Yeni doğulan körpələrə necə adlar qoyulamlıdır?-ARAŞDIRMA Araşdırma

17 Noyabr 2021 14:53 (UTC+04:00)

Uşaq bəlkə də bu dünyada imandan sonra ən gözəl nemətdir. Nəslin davamı ailə institutunun ən mükəmməl nəticəsidir. Doğulduğu andan ölümünə qədər valideynlərinin övlada qarşı vəzifə və məsuliyyətləri var. Eynilə, övladların da valideynləri qarşısında vəzifə və məsuliyyətləri vardır.

Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri olan Azərbaycan vətəndaşlarının, doğumu Azərbaycan ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin müraciətləri əsasında onlara adların, ata adlarının və soyadların verilməsi və dəyişdirilməsi bu qaydalara uyğun olaraq həyata keçirilir. Qaydalara görə, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Qaydalarda qeyd olunur ki, valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll olunur. Həmçinin qeyd olunur ki, 18 yaşına çatmış hər bir vətəndaşın ərizəsinə əsasən, onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.

Azərbaycanda yeni doğulan uşaqlara adların verilməsinə dövrün həm ictimai, həm də siyasi vəziyyəti təsir göstərib. Məsələn, ərəb və ya fars dövlətlərinin Azərbaycana güclü təsiri olduğu dövrlərdə uşaqlara daha çox ərəb və fars adları qoyulurmuş. Sovet hökuməti qurulmazdan öncə Azərbaycanda körpələrə həm də dini adlar verilməsinə çox rast gəlinib. Belə adlara misal olaraq Məhəmməd, Əli, Osman, İbrahim, Yusif, Fatimə, Zeynəbi göstərmək olar. Bundan başqa, o vaxtlar bəzi valideynlər arasında uşaqlara nağıl və dastanlardakı Babək, Cavanşir və digər məşhur qəhrəmanların və ya tarixi şəxslərin adlarını vermək də dəbdə idi. Keçmiş SSRİ-nin mövcüd olduğu illərdə isə bəzi valideynlər öz körpələrinə rus və ya sovet ideologiyasına uyğun adlar veriblər. Həmin dövrdə bəzi azərbaycanlılara Kolxoz, Kombayn, Sovet, Traktor, Marks, Komsomol, Yanvar, Fevral, Oktyabr, Bolşevik, Knyaz, Prikaz, Narkom kimi adlar qoyulması buna misal ola bilər.

Uşağa İslama uyğun ad qoymaq övladın ata-ana üzərində olan azsaylı hüquqlarından biridir. Yeni dünyaya gələn uşağın atası və ya hüquqi varisindən alacağı əsas haqlardan biri gözəl ad sahibi olmaqdır. Əgər uşaq ölü doğulsa belə ona ad qoyulmalıdır. Doğulan uşağa həmin gün ad qoymaq daha fəzilətlidir. Doğulduğu zaman uşağa verilən şəxsi isim onun adı sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53-cü maddəsində də bildirilir ki, “Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir”.

Bəs dinimizdə bu məsələyə necə baxılır? Rəsulullah uşaqlara necə ad qoyardı?

İslama görə, yeni doğulan uşağa ad qoyarkən sağ qulağına azan, sol qulağına da iqamə oxumaq lazımdır. Əbu Rafi nəql edir ki, Hz. Fatimənin oğlu Həsən dünyaya gələndə Rəsulullah (s.ə.s) onun qulağına azan və ixlas surəsini oxudu, xurma ilə təhnik elədi sonra da adını qoydu. Hz. Aişə bildirir ki, yeni dünyaya gələn uşaqları Peyğəmbərimizin yanına gətirərdilər. O, da həmin uşaqlar üçün dua edərdi. Əbu Musa nəql edir ki, “Bir oğlum dünyaya gəlmişdi. Uşağı Rəsulullahın (s.ə.s) yanına gətirdim. Adını İbrahim qoydu və təhnik elədi. Sonra da “Gözün aydın olsun!” deyərək dua elədi və uşağı geri mənə verdi”.

