“Mançester Siti”, PSJ, “Real” və “İnter” pley-offda!

25 Noyabr 2021 02:10 (UTC+04:00)

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub. SİA Matc.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D qrupları üzrə daha 8 matç keçirilib.

A qrupunda “Mançester Siti” evdə PSJ ilə qarşılaşıb. “Şəhərlilər” qələbə qazanacağı halda, pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcəkdi. Mümkün heç-heçə isə hər iki komandanı növbəti mərhələyə çıxara bilərdi. Bunun üçün digər matçda “Leyptsiq” Belçikada “Brügge”yə uduzmamalı idi. “Mançester Siti” evdə əzmkar qələbəyə, “Leyptsiq” isə səfərdə darmadağına sevinib. Bu nəticələrdən sonra İngiltərə və Fransa təmsilçiləri növbəti mərhələyə yüksəlib.

B qrupunda pley-offa çıxması rəsmiləşən “Liverpul” doğma meydanda “Portu” ilə üz-üzə gəlib. “Milan” isə səfərdə Madrid “Atletiko”su ilə münasibətlərinə aydınlıq gətirib. Dieqo Simeonenin başçılıq etdiyi komanda evdə uduzsa, “Portu” isə çətin səfərdə “Liverpul”a qalib gəlsə, portuqaliyalılar bu qrupdan çıxan ikinci kollektiv olacaqdı. Amma İngiltərə təmsilçisi növbəti, İtaliya klubu isə ilk qələbəsini qazanıb. Nəticədə qrup ikincisinin kimliyinə sonuncu turda aydınlıq gələcək.

C qrupunda “Beşiktaş” pley-offa vəsiqəni rəsmiləşdirən “Ayaks”ı qəbul edib. Dörd turdan sonra xalı olmayan “qara qartallar” Avropa Liqasının pley-offuna düşmək üçün qələbə qazanmaqla yanaşı, Portuqaliyada “Sportinq” və Almaniyanın “Borussiya” (Dortmund) klubları arasında oynanılan görüşün nəticəsini gözləməliydi. Bu qarşılaşma heç-heçə və ya meydan sahiblərinin qələbəsi ilə başa çatacağı təqdirdə, İstanbul təmsilçisi avrokuboklarla vidalaşacaqdı. Dortmundlular qalib gələcəyi halda isə sona 1 tur qalmış pley-offa vəsiqəni təmin edəcəkdi. “Beşiktaş” “Ayaks”la oyunda növbəti məğlubiyyətinə üzülüb. “Sportinq” isə “Borussiya”nı məğlub yola salmaqla qrup ikinciliyini ələ keçirib.

D qrupunda “İnter” evdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Qrupun digər oyununda isə Madrid “Real”ı Moldovada “Şerif”lə üz-üzə gəlib. Milan və Madrid təmsilçiləri qələbə sayəsində pley-offa vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
24 noyabr

A qrupu

“Brügge” (Belçika) – “Leyptsiq” (Almaniya) 0:5
Qol: Nkunku, 12; 90+3. Forsberq, 17; 45+1. A.Silva, 26.

“Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) 2:1
Qol: Sterlinq, 63. Q.Jezus, 76 – Mbappe, 50.

Xal durumu: Mançester Siti – 12, PSJ – 8, Leyptsiq – 4, Brügge – 4.

B qrupu

“Atletiko” (İspaniya) – “Milan” (İtaliya) 0:1
Qol: Messias, 87.

“Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya) 2:0
Qol: Alkantara, 52. Salah, 70.

Xal durumu: Liverpul – 15, Portu – 5, Milan – 4, Atletiko – 4.

C qrupu

“Beşiktaş” (Türkiyə) – “Ayaks” (Niderland) 1:2
Qol: Gezzal, 22-pen – Haller, 54; 69.

“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) 3:1
Qol: P.Qonçalves, 30; 39. Porro, 81 – Malen, 90+3.

Xal durumu: Ayaks – 15, Sportinq – 9, Borussiya – 6, Beşiktaş – 0.

D qrupu

“İnter” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:0
Qol: Dzeko, 61; 67.

“Şerif” (Moldova) – “Real” (İspaniya) 0:3
Qol: Alaba, 30. Kroos, 45+1. Benzema, 56.

Xal durumu: Real – 12, İnter – 10, Şerif – 6, Şaxtyor – 1.