"Həqiqətən, istər dünyada, istərsə də Azərbaycanda su ehtiyatı sahəsində ciddi problemlər müşahidə olunur. Məlum olduğu kimi, beynəlxalq təşkilatlar tərəfindən, müxtəlif ölkələr tərəfindən su ehtiyatlarının azalması ilə bağlı bu və ya digər tədbirlər görülməyə başlanır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

O, qeyd edib ki, Azərbaycanda da ötən illər ərzində qeyd edilən problemlər gündəmə gətirilmişdi. Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu məsələ ilə bağlı fövqəladə iclas da keçirilmişdi. Hökumətin hesabat iclaslarında da bu məsələlərə toxunulmuşdu. "Azərsu" ASC-nin keçmiş sədri bununla bağlı ölkə rəhbəri tərəfindən ciddi danlanmışdı ki, bir çox fəaliyyətlər yarımçıq qalıb. Həqiqətən də, su ehtiyyatından düzgün istifadə edilməsi ciddi, həyati önəm daşıyan məsələdir.
Asif İbrahimov bu barədə fikirlərini belə izah edib: "Öncə ciddi texniki-iqtisadi əsaslandırma aparmalıyıq. Su balansını detallı şəkildə təyin etməliyik. Əlimizdə olan su ehtiyyatlarının inventarlaşması aparılmalıdı və bu inventarlaşma dəqiqliklə, bütün imkanları ilə, detalları ilə bir yerdə su balansına daxil edilməlidir. Su ehtiyyatlarının səmərəli istifadəsi edilməsi ilə bağlı tədbirlər planı mövcuddur. Bu tədbirlər planı 2020-2022-ci illəri əhatə edir. Orada bir çox məsələlər öz həllini tapıb. Azərbaycanda olan su ehtiyyatlarının inventarlaşması, elektron su portalının yaradılması və sair kimi məsələlər burada ön plana çıxarılıb. Su ehtiyyatlarının inventarlaşmasını apararkən yalnız Azərbaycanda olan göllər, sular nəzərdə tutulmamalıdır. Eyni zamanda qrunt suları, artizan suları, müəyyən balıqçılıqda istifadə olunan sular, yeraltı su mənbələri bu prosesdə nəzərə alınmalıdır. Çünki gələcəkdə hansı formatda onu emal edib texniki və ya içməli su kimi kənd təsərrüfatında, hansısa sənaye müəssisəsində, yaxud da içməli su kimi istifadəsi məsələləri ortaya çıxa bilər.
Onu da qeyd edim ki, 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində su qıtlığı problemi yaranırdı. Məlum olduğu kimi Sərsəng su anbarı, Suqovuşanda yerləşən su anbarları, o cümlədən Azərbaycanın digər işğal olunmuş ərazilərdə sovet vaxtından tikilmiş su anbarları, su hövzələri, su ehtiyyatları var idi ki, ermənilər tərəfindən istismar olunurdu və müəyyən çayların qarşısında bəndlər qoyulmuşdu ki, Azərbaycan kəndlisi kənd təsərrüfatında bu istiqamətdə qıtlıq yaşasınlar. Vətən müharibəsi yeni geosiyasi vəziyyət yaratdığı kimi, yeni ekoloji vəziyyət də yaratdı. Dediyimiz su balansına işğaldan azad olunmuş ərazilərdəki su ehtiyatlarının da detallı şəkildə daxil edilməsi məqsədəuyğundur".