Uşağın adı doğumdan neçə gün sonra qoyulmalıdır?

İbn Ömər nəql edir, "Rəsulullah (s.ə.s) yeni dünyaya gələn uşağa yeddi gün sonra ad qoymaq, yuyundurmaq və əqiqə qurbanı kəsmək lazım gəldiyini əmr etdi". Bu, o demək deyil ki, mütləq yeddi gün bitəndə uşağa ad qoymaq lazımdır. İbn Qayyim əl-Cövzinin də dediyi kimi, “Adama qoyulan ad onun kimliyini bildirdiyinə görə, hər hansı ad qoyulmadıqda onu tanımaq çətinləşir. Buna görə də yeni doğulan uşağa doğulan gün ad qoyula biləcəyi kimi, iki, üç, beş, yeddi, on gün sonra da ad qoyula bilər. Bunda hər hansı məhdudiyyət yoxdur”. Əbu Hənifənin rəyinə görə, doğulandan sonra bir dəfə olsa da səsi eşidilən və sonra ölən uşağa ad qoyulmalı, yuyundurulub kəfənləndikdən və namazı qılındıqdan sonra dəfn edilməlidir. İmam Əbu Yusifə görə isə, ölü doğulan uşağa belə ad qoyulmalıdır. Bütün bunlardan hərəkətlə onu demək olar ki, uşaq doğulduğu gün ona ad qoymaq olar. Ancaq istəyən bir həftə sonra da qoya bilər.

Ad qoymaq haqqı kimə aiddir?

İslamda uşağa ad qoymaq haqqı ataya aiddir. Ata vəfat elədiyi və ya həyat yoldaşından ayrıldığı təqdirdə bu haqq ananındır. Doğumundan əvvəl atası vəfat edən Peyğəmbərimizin (s.ə.s) adı da anası Əminə tərəfindən Muhamməd olaraq seçilmiş, babası Əbdülmüttəlib tərəfindən də qoyulmuşdur. Rəsulullah (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Siz qiyamət günündə adlarınızla və atalarınızın adları ilə çağırılacaqsınız. Buna görə də gözəl adlar qoyun!”

Hansı adları qoymaq daha yaxşıdır?

Uşağa ad qoyarkən mənası gözəl olan ad seçmək lazımdır. Mənaca gözəl olmayan adların insan üzərindəki mənfi təsirləri nəzərə alınaraq bu adları qoymaq məkruh və ya təhrimən-məkruhdur. Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurur: “Allahın ən çox sevdiyi ad Abdullah və Abdurrahmandır”. Bu iki adın Allahın ən çox sevdiyi ad olmağını belə izah edə bilərik: Abdullah adı insanın bəndəliyini bildirir. Abdurrahman adında isə Allahın bütün məxluqata aid rəhmətini bildirən Rəhman ismi var. Təbii ki, Allah dərgahında bəyənilən sadəcə bu iki ad deyil. Yaxşı olar ki, uşağa Uca Allahın Əsmaül-hüsnadakı isimlərini qoyarkən ismin əvvəlinə “Abd (Əbd)” (bəndə) sözü artırılsın. Belə qoyulan adların hamısı Allahın bəyəndiyi adlardandır. Məsələn, Əbdülkərim – lütf və kərəmi bol olan Allahın bəndəsi, Əbdüllətif – gözəl, lətif, həlim olan, bütün hadisələrin təfərrüatını bilə Allahın bəndəsi, Əbdülməcid – şanı uca, comərdlik və kərəmi bol olan Allahın bəndəsi deməkdir. Bu cür adlar həm də insanlara Allahı xatırlatmaq, tövhid əqidəsini qorumaq və insanın Allaha bəndə olduğunu unutmamaq baxımından da əhəmiyyətlidir.

Birdən çox ad qoymaq olar?

