Qarğalar nədən xəbər verir?

18 Noyabr 2021 13:16 (UTC+04:00)

Küçəyə çıxanda səsindən və görünüşündən dərhal tanıdığımız heyvanlardan biri də qarğalardır. Olduqca maraqlı heyvanlar olan qarğaları bu qədər maraqlı edən nədir? Qarğalar nədən xəbər verir? Bu kimi suallara cavab axtardıq...

Qarğalar nə qədər ağıllıdır?
Oksford Universitetinin apardığı araşdırmalar nəticəsində qarğaların zəkasının alətlərdən istifadə səviyyəsində olduğu müşahidə edilib. Yemək nazik bir sınaq borusuna qoyulub və qarğaların bu yeməyi oradan necə çıxaracağı müşahidə edilib. Qarğa masanın üstündəki nazik teli qarmağa çevirib, özü düzəltdiyi bu alətlə borudakı yeməyə çata bilib. Əlavə edək ki, qarğadan başqa heç bir heyvan bu təcrübədə uğur qazana bilməyib.

Qarğa, yoxsa meymun daha ağıllı?
Bir qrup alimin fikrincə, qarğalar meymunlardan da ağıllı heyvanlardır. Qarğalar 5-ə qədər saya bilir. Həyatda qalmağa gəldikdə isə ehtiyaclarını ödəmək üçün materiallardan istifadə etməyi bacarırlar.

Qarğalar nə qədər yaşayır?
Hamımız qarğaların 100, hətta 200 il yaşadığını düşünürük, lakin bu, yanlışdır. Qarğaların orta ömrü 15-20 il arasında dəyişir. Təbiətdə 13 il olan ömürləri xüsusi qayğı ilə bəslənəndə maksimum 30-40 ilə çata bilir.

Qarğalar təhlükəlidirmi?
Bəziləri qarğaların insanlara düşmən heyvan olduğunu deyir. Əslində qarğalar insanlarla birgə yaşamaqdan kifayət qədər razıdırlar. İnsanların varlığından öz xeyrinə istifadə edən qarğalar, məsələn, qozu sındıra bilməyəndə onu insanların gur olduğu yerə atırlar ki, kimsə onu ayağı ilə qıra bilsin. Yaxud, qarğalar qozu maşın yoluna atırlar ki, sınsın və yemək asanlaşsın.

Qarğalar yas tuturmu?
Bilirik ki, heyvanlar arasında ölümün fərqinə varmaq nadir hadisədir. Qarğalar isə ölülərinə yas tutan heyvanlardandır. Qohumu öləndə dərhal getmir, bir müddət yanında qalırlar. Bu davranışın səbəbi də ölümün səbəbini araşdırmaq və anlamaq ola bilər. Təhlükəli bir vəziyyət varsa, sürünü xəbərdar etmək istəyi də onları ölüləri ilə qalmağa məcbur edə bilər.

Qarğa nəyi göstərir?
Tez-tez verilən suallardan biri də qarğalarıın nəyin xəbərçisi olmasıdır. Bəzi insanlar qarğaların ölümü və pis xəbəri simvolizə edən heyvanlar olduğunu düşünür. Ancaq yunan mifologiyasına baxanda qarğaların ölümsüzlüyü təmsil etdiyini görürük. Qarğa yunan mifologiyasında hörmət edilən bir heyvan idi. Eynilə, Skandinaviya mədəniyyətində qarğalar demək olar ki, müqəddəs quşlardır.