“Fuqaku” dünyanın ən sürətli komputeri seçilib

17 Noyabr 2021 22:39 (UTC+04:00)

“Fuqaku” bütün əsas reytinqlərdə birinci yeri tutub. SİA bu barədə xarici mətbuata istinad edir.

Yaponiyanın “Fuqaku” superkompüteri ardıcıl olaraq dördüncü dəfədir ki, dünyanın ən sürətli kompüterləri reytinqinə başçılıq edir.

TRT-nin xəbərinə görə “Fuqaku” bütün əsas reytinqlərdə, o cümlədən “Top 500” beynəlxalq layihəsində birinci yeri tutub.

“Fuqaku” ilk dəfə 2020-ci ilin iyununda dünyanın ən sürətli superkompüteri seçilib. “Fujitsu Electrical Corporation” və Yaponiya Dövlət Təbiət Elmləri İnstitutu ilə birgə hazırlanan superkompüter bu ilin martında institutun Kobe şəhərindəki hesablama mərkəzində tam gücü ilə işə salınıb. O, saniyədə 442 kvadrilyondan çox hesablama aparmağa qadirdir ki, bu da reytinqdə ikinci yeri tutan Tennessi ştatının Oak Ridge şəhərində yerləşən ABŞ Milli Laboratoriyasının “Summit” kompüterinin sürətindən təxminən üç dəfə çoxdur. Siyahıda üçüncü yerdə Amerika istehsalı olan “Sierra” kompüteri qərarlaşıb.

“Fuqaku” hazırda pandemiya, süni intellekt və hava proqnozu da daxil olmaqla, yüzdən çox müxtəlif tədqiqat layihəsində iştirak edir. Superkompüterin adı yaponlar üçün müqəddəs sayılan Fuci dağının adlarından biri ilə üst-üstə düşür.