Qoyulan adın məqsədi şəxsin tanınmasından və kimliyinin bilinməsindən ibarətdir. İnsanın tanınmağı üçün bir ad kifayətdir. Lakin, birdən çox ad qoymaq da caizdir. Yəni bir şəxsin həm adı, soyadı, həm künyəsi, həm də ləqəbi və ya təxəllüsü ola bilər. Ərəblərdə adla yanaşı insanlar künyələri ilə də tanınırdılar. Bu, adətən, ilk doğulan uşağın adına nisbətlə verilirdi. Ancaq bir şəxs bizdəki ləqəb və ya təxəllüs kimi özünə künyə götürə bilərdi. Məsələn, Əbu Bəkir, Əbu Hüreyrə və s. Rəsulullahın (s.ə.s) künyəsi də övladlarından Qasıma nisbətlə Əbu Qasım idi. Peyğəmbərimizin (s.ə.s) öz künyəsi və adının eyni şəxsdə olmağından xoşu gəlməzdi.

Uşaqlara ad seçərkən Peyğəmbərimizin (s.ə.s) ad qoymaq xüsusundakı həssaslığını və adın uşaq psixologiyasına təsirini nəzərə almalıyıq. Unutmamalıyıq ki, uşağa qoyulan ad onun xarakter və şəxsiyyətinə birbaşa təsir edir. Çünki, uşaq böyüdükcə ətrafındakılar tərəfindən öz adı ilə tanınır. Bu nöqteyi-nəzərdən valideynlərin üzərinə böyük iş düşür.

Qafqaz Müsəlmanları İdarəsi sədr müavini Fuad Nurullayev: “Övladlara, körpələrə, yeni doğulanlara ad qoyulma dinimizdə şəriət baxımından peyğəmbərimizin buyurduğu həmin qayda-qanunda həyata keçirilməlidir və icra olunmalıdır. Bu barədə peyğəmbərimizin gözəl bir hədisi var ki, hər bir övladın valideynin boynunda haqqı var və bu haqlardan biri də valideynin yeni doğulan körpəsinə gözəl bir adın qoyulma haqqıdır. Hər bir valideyn dini baxımdan birinci başa düşməlidir ki, övladın gözəl, seçilmiş ad qoymalıdır. Məsələn mill tarixi baxımdan milli dəyərlərə söykənən adlar, istər oğul uşaqlarımız üçün istərsə də qız uşaqları üçün bu adlar var. Yəni elə bir adı uşağa qoymaq lazımdır ki, gələcəkdə övlad böyüyəndə o adla böyüyürsə o adın mənasını başa düşsün, şəxsiyyəti tanısın və bilsin ki, kimin adını daşıyır. Bu baxımdan övlad böyüdükcə o adla böyüyür və çalışır ki, o ada layiq bir şəxsiyyət olsun. Məsələn deyək ki, milli qəhrəman Cavanşir, Babək və s. adlarını qoyurlar və yaxud vətən uğrunda canını fəda edən şəhidlərimizin adlarını qoyulur. Sabah uşaq böyüyəndə öyrənir ki, o milli qəhrəmanın adını daşıyır. Eynilə də peyğəmbərlərimizin, imamlarımızın adlarından qoyulur, yəni dahi şəxsiyyətlərin adları qoyulur və adlar milli və dini yönüm daşısa daha gözəl olar. Bəzən çox təəssüflər olsun ki, bəzi valideynlər övladlarına ad qoyan zaman hardasa xoşlarına gələn bir adı qoyurlar və düşünür ki, körpədi, bu adı ona qoyum. Həmin körpə burada təbii ki, seçim edə bilmir. Gələcəkdə övlad o adla böyüdüyü zaman xəcalət çəkir, qınağa səbəb olur və adını dəyişmək məcburiyyətində qalır. Dinimizin bəyəndi ad ondan ibarətdir ki, hər bir valideynin boynunda dinimiz bu haqqı qoyur ki, övladına layiqli, dəyərli şəxsiyyətlərdən olan insanların adlarından qoyulsun və o adla böyüsün, səadətə qovuşsun. İnsanlar milli və ənənəvi baxımdan da xoşagələn adlardan da qoya bilərlər, dinimiz təbii ki, bunun əlehinə deyil. Xüsusən də adlar baxımından milli və dini adların, gözəl adların övladlara qoyulması bəyənilən addımdır ki, valideynlər övladları üçün bu addımları atmalıdırlar”.

