin də təməli qoyulub. Bütün bunlara və gələcəkdə də görüləcək işlərin miqyasına baxdıqda tam əminliklə söyləmək olar ki, tezliklə Kəlbəcər də tam inkişaf etmiş rayonlarımızdan birinə çevriləcək.

Heç şübhəsiz ki, bu gün haqqında danışarkən torpaqlarımızın işğaldan azad edilməsində canlarını fəda etmiş şəhidlərimizi və qəhrəman əsgər və zabitlərimizi də yad etməliyik. Məhz onların fədakarlığı və qətiyyətinin nəticəsidir ki, bu gün 30 ilə yaxın dövr ərzində düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad edilib. Təbii olaraq dövlətimiz də onların bu fədakarlıqlarını unutmur. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, deyə politoloq Yusif Bağırzadə bildirib.