“Azərbaycanla növbəti qarşıdurma erməni dövlətçiliyinin varlığını sual altında qoyacaq” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

18 Noyabr 2021 16:32 (UTC+04:00)

“Ermənistanın son günlər Azərbaycanla sərhədlərində baş verən hadisələr göstərir ki, bu ölkənin bəlli məlum dairələri keçən ilki məğlubiyyətin əvəzini çıxmaq, qisas almaq, revanş götürmək fikirlərindən imtina etməyiblər”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Ermənistanın mövcud durumu, iqtisadiyyatının vəziyyəti, onun maliyyə imkanları, nəhayət, bu ölkənin ordusunda keçən ilki məğlubiyyətin doğurmuş olduğu reallıqlar nəzərə alınarsa, Ermənistanın Azərbaycanı hərblə hədələməsinin ona neçəyə başa gələcəyini təsəvvür etmək çətin deyil: “Azərbaycanla növbəti qarşıdurma erməni dövlətçiliyinin öz varlığını sual altında qoyacağı şəksizdir. Belə olan halda Ermənistan tərəfinin atəşkəs şərtlərini pozaraq Azərbaycan üzərinə yeriməsi siyasi avantüra təsiri bağışlayır, siyasətdə reallıqların nəzərə alınmaması, siyasətin illüziya və ya ilğımlar üzərində həyata keçirilməsi cəhdləri nəticələri ağır ola biləcək vəziyyətin yaranmasına gətirib çıxara bilər. Ermənistanın siyasi elitası da bütün bunları bilməmiş deyil. Deməli, Qərbdəki məlum və bəlli dairələrin sifarişi ilə Azərbaycanı təxribata çəkmək, onu hərbi əməliyyatları Ermənistan ərazisinə keçirməyə sövq etməklə bizləri "rus NATO-su" ilə üzbəüz qoymaq, bölgədə Rusiya Azərbaycan, Rusiya Türkiyə qarşıdurmasının yaranmasına nail olmaqla KTMT-ni bölgədəki hərbi əməliyyatlara cəlb etmək və bununla da bölgədəki geosiyasi reallıqların Qərbdəki məlum dairələrin maraqlarına uyğun şəkildə dəyişməkdir”.

Elşən Manafov bildirdi ki, 44 günlük savaşdan sonra bölgə ilə bağlı yeni geosiyasi reallıqlar Rusiyanı qane etsə də Qərbdəki bəlli dairələri məmnun salmayıb: “Azərbaycanı təxribata çəkməklə birincisi Moskva razılaşmalarının həyata keçirilməsinin qarşısını almaq, Rusiyanın bölgəyə artmaqda olan təsirini azaltmaq və ya minimuma endirmək, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ikinci nəfəs vermək, ikincisi Qarabağın statusu ətrafında danışıqları bərpa etmək və deməli perspektivdə Azərbaycan tərəfinə təsir imkanlarını saxlamaq, üçüncüsü Rusiya-Azərbaycan-Türkiyə üç tərəfli əməkdaşlığına zərbə vurmaq, regionla bağlı 3+3 formatlı məlum geosiyasi layihənin gələcəkdə reallaşmasının qarşısını almaq kimi məkrli planlar. Maraqlıdır ki, bu cəhdlərə qarşı Moskva özünün Ermənistandakı müttəfiqləri, yəni Paşinyana və deməli həm də onun Qərbdəki havadarlarına qarşı bilavasitə dəstəklədiyi müxalif siyasi qüvvələrlə birgə çıxır. Bu cəhdlərin baş tutmayacağı isə bəllidir, əvvəla bu cəhdlər siyasi avantüradan başqa bir şey deyil, digər tərəfdən Rusiyanın bölgə ilə bağlı maraqları onun Azərbaycan və Türkiyə ilə əməkdaşlığının davam etdirilməsini labüd edir”.