Psixoloq Fərqanə Mehmanqızı: “Ümumiyyətlə, uşaqlara adlar qoyulanda valideynlər biraz düşünməlidirlər ki, adların insan həyatına təsiri var. Hər sözün öz ağırlığı, enejisi olduğu kimi insan adlarının da insanın həyatına, xarakteristikasına, baxış tərzinə öz təsiri var. Həm də gələcəkdə həmin şəxsi çağıran insanlar onu məhz bu adla olan münasibətdən bəhs edirlər. Məsələn İnci adı götürək, bir xanıma İnci dedidikdə istər-istəməz həmin xanımın içində incə hislər yaranır və yaxud da kobud bir ad qoyanda və həmin insanla əlaqəsi olmayan adlar qoyanda həmin insan başqalarına da kobud hislər bağışlayır. Ona görə də insana ad qoyduqda onun məna kəsbinə çox önəm vermək lazımdır. Biz valideyn olaraq düşünürük ki, ancaq biz ona ad verir, lakin, gələcəkdə cəmiyyət də bu adla həmin şəxsə önəm verəcək”.

Sosioloq Asif Bayramov: “Bizim millətin ən böyük problemlərindən biri də milli kimliyin formalaşması problemidi. Milli kimliyin formalaşması, cəmiyyətdə, sosial sferada bütün pillələrdə parallel şəkildə aparılmalıdır. Orta məktəbdə müəllimlər şagirdlərə milli kimliyin formalaşması ilə bağlı düzgün tədris proqramı qursalar belə əgər evdə valideynlər o proqramı tamamlamırsa, o zaman milli kimliyin formalaşması tamamlanmır. Ona görə də körpələrə milli adın qoyulması millətdə milli kimliyin formalaşmasının təməl daşıdır. Çünki, əgər biz övladlarımıza milli anlamı olan, milli kökdən gələn və milli leksikamızda mənası olan adlar qoysaq, həmin uşaq böyüyəndə o adın əsasında, təməlində öz milli kimliyini daha uğurlu qura biləcək. Yəni, bizim mənası dilimizdə çox bəd səslənən adlar qoymağımız bizim övladlarımızı mənəvi cəhətdən şikəstliyə yönəltməkdir. Ona görə də mən hesab edirəm ki, doğulan körpələrə adların qoyulması milli kimlik məsələsinin vacib elementlərindən biridir. Hətta deyə bilərəm ki, dövlətimiz, hakimiyyətimiz özü doğulan körpələrə adların qoyulması məsələsi ilə bağlı müəyyən bir strateji proqram qəbul etsə daha düzgün olar. Bunu inzibatçılıq kimi qəbul etməyin, qətiyyən bu inzibatçılıq deyil. Biz soyadlarımızı bu günə qədər milliləşdirməmişik. Çünki milli kimliyimiz son dərəcə zəif gedir. Məhz adların qoyulması praktikası da bu faktı bir daha təstiq edir. Bu səbəbdən, adların qoyulması məsələsi sıradan bir məsələ deyil, son dərəcə ciddi, mənəvi, psixoloji bir faktordu. Mən çox istərdim ki, bizim valideynlər öz körpələrinə ad qoyanda bu faktı nəzərə alsınlar. Yəni adın milli kökə, leksikaya uyğun olması onun məzmununun estetik və mənəvi baxımından xoş ovqat doğuran olması və daha yaxşı səslənməsi kimi faktorlar nəzərə alınmalıdır”.