"Forum Azərbaycanımıza uğur gətirəcək" - ŞƏRH EDİLDİ

24 Noyabr 2021 11:44 (UTC+04:00)

"Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Tədbirlər planına əsasən Mədəniyyət Nazirliyi tərəfindən bir sıra tədbirlər keçirilir. Onlardan Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş Nizami Gəncəvi Beynəlxalq Forumunun da zəngin proqramı var". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, proqrama əsasən və tədbir çərçivəsində dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirəcək: "Forumda “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır. Forum çərçivəsində müxtəlif panel müzakirələri, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili də nəzərdə tutulur. Çox böyük əhəmiyyətə malik olan forum mədəniyyətlər arası önəmli bir körpüdür. Dahi Nizaminin əsəri, kəlamları isə insanları sülhə, mədəni əlaqələrə, elmin-təhsilin inkişafına səsləyir. Düşünürəm ki, bu forum Azərbaycanımıza uğur gətirəcək".

Arzu Qurbanzadə