Sosial mediadan artan istifadə cəmiyyətdəki hər bir fərdə öz fikirlərini bölüşmək imkanı verir. Baxmayaraq ki, biz bunu müsbət və əlverişli vəziyyət kimi görürük. Manipulyasiya xarakterli, təxribat xarakterli, yalan və çaşdırıcı məlumatların yayılması baxımından vəziyyət o qədər də ürəkaçan deyil.
Sosial şəbəkələrdə “əyləncə və ya siyasi təbliğat məqsədi ilə” saxta xəbərlərin və dezinformasiyaların tirajlandığını düşünənlərlə yanaşı, yaşanan informasiya çirklənməsinin “maraqlı dairələr tərəfindən qəsdən edildiyini” söyləyənlər də var. Dünyada və ölkəmizdə sosial media vasitəsilə yaşanan ictimai-siyasi hadisələrə, müxtəlif terror hadisələrinə nəzər saldıqda, istehsal edilən informasiya çirklənməsinin təbliğat məqsədi daşıdığı və bu işin mütəşəkkil şəkildə yaradıldığı görünür.
Hər kəs mənbəsi məlum olmayan məlumatlara, videolara, səs yazılarına və xəbərlərə mühakimə etmədən inanır və düşünmədən paylaşır. Buna görə də mövcud informasiya çirklənməsinə xidmət edir. Bu səbəbdən saxta xəbərlər bu gün həll edilməli olan ən ciddi problemlərdən biridir.
Saxta xəbərlərlə necə mübarizə aparmalı?
Saxta xəbərlərlə mübarizənin təməl daşı məlumatı asanlıqla əldə etməyə çalışmaq deyil, “doğru və etibarlı məlumat”a çatmağa çalışmaqdır. Beləliklə, hansı məlumatın doğru və etibarlı olduğunu necə bilək? Bunun üçün bir az vaxt sərf etmək və bəzi vacib istifadə vərdişləri əldə etmək lazımdır.
Əvvəla, xüsusilə sosial mediada “tənqidi baxış”, “təsdiqlənməmiş məlumatları paylaşmamaq”, “məlumatlara sağlam şübhə ilə yanaşmaq” və “məlumatların hansı mənbələrdən əldə edildiyi barədə təsəvvürə sahib olmaq” bunlar arasındadır. Bunlara əlavə olaraq paylaşmadan əvvəl "ümumi araşdırma aparmaq və ən azı 3 fərqli etibarlı mənbədən əldə edilən məlumatı təsdiqləmək" doğru məlumatlara çatmaq üçün şərtdir. Məsələn, “TinEye” və “Google Reverse Image Search” alətləri ilə fotonun nə vaxta aid olduğu və daha əvvəl dərc edilib-edilməməsi ilə bağlı məlumatlara daxil olmaq mümkündür.
Bəzi saytlar parodiya, reklam və ya saxta xəbərlər məqsədi ilə qurulur. Məlumdur ki, sosial şəbəkələrdə artıq “trol” adlandırılan bədxah insanlar və ya qruplar özlərini bu işə həsr edirlər. Yəni sadəcə olaraq saxta xəbərlər, şəkillər hazırlamaq, sosial şəbəkələrdə insanları çaşdırmaq üçün çalışanlar az deyil. Hətta bu biliyə sahib olmaq belə, “Niyə internetdəki hər bir məlumata inanmayaq?” sualının cavabıdır.
2013-cü ildə “Associated Press” adlı bir xəbər agentliyinin hesabından “Tvitter”-də "Son dəqiqə: Ağ Evdə iki partlayış oldu və Barak Obama yaralandı" yazan bir tvit dərc edildi. Bu tvit 5 dəqiqədən az müddətdə 4 min dəfə paylaşıldı. Sonradan bu hesabın ələ keçirildiyi və paylaşılan məlumatların yalan olduğu açıqlansa da, partlayışda ABŞ prezidentinin ölmə ehtimalı birjanın çökməsinə səbəb olur və bir gündə 140 milyard dollara yaxın vəsait itirilir. Saxta xəbərlərin təsirinin nə qədər böyük ola biləcəyini görürsünüzmü?
Necə ki, “Həqiqət dünyanı ayaqqabı geyinmədən üç dəfə dolaşır” deyimi kimi, saxta xəbərlər də doğru məlumatdan qat-qat tez yayılır. “Science” jurnalında dərc edilən araşdırmada 2006-2017-ci illərdə “Tvitter”-də paylaşılan, doğru və ya yalan olduğu sübut edilmiş bütün xəbərlərin yayılması araşdırılır. Nəticələr göstərir ki, dezinformasiya həqiqi məlumatdan daha çox, daha sürətli və daha geniş yayılır. Gülməli olan odur ki, bu qədər dezinformasiyanın yayılmasına səbəb bot hesabları deyil, real insanlardır.

Bəs niyə yalan xəbərlərə inanırıq?
