Yaxud, şərtlərin icra edilməsinin vaxtıdır!
Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl Moskvada, hətta vaxtı müəyyənləşdirilmiş görüşdən yayınmaqla sonradan üzünü Avropa məkanına tutması və Brüssel görüşünə tərəf istiqamət alması əlbəttə ki, Kremli qəzəbləndirdi. Məsələ ondadır ki, dara düşən kimi ilk işinin Rusiya prezidenti Vladimir Putinə telefon zəngi etməkdən ibarət olan erməni baş nazirinin pərdəarxası şəkildə Avropadakı siyasi dairələrə bel bağlaması onun işini daha da qəlizləşdirə bilər. Artıq Ermənistanın işğalçı ambisiyaları baxımından itirilmiş Qarabağ faktoru ilə yanaşı, Zəngəzur dəhlizi amili də ortadadır və görünən də budur ki, hər vəchlə ortada var-gəl edib özünə iynə deşiyi boyda olsa da çıxış yolu axtaran Paşinyan bu məsələdə də aciz qalmaqdadır. Ümumilikdə götürəndə isə Brüssellə Moskvanın fərqi çox böyükdür.
İrəvan yalnız sözdə Kremlə minnətdarlıq hisslərini çatdırır, əməldə isə rıçaqlarını Qərbdə - Avropa İttifaqının dəhlizlərində, eləcə də ABŞ-da axtarır
Brüssel Moskvadan fərqli olaraq regiondan çox-çox uzaqlardadır, halbuki Qarabağ münaqişəsinin başa çatmasında regionda olan Rusiya reallığı mövcuddur və məhz Rusiya Azərbaycan qarşısında əzilən, məğlub olan Ermənistanı tamamilə xəritədən silinməməsinin qarşısını almağa müvəffəq oldu. İrəvan isə yalnız sözdə Kremlə minnətdarlıq hisslərini çatdırır, əməldə isə rıçaqlarını Qərbdə - Avropa İttifaqının dəhlizlərində, eləcə də ABŞ-da axtarır.
Beləliklə, fakt budur ki, Paşinyan Putinin patronajlığı altındakı görüşü pozdu və dərhal Şarl Mişelin egidası altında görüşün keçirilməsini istədi. Artıq Rusiyanın siyasi dairələri və KİV-ləri sözügedən məsələnin Putinin üzünə əlcək atması kimi qiymətləndirirlər və iddialar var ki, Kreml erməni baş nazirinin bu addımını əsla və qətiyyən bağışlamaq fikrində deyil. Moskvanın siyasi dairələrində deyildiyi kimi - Vladimir Vladimiroviç belə incəlikləri qeydə alır və yadında saxlayır.
Misal üçün bu gün Kremldə unudulmayıb ki, Paşinyan vaxtilə Moldovanın prezidenti Dodonu İrəvanda qarşılayarkən hava limanına qədər getdi və şəxsən Baqramyan 37 küçəsinə qədər (İrəvanda dövlət tədbirlərinin keçirildiyi və xarici qonaqların zonaq saxlanıldığı məkan) müşayiət etdi, lakin Putini qarşılamağa getmədi...
Hər hansı sənədlər imzalanacaq, bu prosesin Moskvada baş tutacağını indidən proqnozlaşdırmaq olar
Təbii ki, Brüsseldə hər hansı sənədin imzalanması ehtimalından söhbət belə gedə bilməz və hətta hər hansı sənədlər imzalanacaq, klbu prosesin Moskvada baş tutacağını indidən proqnozlaşdırmaq olar. İmzalanacaq sənədlərdə isə bilavasitə Azərbaycanın qalibiyyət gerçəkliyi, şərtləri isə danılmaz faktdır.
Yeri gəlmişkən, baş tutmayan Moskva görüşündən əvvəl Rusiyanın XİN başçısı Sergey Lavrov dəqiqliklə vurğulamışdı ki, görüş üçtərəfli formatda keçiriləcək, lakin Brüssel görüşündə format müəyyən olunmamış qalır. Yəni görüşün Aİ-nin rəhbəri Şarl Mişelin iştirakı ilə üçtərəfli, yoxsa İlham Əliyev-Nikol Paşinyan arasında ikitərəfli olacağı dəqiq bildirilmir. Çünki həm format, həm də görüşün keçirilməsi üçün təşəbbüskar olmaq fərqli mənalar daşıyır. Belə ki, onu da etiraf etmək mümkündür ki, istər Ermənistanın Azərbaycana, istərsə də Azərbaycanın Ermənistana inamı yoxdur, kifayət qədər çox pretenziyalar mövcuddur və qarşıda kifayət qədər suallar açıq qalmaqdadır.
Üçtərəfli formatı dördtərəfli də hesab etmək olar: Ankara faktoru qalmaqdadır
Digər tərəfdən, bir ildir ki, Bakı-Moskva-İrəvan arasında imzalanmış üçtərəfli bəyanat mövcuddur. Mövcud formatı həm də dolayısı ilə dördtərəfli hesab etmək olar. Belə ki, burada Türkiyə faktoru da unudulmamalıdır. Ona görə ki, Ankara keçirilən hər bir görüş haqqında tam şəkildə məlumatlandırılır, eləcə də Türkiyənin ABŞ və Fransadan, həmçinin Aİ-dən fərqi ondadır ki, prosesdə Ankara amili həm də fəaliyyət çərçivəsindədir – Türkiyə Ermənistanla həmsərhəddir, Türkiyənin Ağdamda monitorinq mərkəzindəki fəaliyyəti də mövcuddur.
Brüsseldə, dekabrın 15-nə təyin olunmuş günə isə iki həftədən bir az çox qalır. Buna qədər Moskva daha çevik hərəkətə keçərək yeni və düzəliş edilmiş sənədlərin qəbulunu reallaşdıra, bununla da Brüssel görüşü yalnız formal olaraq keçirilə bilər.
Ancaq hər şeyə rəğmən və harada keçiriləcək hansı görüşə baxmayaraq Azərbaycana qəbul olunmuş bəyanatların icrası lazımdır.
Əgər İrəvan buna getməsə, söz yox ki, bunun alternativ vatiantı da var
Ermənistan tərəfindən ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur üzərindən Naxçıvana dəhlizin açılması, Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin nəzarəti altındakı bölgələrdən erməni silahlılarının çıxarılması. Lakin bu şərtlərin hansı ortaqlar tərəfindən başladılması məsələsi mühüm olsa da, əsas deyil. Əsas budur ki, Ermənistan bu şərtlərə əməl etsin. Əgər İrəvan buna getməsə, söz yox ki, bunun alternativ vatiantı da var və noyabrın 16-da bu variantın yalnız çox cüzi hissəsi həyata keçirildi, davamı isə böyük ola bilər. Yəni İrəvan konstruktivlik yolundan imtina edərsə, prosesin uzadılmasına şəraitlər yaradılarsa, artıq regionda yeni eskalasiyaların baş verməyəcəyinə də kimsə qarant ola bilməz. Eləcə də Bakı artıq dəfələrlə bir sıra məsələlərdə kompromislərə gedərək özünün xoşməramlı tərəfini də nümayiş etdirib, ancaq kompromislər də davamlı ola bilməz – artıq şərtlərin icra edilməsinin vaxtıdır!
Rövşən RƏSULOV