YAP Nərimanov rayon təşkilatı qazilərlə görüş keçirib - FOTOLAR

25 Noyabr 2021 13:13 (UTC+04:00)

YAP Nərimanov rayon təşkilatı, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının rəhbərliyi ilə birlikdə I ZƏFƏR kubokunun iştirakçıları olmuş Vətən müharibəsinin qaziləri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görüşdə YAP Nərimanov rayon təşkilatının sədri qonaqları salamlayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Samir Vəliyev şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Daha sonra Nərimanov rayon Gənclər İdman idarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Nübar Məlikova, birinci vitse-prezidenti Asəf Məlikov Vətən müharibəsi qazilərinin keçdikləri şərəfli yoldan danışaraq, "Döyüş meydanından idman arenasına" çağırışına səs vermiş qazilərimizin bundan sonra da Azərbaycanı layiqincə təmsil etmək, bayrağını yüksəkliklərə qaldırmaq əzmində olduqlarını, "Döyüş medalından Paralimpiya medalına" doğru bir yola çıxdıqlarını və Paris 2024 Paralimpiya Oyunlarına hazırlaşdıqlarını qeyd edib.

Görüş “Vətən Müharibəsi” qazilərinin sual və təkliflərinin dinlənməsi ilə davam edib. Sonda müharibə iştirakçıları cənab prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın göstərdiyi diqqətə görə minnətdarlığını bildiriblər.