Daha 51 dövlət əmlakı özəlləşdirilib

25 Noyabr 2021 11:56 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti dəfə keçirilən hərracda özəlləşən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 50-si isə nəqliyyat vasitəsi olub. Xidmətdən SİA-ya bildirilib ki, alıcıların hərraclarda fəallığı prosesi daha da rəqabətli edib. Belə ki, bir lot şəklində hərraca çıxarılan 21 “Tofaş” markalı nəqliyyat vasitəsinin birgə ilkin start qiyməti 37 min 900 manat olsa da, rəqabət nəticəsində son hərrac qiyməti 63 min 400 manata yüksəlib. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi istehsal ili 2007-ci il olan “Hyundai Sonata” markalı avtomobil olub. 5 şəxsin sifarişçi kimi təklif verdiyi hərracda bu nəqliyyat vasitəsinin ilkin start qiyməti 7 min manat olmasına baxmayaraq, 10 min 300 manata sahibini tapıb.

Özəlləşən kiçik dövlət müəssisəsi isə Şəki rayonunda yerləşən “Əmlak kompleksi”dir. Əmlakın ümumi faydalı sahəsi 2889 kvadrat metr, torpaq sahəsi isə 91 min 750 kvadrat metr təşkil edir.

Qeyd edək ki, keçirilən hərracda özəlləşdirilmiş əmlaklardan 394 min 155 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur. Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu )

Məlumat üçün bildirək ki, noyabrın 30-da keçiriləcək növbəti hərraca 12 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış binası və 1 yarımçıq tikili çıxarılıb.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından

(e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.