"Ermənistanın dövlət kimi mövcudluğu sual altına düşəcək" - DEPUTAT ŞƏRH ETDİ

22 Noyabr 2021 12:29 (UTC+04:00)

"Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən bəyan edilmiş, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi təklifi bildiyiniz kimi Azərbaycan tərəfindən razılıqla qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda rəsmi Bakının hər zaman siyasi dialoqa açıq olduğu və bu kimi təmasları müsbət qarşıladığı aydın formada ifadə olundu". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, burada bir məqama diqqət edilməsi zəruridir: "Sirr deyil ki, Azərbaycan qalib və şərtləri diqtə edən tərəf olsa da, sülh və sabitliyə məğlub Ermənistandan daha çox maraqlıdır. Baxmayaraq ki, əslində ordusu məhv edilmiş, texnikası Bakıda Hərbi Qənimətlər parkında nümayiş olunan, iqtisadi və siyasi cəhətdən dalana dirənən İrəvan bu günə qədər sülh prosesində daha maraqlı olmalı idi. İndi şans yaranıb, Azərbaycan da xoş niyyət göstərərək məğlub Ermənistana əməkdaşlıq imkanı təklif edirsə İrəvan bu tarixi imkandan maksimum istifadə etməlidir. Əks halda Ermənistanın dövlət kimi mövcudluğu sual altına düşəcək. 44 günlük müharibə göstərdi ki, nə havadarları, nə də diaspora Azərbaycanın qarşısında İrəvanı xilas edəcək güc deyil.

Deputat sözlərinə belə davam edib: "Digər bir məqam, aydındır ki, Azərbaycan böyük sürətlə məqsədlərinə doğru irəliləyir, ötən 12 ay göstərdi ki, Azərbaycan nə hədəfləmişdi hamısı reallaşır. Artıq Ermənistanda da anlamağa başlayıblar ki, cənab İlham Əliyevə bu ciddi siyasi proseslərdə mane ola bilməyəcəklər. Əksinə, özləri bu prosesə dəstək versələr fayda götürən tərəflərdən biri İrəvan ola bilər. Müzakirə predmetinə gəlincə, məsələ çox aydındır. Cənab İlham Əliyev dəfələrlə çox sadə, həm də beynəlxlaq hüquqa uyğun şərtlərini açıqlayıb. Ən qısa müddətdə sərhədlərin delimitasiya və demarkasiyası prosesi başlanıb başa çatmalı, Ermənistan bununla Azərbaycanın ərazi bütövlüyünə hörmətini ifadə etməli, kommunikasiya xətlərinin, xüsusən, Zəngəzur dəhlizinin fəaliyyəti üçün İrəvan üzərinə düşəni etməli, nəticədə bölgədə əməkdaşlıq və inkişaf mühiti formalaşmalıdır. Əgər İrəvan xarici təsirlərdən qurtulub, zərərli ideologiyanı bir kənara qoyub bu şərtlərə əməl etsə, bölgənin geosiyasi siması tam dəyişəcək, əks halda da Azərbaycan Ermənistanı bu dəyişikliyə məcbur edəcək ki, ermənilər bu icbari tədbirlərə görə həmişə Azərbaycan Prezidenti və xalqına minnətdar olacaqlar".

Ayşən Vəli