Gəncəvi irsi indi də aktual məsələlərdəndir - MÜNASİBƏT BİLDİRİLDİ

25 Noyabr 2021 12:21 (UTC+04:00)

“Bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Bakıda Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş Nizami Gəncəvi Beynəlxalq Forum başlayıb: “Bu forumda dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsi ilə bağlı, dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı müzakirələr aparılacaq, çıxışlar ediləcəkdir.

Nizami Gəncəvi Beynəlxalq Forumunda bir çox ölkənin alimləri, ekspertləri, həmçinin dövlət rəsmiləri, ali təhsil müəsisələrinin rəhbərləri çıxışlar edəcək. Qeyd etmək istərdim ki, Nizami Gəncəvi əsrlər öncə yaşayıb fəaliyyət göstərsə də bütünlükdə Gəncəvi irsi indi də aktual məsələlərdəndir. Onun əsərləri dünya ədəbiyyatına önəmli töhfələr vermiş və dünya mədəniyyətində önəmli yerə sahibdir. Belə forumların keçirilməsi Azərbaycanda sənətə, ədəbiyyata, mədəniyyətə verilən qiymətin nə qədər yüksək olduğunu göstərir və dünya ictimaiyyətinin diqqətinə çatdırır ki, belə forumlar Azərbaycan xalqının mədəni xalq kimi tanınmağına müsbət təsir göstərəcək”.