“Çingiz dastanı” festivalın qalibidir

16 Noyabr 2021 12:01 (UTC+04:00)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqı və Teatro.az saytı ilə birgə keçirdiyi “Qalib olan Azərbaycan” teatr festivalının daha bir iştirakçısı – Qusar Dövlət Ləzgi Dram Teatrıdır.

Teatrın festivala təqdim etdiyi “Çingiz dastanı” (müəllif Əməkdar incəsənət xadimi Abdulla Qurbani, rejissor Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov) tamaşası Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanova həsr olunmuşdur. Müəllifin qeyd etdiyi kimi, tamaşanın ən böyük əhəmiyyəti ondadır ki, Şimal bölgəsində yaşayan, əhalisinin əksəriyyətini ləzgilər təşkil edən Qusar Ləzgi Dövlət Dram Teatrının kollektivi Azərbaycan dövlətinə və Azərbaycan dövlətçiliyinə sədaqətlərini bir daha bəyan etdilər. Bu gün də onlar Ali Baş Komandanın əmrinə hazırdırlar.

Elə bu fikir tamaşanın fabula xətti boyunca dəfələrlə təkrarlanır: bütün Azərbaycan xalqı, eləcə də biz – qusarlılar Vətənə, dövlətə, Heydər Əliyev ideyalarına həmişə sadiqiq və bütün vətən uğrunda Azərbaycan naminə möhtərəm Prezidentimizin ətrafında bir nəfər kimi birləşmişik. Ali Baş Komandanımızın hər bir əmrinə hər an hazırıq!

“Naxçıvan, Qusar, Gəncə Qarabağ -

Hər biri ürəkdir, hər biri candır.

...Fəxr eləyək ki, Vətənimiz – Azərbaycandır!”

Vətən, vətənpərvərlik, dövlətçilik ənənələri, dövlətə. xalqa sədqət, namusla xidmət dramaturqun yaradıcılığında qırmızı xətlə keçir. Fabula xəttinin belə aydınlığı həm bədii materialın, həm də ideyasının parlaqlığı ilə diqqəti cəlb edir.

Şair-publisist polkovnik Abdulla Qurbaniyə söz verildi. Müəllif Qusar Ləzgi Dram Teatrında quruluş verilən tamaşanın fonunda bütün Qarabağ, eyni zamanda “Qalib olan Azərbaycan” festivalının əhəmiyyətindən danışdı:

-Möhtərəm Prezidentimiz noyabr ayının 8-də Zəfər gününün ümumxalq bayramı kimi qeyd edilməsi üçün sərəncam imzalayıb. Bu, bayram bizə Şəhidlərimzin töhfəsidir, canlarını qurban edən, qanları Vətən torpağının qayasına, daşına çilənən, I, həm də II Qarabağ müharibəsi dövründə öz qanları ilə adlarını tarixə yazan Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik.

Müəllif, eyni zamanda, Qusar Dövlət Ləzgi Dram Teatrının fədakar əməyindən, onların ölkəmin müxtəlif bölgələrində vətənpərlik ruhunda tamaşaları ilə geniş tamaşaçı auditoriyasına xidmətindən qısa məlumat verərək, təşəkkürünü bildirdi.

Onu da vurğuladı ki, bu əsər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığını təkrar edən Qusar rayonundan, Azərbaycan Dövlət Texniki Universiteteinin məzunu Çingiz Salman oğlu Qurbanovun xatirəsinə həsr olunub. O, hələ zəfərə doğru irəlilədiyimiz vaxtlarda öz şəxsi təşəbbüsü, fədakarlığı ilə sübut edib ki, Azərbaycan oğlu işğal altında olan torpaqlarımızın azad edilməsi naminə canından, qanında keçməyə hazırdır. Bu tamaşanı ilk dəfə Bakı Bələdiyyə Teatrı “Çingiz dastanı” adı ilə hazırlayıb. Onun libbrettosu əsasında Xalq artisti, professor Oqtay Rəcəbov opera yazıb. Abdulla Qurbani onu da vurğuladı ki, “bu tamaşanın hazırlanmasında heç bir köməyim və təşəbbüsüm olmayıb. Teatr müstəqil şəkildə əsərə müraciət edib”. Ümumiyyətlə, Azərbaycan dövlətçiliyinə həmişə sadiq olan qusarlıların, Şimal bölgəsinin, xsüsusilə də, o bölgədə daha çox çoxluq təşkil edən ləzgi xalqının bu tamaşa Zəfər bayramına ən böyük hədiyyəsi, ərməğanıdır. Ulu öndər Heydər Əliyev də həmişə qeyd edirdi ki, ləzgilər Azərbaycan dövlətçiliyinə həmişə sadiq olublar. Hələ keçən əsrin əvvəllərində Qubada qətliamlar törədiləndə, Qanlı dərədə qanlar töküləndə yenə ləzgi süvariləri xilaskar rolunu oynayıblar. Bu oğullar da həmin qəhrəmanların kötükçələridir.

Əsərin dramatik məqamları tamaşaçının gözləri qarşısında bir tablo cızır. O tablaoda əsl vətənpərvərlik duyğuları aşılanır. Sənədli faktlara söykənmiş tamaşanın baş qəhrəmanı Çingiz Qurbanovdur. O, vətən eşqi ilə ayağa qalxır. “Mən Şəhid oğulların ruhlarını şad görməyincə, Şuşanı azad etməyincə geri dönən deyiləm!”-deyərək, ata-anasından halallıq alır, sonra sevdiyi qızla görüşür.

Tamaşanın qəhrəmanı torpaqlarımızı iğaldan azad edəcək igid oğullarımızın sırasına qoşulur, ya Şəhid, ya qazi kimi dönəcəyinə söz verir.

Atəşgahın pozulması, dinc əhalinin atəşə tutulması xalqı birləşdirib. Nəyin bahasına olursa-olsun işğala son qoyulmalıdır. Bu xislətlə cəbhəyə yola düşən hər bir əsgər kimi döyüş meydanında mərdlik və cəsarət nümunəsi nümayiş etdirir.

Aktyorlar belə gərgin psixofizioloji məqamları bütün daxili potensiyaları və emosional çılğılıqla yaradırlar. Ümumiyyətlə, Qusar teatrının kollektivi bütün teatr ənənlərinə sadiq qalaraq, hər bir təcəssümə böyük məsuliyyətlə yanaşır.

Çingiz çətin geofiziki şəraitdə düşmənlə üz-üzə gəlir. Və O, Şəhid Mübariz İbrahimovun qorxmazlıq və cəsarət ənənəsinə sadiq qalaraq, son anına qədər döyüşür.

- Məni bağışlayın, ata, ay ana!

Son anında qardaşına, vətəninə xoşbəxtlik arzulayan qəhrəman... Şəhid olur. Bu epizod çox sarsıdıcı və emosional təsir bağışlayır.

“Bu canım qurbandır Azərbaycana!” Bu, Çingizin son sözləri olur. Düşmən Şəhid nəşini girov götürür.

Meydan üslubunda gerçəkləşən kompozisiya Şəhid heykəlinin fonunda kadrarxası mətnlə davam edir.

KADRARXASI SƏS- Şəhid Çingiz Salman oğlu Qurbanovun nəşi çox çətinliklərlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdaxiləsi və göstərişinə əsasən dövlət qürumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm və ardıcıl danışıqlar nəticəsində 39 gün sonra 2017-ci il fevral ayının 5-də qarşı tərəfdən alınmışdır. Böyük izdihamın iştirakı ilə Silahlı Qüvvələrin təlim və tədris mərkəzində şəhid əsgərlə anma mərasimi keçirilir və dəfn olunmaq üçün doğulduğu Qusar rayonuna göndərilir və vətən torpağına əmanət edilir. Ertəsi gün Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalamışdır.

Çingiz Qurbanov düşmənlə üz-üzə qalanda göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı. Baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə gəlmişdi. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, Şəhidlik zirvəsinə ucalmışdır. Biz Çingizlə fəxr edirik. Bu gün bütün Azərbaycan Çingizlə fəxr edir. O, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan xalqı, əsgəri heç vaxt bugünki vəziyyətlə barışmayacaq. O, böyük vətənpərvərlik, fədakarlıq, rəşadət nümunəsi göstərmişdir. Allah rəhmət eləsin!

Bu tamaşada təkcə teatrın yaradıcı kollektivi yox, həm teatrda çalışan bütün insanlar iştirak edir. Bu da teatr kollektivinin Vətənə olan sevgisindən irəli gəlir. Tamaşanın quruluşçu rejissoru və bəstəkarı, Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov tamaşanın maraqlı alınması üçün əlindən gələni edib. O, sübut edib ki, təkcə peşəkar bəstəkar deyil, həm də mzrzqlı rejissordur.

Tamaşa Zəfər bayramının sevinci ilə başa çatır.

“QALİB OLAN AZƏRBAYCAN” TAMAŞALAR FESTİVALI yekunlaşdı

“Qalib olan Azərbaycan” festivalının adında dərin bir hikmət yatır. Festival bir çox teatrlar, eləcə də yaradıcı fərdlər üçün yeni bir yaradıcılıq meydanı, həm də yaradıcı insanların Zəfər bayramına töhfə verməsi üçün geniş imkanlar açdı. Çox maraqlı tamaşalara baxmaq mümkün oldu.

Bu festivalı Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, Xalq artisti Hacı İsmayılov yekunlaşdırdı. O, festivalda iştirak edən Milli Qəhrəman Çingiz Qurbanovun atasını, qardaşını da səhnəyə dəvət etdi.

Şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edildi.

Məlumat üçün deyək ki, 2-5 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqının və Teatr.Az saytının təşkilatçılığı ilə iki festival keçirildi: biri “Qalib olan Azərbaycan”, ikinci festival isə “4.4” qısa tamaşalar festivalıdır.

Sonra Xalq artisti Hacı İsmayılov festivalı yekunlaşdırmaq və mükafatlandırma mərasiminə başlamaq üçün ön söz söylədi.

-Bütün teatr direktorlarına təşəkkür edirəm. Bu festivalda iştirak üçün səylərini əsirgəmədilər. Festivala on teatr, bir də müstəqil layihə ilə müraciət edilmişdi. Sizə münsiflər heyətini təqdim etməyi də özümə borc bilirəm. Münnsiflər heyətinin sədri görkəmli yazıçı-dramaturq, kinorejissor, Xalq artisti Ramiz Fətəliyev, üzvləri Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, Teatr Xadimləri İttifaqının gənclərlə iş laboratoriyasının rəhbəri, eyni zamanda, Vətən Müharibəsinin iştirakçısı Dağlar Yusifov idi.

44 günlük Vətən Müharibəsində şanlı Qələbəmizə həsr olunan “Qalib olan Azərbaycan” teatr festivalında iştirakına görə Akademik Milli Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Bakı Uşaq və Gənclər Teatrı, Şəki Dövlət Dram

Teatrı əsər təqdim etmişdi. Festivala müstəqil bir layihə də təqdim edilmişdi. Müstəqil layihə festivalda II yeri tutduğuna görə rejissor Raulya Türkan təltif olundu.

Yekunda maraqlı fakt ondan ibarətdir ki, Gəncə Dövlət Dram Teatrının gənc aktyoru, Vətən qazisi Həsən Cəfərovun qələmə aldığı “Şuşa, sən azadsan!” kompozisiya-tamaşası da xüsusi qeyd olundu və mükafatlandırıldı. Qaliblərə diplomlar və pul mükafatları verildi.

Sonda Xalq artisti Hacı İsmayılov qeyd etdi ki, belə festivalların keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Bu, yaradıcılıq imkanlarının inkişafına, Vətənpərvərlik ruhunda yeni səhnə əsərlərinin yaranmasına səbəb olur.

Polkovnik Abdulla Qurbani festivalın təşkilində müstəsna xidmətləri olan Xalq artisti Hacı İsmayılovun Müdafiə Nazirliyinin xüsusi mükafatı ilə mükafatlandırıldığını bildirdi. Onu, növbəti gün saat 13-də Təlim-Tədris mərkəzinə hərbçilərin iştirakı ilə mükafatın təntənəli təqdimat mərasiminə dəvət etdi.

Bəli. Bu gün hər vətəndaş Qalib ölkənin vətəndaşıdır və deməli, hər kəs qalibdir.

Festival bu möhtəşəm şüarla öz işini yekunlaşdırdı.

Həbibə RAFİQIZI ATEŞ