Oğuzda Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin anım mərasimi keçirilib ANIM

15 Noyabr 2021 14:27 (UTC+04:00)

Vətən müharibəsi zamanı şəhadətlik zirvəsinə ucalan şəhidimiz Oğuz rayonunun Xaçmaz kənd sakini, Vətən Müharibəsi Qəhrəmanı İbrahimli Nail Nəriman oğlunun torpağa tapşırılmasından bir il ötür. Anım mərasimi qəhrəmanımızın evində və uyuduğu Xaçmaz kənd Şəhidlər Xiyabanında keçirilib. Mərasimdə Oğuz RİH-in başçısı, YAP Oğuz rayon təşkilatının əməkdaşları, hüquq-müharibə orqanlarının rəhbərləri, Dövlət Sərhəd Xidməti komandanlığının ali hərbi rütbəli zabiti və şəxsi heyəti rayon ictimaiyyəti, şəhid ailələri, iştirak ediblər. Ziyarətçilər şəhidimizin məzarını ziyarət edərək, onun əziz xatirəsini anıblar və ruhuna dualar oxunub. Sərhəd Qoşunlarının kiçik giziri, Vətən Müharibəsi Qəhrəmanı İbrahimli Nail Nəriman oğlunun döyüş yolu Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Şuşadan keçib. Nail İbrahimli 8 noyabr tarixində Şuşa şəhəri istiqamətində tapşırığı yerinə yetirərkən şəhid olmuşdur. 12 noyabr tarixində Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.

İbrahimli Nail Nəriman oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb və "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizə Allah rəhmət eləsin.

ZÜMRÜD BAYRAMOVA