"Kadr sıçrayışı ciddi siyasi böhranın əlamətidir. Ermənistanda müdafiə və xarici işlər nazirlərinin tez-tez dəyişməsi siyasi etimad böhranından xəbər verir”. SİA xəbər verir ki, bunu “Caliber” analitik mərkəzinə açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov Ermənistanın müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsi və onun yerinə Paşinyana yaxın olan Suren Papikyanın təyin olunmasını şərh edərkən deyib.
Xatırladaq ki, Ermənistanda cəmi bir il ərzində dörd müdafiə naziri dəyişdirilib.
“Arşak Karapetyanın niyə tutduğu vəzifədən uzaqlaşdırıldığı mənə tam aydın deyil. Tamamilə mümkündür ki, o, ya İrəvanla Bakı arasında kəskinləşməyə səbəb olub, ya da Paşinyanın hansısa göstərişini yerinə yetirməyib. Hətta Ermənistan cəmiyyətində belə bir fikir formalaşıb ki, Karapetyan Qarabağa son səfərindən Bakının narazı qaldığı üçün və ya Azərbaycan tərəfinin onun Ermənistan rəhbərliyində hərbi qrupa rəhbərlik etməsindən şübhələndiyi üçün işdən çıxarılıb. Bu məntiqlə belə çıxır ki, sabah Ceyhun Bayramov Ermənistanın xarici işlər nazirinə aid narazılığını bildirsə, Mirzoyanın başı uçacaq”- Tarasov deyib.
Politoloqun fikrincə, həm Əliyev, həm də Paşinyan müxtəlif səbəb və motivlərlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında və 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın bəndlərinin həyata keçirilməsində maraqlıdırlar: “Dünya praktikasında adətdir ki, əvvəlcə sülhlə bağlı baza sazişi bağlansın və yalnız bundan sonra sakit şəraitdə sərhədlər çəkilə və müəyyən oluna bilər. Bəs ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və buna uyğun olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu hələ açıq şəkildə bəyan etməsələr, sərhədin demarkasiyasına necə razılaşa bilərlər?”, - deyə S.Tarasov bildirib.
Siyasi analitikin sözlərinə görə, 2020-ci il noyabrın 10-da bağlanan müqavilələr silsiləsi bulanıqlaşmağa başlayıb: “Dəhliz boyu danışıqlar dalana dirəndi və bir günlük müharibə atəşkəs rejiminin pozulmasına gətirib çıxardı. Və müvafiq olaraq, Azərbaycan və Ermənistan arasında potensial yeni silahlı münaqişə istisna edilmir.
Eyni zamanda, S.Tarasov Ermənistan tərəfində birgünlük müharibəyə Rusiyanın və KTMT-nin müdaxilə etməməsindən erməni tərəfinin narazılığını və erməni siyasi elitasının “yeni müttəfiqlər tapmaq” vədlərini şərh edərkən, qeyd edib ki, Moskva Bakı ilə İrəvan arasında sərhəd münaqişəsini Ermənistan ərazisinə təcavüz və ya müttəfiqə qarşı təcavüz aktı hesab etmir.
“Digər tərəfdən, ermənilərin özləri döyüşmək istəmir, KTMT-dən kömək istəyirlər. Onda onlara kömək üçün qırğızlar, yoxsa qazaxlar getməlidir? Qırğızlar onlar üçün döyüşməlidirmi? Ancaq ermənilər Qərbdə kiminsə onlar üçün döyüşməyə hazır olduğuna inanırlarsa, zəhmət olmasa dəvət etsinlər. Kimsə onları narahat edir? Başqa xarici tərəfdaşlara sahib olmaq istəyirsiniz? Buyurun! Rusiya sizə qarışmayacaq”, - deyə S. Tarasov yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı