"Paşinyan mətbuata verdiyi müsahibəsində Ermənistanın KTMT-dən çıxmaq niyyəti olmadığını bildirir. Amma Paşinyanın hərəkətlərinə baxanda hər kəs görə bilər ki, o, hərəkətləri ilə manipulyasiya edir və müxtəlif şantaj xarakterli bəyanatlar səsləndirməklə Rusiyanı da təhqir etmiş olur". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, 16 noyabrda Azərbaycan ordusunun qarşısında yenidən aciz duruma düşəndə NATO-ya və Avropa İttifaqına müraciət edəcəkləri ilə Rusiyanı da hədələdi: "Amma son məqamda yenə də Rusiyanın qarşısında dizini yerə vuraraq prezident Putinə yalvardı ki, Azərbaycandan xahiş edib atəşkəsi təmin etsin. Bu bilmir ki, Ermənistana yağ-çörək verən heç kim yoxdur. Uzaqda dayanıb barıt qoyanlar ancaq regionda sabitliyin pozulmasına xidmət etdiyini Paşinyan heç də anlamır".
Deputat sözlərinə belə davam edib: "Türkiyə Prezidenti Ərdoğanın bildirdiyi kimi Ermənistan ona uzatdığımız xoş məramlı əlimizdən yapışmalıdır. Əks halda bu ölkənin gələcəyi yoxdur. Nə qədər ki, qonşu dövlətlərə ərazi iddialarından əl çəkməyəcəklər bu ölkə ancaq siyasi və iqtisadi böhranın içində boğulacaqdır. Bu gün Ermənistan KTMT-dən uzaqlaşmağını heç təsəvvür edə də bilməz. Ermənistanın siyasətini Rusiya müəyyənləşdirir. Əks halda bu ölkə dünya xəritəsindən silinəcəkdir. Ona görə də gələcəkdə də Ermənistan Rusiyanın dediyi ilə oturub-durmağına məcburdur. Ola bilsin ki, Paşinyanın könlündən böyük güclərlə oturub durmaq keçsin. Amma səfalətin içində çabalayan Ermənistan heç kimə lazım deyil".
Ayşən Vəli