"Türk zirvə görüşünün əhəmiyyəti çox böyükdür" - POLİTOLOQ ŞƏRH ETDİ

19 Noyabr 2021 11:45 (UTC+04:00)

"Türk zirvə görüşünün həm ölkəmiz, həm region, həm də dünya üçün əhəmiyyəti çox böyükdür. Birincisi, artıq müasir dünya post-pandemiya dövründə yeni bir mərhələyə girir və eyni zamanda proseslər sürətlə qloballaşmanı işarə göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, indiki vəziyyətdə ölkəmiz də bu proseslərdən kənarda qala bilməz və nəinki ölkəmiz ümumilikdə regionumuz, türk dünyası, türk coğrafiyası bu proseslərdən kənarda qala bilmir: "Ona görə də indiki mərhələdə artıq türk dövlətləri digər Avropa, Asiya dövlətləri kimi təşkilatlanmaq bir mərkəzdən idarə edilmək və bir fikir formalaşdırıb bir ideya ətrafında birləşmək məcburiyyətindədirlər. Bu nəinki Azərbaycan üçün ümumilikdə bütün türk dünyası, dünya üçün olduqca vacib əhəmiyyətə malikdir. Yəni, dünya siyasətinə böyük töhfə verə bilər. Niyə bunu deyirəm? Çünki, bildiyimiz kimi son dövrlər Türkiyənin sürətli iqtisadi inkişafı, hərbi-siyasi inkişafı artıq regionda Türkiyəni əsas güc sahiblərindən birinə çevirib. Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı zəfər Türkiyənin gücü ilə birləşəndə artıq regionda Türkiyə-Azərbaycan və yaxud da Azərbaycan-Türkiyə güc mərkəzinin formalaşdırılmasına və bunun ətrafında digər dövlətlərin birləşdirilməsinə gətirib çıxarır".

"Bu günləri təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə, həm o dövrdə, həm ondan sonrakı dövrdə artıq Mərkəzi Asiyanın türkdilli dövlətləri də Türkiyəyə qarşı loyal münasibət bəsləməyə başladı. Türkiyənin bu uğuru əslində digər türk dövlətləri üçün də bir örnək oldu və artıq türk dövlətləri vahid bir ideya ətrafında birləşməyə qərar verdilər. Bizim yəni, 2021-ci ilin yanvar ayında Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində Xəzər dənizinin dibinin bölüşdürülməsi, ekoloji vəziyyəti, enerji təhlükəsizliyi ilə bağlı imzalanan müqavilə də onu göstərdi ki, deməli artıq Türkmənistan da uzun müddət bitərəf qalmağına baxmayaraq artıq dünya reallığı ilə barışmağa və artıq öz kökünə qayıtmağı, öz dövlət maraqlarını milli adət və ənənələri üzərində idarə etməyə meyl göstərir. Digər dövlətlər istər Özbəkistan, istər Qırğızıstan olsun, istər Qazaxıstan olsun artıq hamısı bir ətrafda birləşiblər və 2008-ci ildə türk dövlətləri şurası ki formalaşmışdı indi artıq bu türk dövlətləri təşkilatına çevrildi. Bu olduqca vacib əhəmiyyətə malik bir hadisədir".

"Digər vacib əhəmiyyətə malik məsələ Macarıstanın bura qoşulmasıdır. Çünki, artıq altı yox yeddi türk dövləti olur və bundan başqa da bu məsələdə Ukraynanın maraq göstərməsi, Pakistanın bura qoşulmaq istəməsi artıq türk dövlətlərinin zirvə görüşünün əhəmiyyətinin nə dərəcədə böyük olduğunu göstərir. Bu görüşdə də ölkə başçısı cənab İlham Əliyevə Ali Ordenin verilməsi onu göstərdi ki, deməli dövlət başçısı türk dövlətləri, türk liderləri arasında böyük bir nüfuz qazanmışdır və onun apardığı uğurlu diplomatik siyasi səriştə ölkəmizin gələcəyi baxımından olduqca vacib əhəmiyyətə malikdir. Həm də türk dövlətlərinin gələcəyi üçün vacib əhəmiyyətə malikdir. İkinci Qarabağ savaşından sonra artıq Zəngəzur koridorunun ortaya çıxması ideyası türk dövlətlərinin bir qurşaq şəklində birləşdirilməsinə şərait yaradır ki, bu da əslində bütün dünya dövlətlərinə vacibdir. Həm iqtisadi, eləcə də türk dövlətləri üçün siyasi-ideoloji və iqtisadi, hərbi baxımdan vacibdir. Yəni, bu mənada dəyərləndirəndə türk zirvə görüşünün baş tutması təkcə Azərbaycan üçün deyil, ümumilikdə bütün dünya üçün yəni, region dövlətləri, türkdilli dövlətlər üçün və eləcə də dünyanın iqtisadi inkişafı üçün olduqca vacib əhəmiyyətə malikdir. Hesab edirəm ki, bundan sonrakı mərhələdə artıq türk dövlətləri təşkilatı bir Avropa birliyi modelini ala biləcək bir səviyyəyə gələcək və burda təkcə sənəd üzərində qalmayacaq həm hərbi baxımdan, həm iqtisadi siyasi baxımdan da bir əsas güc mərkəzlərindən birinə çevrilə biləcək".

Ayşən Vəli