Bunun bir çox səbəbi ola bilər. Onlardan biri odur ki, biz zehni qabiliyyətimizi gərginləşdirmək istəmirik. Başqa sözlə desək, bir xəbərlə rastlaşdıqda onun doğru və ya yalan olduğunu düşünmək istəməyə bilərik. “Niyə səhv olsun, insan niyə yalan məlumat yaysın?” deyirik. Qarşılaşdığımız bütün xəbərləri həqiqət kimi qəbul edə bilərik. Ancaq sosial media hesabı olan hər kəsin istədiyi mesajı yaya biləcəyini nəzərə alsaq, gördüyümüz hər məlumatı doğru kimi qəbul etmək məntiqli görünmür.
Psixologiyada "təsdiq qərəzi" adlanan anlayış bizim öz düşüncələrimizə və inanclarımıza bənzəyən məlumatları həqiqət kimi qəbul etməyimiz deməkdir. Başqa sözlə desək, öz baxışımızı saxtalaşdıran bir xəbər gördükdə xəbərin düzgünlüyünü şübhə altına ala bilərik, lakin çox vaxt bizim fikirlərimizə uyğun gələn xəbəri birbaşa olaraq həqiqət kimi qəbul edirik.
Xüsusilə münaqişələr kimi kritik anlarda insanlar hadisə ilə bağlı bütün məlumatları öyrənmək və partiyasının uğurlarını dərhal bəyənib paylaşmaq istədikləri üçün dezinformasiyanın yayılması daha sürətli ola bilər. Saxta və yalan xəbərlərin vəsvəsəsi həm insanların öz fikirlərini təsdiqləmək, həm də bu maraqlı məlumatı yayan şəxs olmaq imtiyazından istifadə etmək istəyindən qaynaqlana bilər.
Maraqlıdır ki, hətta yanlışlığı sübuta yetirilən xəbərlər də çox vaxt paylaşılmağa davam edir. Beynimiz uzun müddət yadda saxladığımız məlumatları həqiqət kimi qəbul edə bilir. Səhv məlumat düzəliş mesajından əvvəl mövcud olduğundan, uzun müddət mövcud olan məlumatları düzgün olaraq xatırlaya bilərik. Bu, səhv məlumatın düzəldildiyini bilsək də, onu daha aydın xatırlamağımıza səbəb olur.
Saxta xəbərlərə kim inanır?
Bu sualı eşidəndə ağlınıza gələn ilk cavab “başqaları” ola bilər. Amma əslində bu sualın dəqiq cavabı yoxdur. Deyə bilmərik ki, A qrupunun üzvləri olan və ya B fikrini dəstəkləyənlər saxta xəbərlərə daha çox aldanır.
Saxta xəbərlərdən özümüzü necə qoruyaq?
İlk addım skeptik olmaqdır. Etibar etdiyiniz mənbə belə, zaman-zaman, bəlkə də bilərəkdən və ya istəmədən yanlış məlumat paylaşa bilər. Odur ki, rastlaşdığımız xəbərlərə şübhə ilə yanaşa bilsək və analitik düşünsək, dezinformasiyanın yayılmasının qarşısını almış olarıq. Doğru olub-olmaması barədə məlumat paylaşmazdan əvvəl bir neçə saniyə düşünmək belə saxta xəbərlərin yayılma sürətini xeyli azalda bilər. SİA məsələ ilə bağlı araşdırma apararaq texnoloq, ekspert, sosioloq və psixoloqların bu barədə fikirlərini öyrənib.
Məsələ ilə bağlı İKT üzrə ekspert Rəşad Cəfərov öz fikirlərini bu cür ifadə edib: “Çox təəssüf ki, bu gün sosial şəbəkələrdən istifadənin mahiyyəti bəzi qrupların bu şəbəkələrə sirayəti ilə ciddi şəkildə dəyişikliklərə məruz qalmaqdadır. Hər bir sosial şəbəkə istifadəçisi bilir ki, illər əvvəl nə “Facebook”da, nə Youtube”da, nə də digərlərində bu qədər qərəzlilik, təhqir, cinayətə çağırış və sair kimi məzmunlu fikirlərə demək olar ki, rast gəlinməzdi. Günlər keçdikcə isə həm istifadəçilərin artması, üstəgəl sosial şəbəkələrin təqdim etdikləri yeni yeni funksiyalar da qaraguruh insanlar üçün əlverişli şərait yaratdı.
Bu gün sosial şəbəkələrdə ağlımıza gələn, eləcə də bizim ağlımıza gəlməyən cinayət tərkibli addımlara rast gəlirik. Kimi dələduzluq yolu ilə pul qazanmaq istəyir, kimi xoşu gəlməyən kiməsə qarşı “gözdənsalma” kampaniyasına başlayır, hətta hakimiyyətlərdə çevrilişə, dövlətçiliyə təhdid kimi hallara da rast gəlirik. Bundan başqa artıq insanlar sosial şəbəkələrə “köçüb yaşamağa” başlayıblar da deyə bilərik. Ətrafımızda çox-çox insanlar var ki, şəxsi həyatlarında olan məsələləri real ünsiyyətlə deyil, sosial şəbəkələr üzərindən insanlarla bölüşür, reaksiyalar gözləməyə başlayır. “Like”a görə küsmələr, sən mənim paylaşımıma fikir bildirmədin kimi incikliklər və s.
Sosial şəbəkələrdə həm cinayət tərkibli, həm də “mənəvi terror” tərkibli davranışların artması bütün ölkələri narahat etməkdədir. Sosial şəbəkələrdəki söz azadlığı vicdan azadlığını üstələməməlidir. Təhqir hər yerdə təhqirdir. Təəssüf ki, sosial media peşəkar medianın da işinə həddən çox ciddi problemlər yaratmaqdadır. Elə bunun özü də peşəkar mediaya qarşı terrordur. Qayda-qanunsuz, nizamsız, intizamsız hər yerdə xoşagəlməz hadisələr daha çox olur. Odur ki, bu xoşagəlməz hadisələrin sayını azaltmaq üçün necəsə qayda-qanun yaratmaq lazımdır. Bir çox ölkələrdə müxtəlif addımlar atılır. Bəzi ölkələrdə ümumiyyətlə bir neçə sosial şəbəkədən istifadə qadağan olunub, bəzi ölkələrdə qeydiyyat zamanı müxtəlif əlavə şərtlər tətbiq olunur, bəzi ölkələrdə kontentə nazərət mexanizləri işləyir, bəzi ölkələrdə qanunvericilikdə dəyişikliklər etməklə fəsadların qarşısını almağa çalışırlar və s. Bu sosial şəbəkə terrorundan qorunmağın bir tərəfi, digər tərəfdə isə bu şəbəkələrin istifadəçiləridir. Bu günümüzdə daha çox istifadəçilər də özlərini bu tip terrorlardan qorumağın yollarını öyrənməlidirlər. Qarşılaşdıqları xoşagəlməz hallar zamanı hansı addımların atılmasını bilməlidirlər. Real həyatda özümüzü necə qoruyuruqsa, virtual məkanda da özümüzü o cür qorumalıyıq. Real həyatda birinə desən ki, "şəxsiyyət vəsiqəni mənə ver, sabah qaytaracam" heç kim, heç kimə verməz. Amma, virtual məkanda tanımadığı adamlara belə fərdi məlumatlarını paylaşırlar. Bunun üçün də ciddi şəkildə maarifləndirmə işləri görülməlidir. Bütün ölkələrdə aşağı-yuxarı sosial şəbəkələrin yaratdığı problemlər demək olar eynidir. Sosial şəbəkələr sərhədsiz olduğu kimi, onlara qarşı tədbirlər də sərhədsiz görülməlidir, yəni bütün ölkələr daxili tədbirləri ilə bərabər, birgə kompleks tədbirlərin də üzərində işləməlidir".
Sosioloq, Sağlam Cəmiyyət Hərəkatının sədri Lalə Mehralı isə məsələnin sosioloji yanlarına toxunub: “Bu əslində qanunla tənzimlənməlidir. İnsanlar yaydığı məlumatın doğru olub olmadığının məsuliyyətini daşımalıdırlar. Yəni, bir məlumatı paylaşırsa onun doğruluğunu araşdırmalıdır. Sosial şəbəkədə bir sayt xəbər paylaşan kimi hamısı bir qayda ilə onu paylaşır. Saytlar və mətbu orqanlar bu məsələdə maksimum diqqətli olmalıdırlar.
Sosial şəbəkədə paylaşılan bu tip paylaşımlar əslində "mən saxtayam", "mənə inanma" mesajı ötürür. Məlumatın təqdim edilmə forması, kim tərəfindən təqdim edilməsi, cümlələrin quruluşu, videonun çəkilişi, kadrların düzülüşü özünü ələ verir. Peşəkar insanlar bunu tez anlayır. Sadı insanlar isə aldanıb panikaya düşür. Biz, bu təcrübələri dəfələrlə yaşadıq. Bu tip məsələlərdə nisbətən təmkinli olmaq özü insanı saxta xəbərdən qoruyur".
Psixoloq Zeynəb Eyyubova da problemin psixoloji yanlarını izah edib: “Ümumiyyətlə, sosial şəbəkə dedikdə hər bir insan özü üçün araşdırmaçı olmalıdır. Yəni, aldığı məlumatları analiz etməlidir. Xəbər portalının düzgün olması, reklam üçün işləyib işləmədiyi dəqiqləşdirilməlidir. Biraz araşdırmaçı olan insan həmin səhifənin paylaşımlarından onun necə bir səhifə və yaxud sayt olduğunu biləcək.
İnsanlar inanmağa meyillidirlər. İnsanlar daha çox yaxşısının içində pisi görürlər. Haradasa da paylaşım gördükdə səhifələr də reytinq xətrinə ard-arda paylaşır və insanlar da buna inanır.
Bəzən bir insandan soruşursan ki, “doğurdan, sən bu xəbərə inanırsan?!”. O da cavabında deyir ki, “heç bilirsən bunu nə qədər səhifə paylaşıb, yalan olsa paylaşmazlar?!”.
Son dövr serialların da məğzindən insanlara bu mesaj verilir ki, sosial şəbəkələr vasitəsilə insanlar birini ucalda,digərini də yerlə yeksan edə bilər”.
Ayşən Vəli