"Artıq 2 ildir magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilir. Hazırda Avropada və Türkiyədə dərslərin əksəriyyəti tədqiqat yönümlü fənlərdir. Tədqiqat metodları, ixtisasa uyğun müxtəlif proqramlar, təhlil aparma metodları və sair tədris edilir. Bizdə bunların hansı var?". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, dünya yeni bir dövrə qədəm qoyur, daha çox ixtisas bilikləri yüksək səviyyədə olan kadrlarla ehtiyac duyulur, biz isə ondan imtina edirik: "Qeyd edim ki, magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır. Yəni magistratura dərəcəsi ali təhsili tamamlamaq imkanı əldə etmək və sektorda öz elmi işlərinizlə adınızdan bəhs etdirmək deməkdir. Əslində çoxu magistratura təhsilini boş saysa da, iş yerlərinin əksəriyyətində vəzifə və maaş artımı üçün ali təhsil önəmli rol oynayır. Hətta ölkəmizdə elə iş vakansiyaları var ki, şərtlərində ali təhsil kriteryası belə mövcuddur. Düzdür, magistr təhsili almaq şərt deyil, amma gələcək üçün vacibdir. Hətta bakalavrda yarımçıq öyrəndiklərimizi magistr təhsili zamanı möhkəmləndirmək şansı əldə edirik. Bundan əlavə magistr təhsili zamanı bir neçə fəlsəfə üzrə elmlər doktoru üzrə dərəcəsi olan müəllimlərdən dərs alırıq və dünyada inkişafın əsası olan elmi fəaliyyət üçün onlardan məsləhət alırıq".
Ekspert sözlərinə belə davam edib: "Amma məsələ budur ki, insanlar magistratura mərhələsini ya xarici ölkələrdə, ya da dövlət universitetlərində oxumaq seçimi qarşısında qalırlar. Onu əlavə etmək olar ki, çox gənc xarici universitetlərdən qəbul ala bilməsə magistratura oxumaqdan vaz keçir. Səbəb isə dövlət universitetlərində bu təhsilin yaxşı olmaması və heç nə əldə edilməməsidir".
"Qeyd edim ki, doğru universitet və bakalavr ixtisasına uyğun doğru fakültə seçməklə uğurlu olmaq mümkündür. Eynən bakalavr təhsilindəki kimi. Əgər xarici universitetlərdən müsbət cavab ala bilməmisinizsə, ya da ki, magistr dərəcəsi almaq üçün getdiyiniz ölkənin təhsil imkanlarının sizə nə isə qatacağınızı düşünmürsünüzsə, niyə də də olmasın".
"Təəsüf ki, elə tələbələr var ki, bakalavr təhsili zamanı orta balı yaxşı olmur. Onlar da magistr pilləsində təhsil almaq istiqamətində hazırlaşanda imtahanlarda qənaətbəxş nəticə əldə etmirlər. Bu gün dünyada magistr proqramları çox çevik şəkildə yenilənir, sənaye və ictimaiyyətin tələbi tez bir zamanda bu proqramlarda öz yerini tapır. Eyni zamanda, magistrların elmi- pedaqoji və istehsalat təcrübələrinin formal olaraq deyil ciddi şəkildə tətbiq edildiyi universitetləri tərcih etmələri onlar uçun faydalı olar. Magistrantlar mübadilə proqramlarından fəal istifadə etməli, Azərbaycan və xaricdə təcrübələrdə, təlimlərdə aktiv iştirakçı olmalıdırlar. Onlar gələcəyin elm adamları olacaqlarından dolayı elmi konfranslarda və elmi nəşrlərdə fəaliyyətləri olmalıdır.
Qeyd edim ki, artıq bir çox universitetlərdə magistatura dərslərinin axşam saatlarında təşkil olunması əmək fəaliyyəti ilə məşgul olmaq istəyənlərə dəstəkdir və tələbələr magistr təhsili aldıqları ixtisasa uyğun iş taparlarsa, bu, onların akademik təhsilinin praktikada tətbiqinə imkan verər. Bir də, magistr tələbələri mütləq kompüter texnologiyaları və xarici dilləri də mükəmməl öyrənməlidirlər. Beləliklə onlar gələcək elmi fəaliyyətlərində daha da uğurlu olarlar".
"Amma etiraf edək ki, Azərbaycanda magistr təhsili formaldır. Əgər akademik karyera nəzərdə tutulmursa lazım da deyil. Təhsil də qənaətbəxş deyil. Ona görə də kütləvi şəkildə xaricdə magistr təhsilinə yönəliblər. Hal- hazırda magistr pilləsi üzrə təhsilin vəziyyəti qane etmir. Çünki dərsliklər və metodika çox köhnədir. Nə magistr, nə bakalavr təhsili ürəkaçan deyil. Ali məktəblərdən bəlkə bir ya ikisi güclü təhsil siteminə malikdir. Ümumi təhsil vəziyyətini nəzərə alaraq belə qənaətə gəlmək olar ki, magistrın heç bir önəmi yoxdur. Magistraturanı xaricdə oxumaq daha yaxşıdır. Təhsil və təcrübə baxımdan xarici universitetlər Azərbaycandakı universitetlərdən bir neçə dəfə üstündür. Lakin bunu bütün sahələrə aid etmək olmaz. Neft-qaz sənayesi ilə bərabər bir neçə sahə var ki, Azərbaycan universitetləri kifayət qədər yüksək reytinqə və təcrübəyə malikdir.
Türkiyə universitetləri də Azərbaycanlıların ən çox istiqamət aldığı ölkələrdəndir. Lakin Türkiyədə elə ixtisaslar var ki,bu ixtisaslar Azərbaycanlılar üçün o qədər də maraqlı deyil, amma o ixtisaslar bir neçə ildən sonra dünya əmək bazarında ən əhəmiyyətli ixtisaslar olacaq".
"Kompüuter elmi, dəqiq elmlərin mühəndisliyi, müəyyən neft-qaz sahəsinə aid olan xüsusi ixtisaslar dövlət üçün daha maraqlı ola bilər. Çünki bu ixtisaslara Azərbaycanda güclü ehtiyac var. Hesab edirəm ki, xarici ölkələrdə magistr təhsili almaq istəyənlər bu ixtisaslara daha çox üstünlük verməlidirlər.
Xaricdə magistr təhsili almaq bakalavrlara tamamilə xarici dil mühiti ilə əhatə olunma imkanı yaradacaqdır. Qeyd edim ki, yeni bir dil öyrənməyin ən effektiv üsulu məhz həmin dilin danışıldığı ölkədə yaşamaqdır. Həm gündəlik həyatlarında, həm də universitetdə dil bacarıqlarını təkmilləşdirə bilər və beləliklə də akademik təcrübə ilə yanaşı danışıq dilini də mükəmməl öyrənə bilərlər".
"Abituriyentlər sınaq imtahanı üçün 40 manat, bakalavrlar isə 50 manat ödəməlidirlər. Bu o deməkdir ki, qəbul imtahanlarının da qiyməti artacaq. Çünki hər iki imtahan keçən ilki qəbul imtahanının qiymətidir. Sınaq imtahanlarının qiyməti 4 il ərzində 20 dəfəyə yaxın bahalaşıb. Belə ki, 2016-cı ilə qədər sınaq imtahanı 2 manat, 2018-ci ildə 20 manat, 2020-ci ildə 40 manat oldu. Səbəb? Heç bir halda, nə qədər resurs cəlb etməyindən asılı olmayaraq sınaq imtahanının qiyməti 10-15 manatdan, qəbul imtahanın qiyməti 20 manatdan çox ola bilməz".
Ayşən Vəli