Efiopiyanın Baş naziri Abiy Əhməd Twitter hesabında "Tarixin heyran qaldığı efiopiyalı uşaqlardan biri olmaq istəyirsinizsə, gəlin cəbhədə görüşək" deyə çağırış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Efiopiya Milli Müdafiə Qüvvələrinə rəhbərlik etmək üçün sabah cəbhəyə gedəcəyini açıqlayan Əhməd "Efiopiya adlı azadlığın adını yaşatmaq üçün tarixi məsuliyyətimiz var" deyə bildirib.
Sosial media hesablarında qiyamçıların paytaxt Əddis-Əbəbəyə yaxınlaşdığı bildirilir. Digər tərəfdən, Türkiyənin Əddis-Əbəbədəki səfirliyi ordu birlikləri ilə üsyançı TPLF üzvləri arasında toqquşmaların artması səbəbindən Türkiyə vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Efiopiya hökuməti üsyançıların cənuba doğru irəliləyişlərini davam etdirən TPLF hücumları səbəbindən noyabrın 2-də ölkədə fövqəladə vəziyyət elan edib. TPLF-nin paytaxt Əddis-Əbəbəyə mümkün hücumlarına qarşı müdafiə əməliyyat qrupları yaradılıb.
Xatırladaq ki, ölkənin şimalında bir ildən artıqdır davam edən münaqişələr təxminən 2,5 milyon insanı köçkün vəziyyətinə salıb, bölgədə 5 milyondan çox insanın təcili yardıma ehtiyacı var.