Əks halda Rusiya sülhməramlılarının ikibaşlı oyunları növbəti arzuolunmaz hadisələrə səbəb ola bilər
Şuşada, Daşaltı postunda – Rusiya sülhməramlıları kontingentinin (RSK) məsul olduqları ərazidə erməni terrorçusu Norayr Mirzoyanın hərbçilərimizə tərəf əl qumbarası atması və insident nəticəsində hərbçilərimizin yaralanmasından sonra Laçın dəhlizi faktoru yenidən ölkə gündəmində ən çox danışılan mövzulardan biri oldu. Hətta bununla yanaşı, RSK-nın fəaliyyətindəki məsuliyyətsizliklər, daha dəqiq desək, ikibaşlı oyunlar bu mövzunun aktuallığını daha da artırmış oldu. Artıq bir ildən çoxdur ki, Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb və həmin bəyanata əsasən İrəvan Bakı qarşısında kaputulyasiyaya uğradığını rəsmən boynuna alıb. O cümlədən, bəyanatda tərəflər arasında razılaşdırılmış bəndlər və müddəalar da qəbul olunub, ötən müddət ərzində onların realizəsi öhdəlik kimi götürülüb.
Xankəndinin Azərbaycanın yuridiksiyasına keçməsi, Zəngəzur dəhlizinin açılması fonundakı prosesinin gecikməsi, yaxud qəsdən gecikdirilməsi artıq danılmaz fakta çevrilib
Lakin son bir ildə üçtərəfli bəyanatda əks olunan bəndlərə nəinki Ermənistanın, eləcə də Rusiyanın dolayı yollarla əməl etmədikləri haqlı olaraq Azərbaycan ictimai rəyinin hiddətinə səbəb olmaqdadır. Xüsusilə, Xankəndinin Azərbaycanın yuridiksiyasına keçməsi, xalqların inteqrasiyası amili və Zəngəzur dəhlizinin açılması fonunda sözügedən prosesin gecikməsi, yaxud qəsdən gecikdirilməsi artıq danılmaz fakta çevrilib.
Başqa yandan, bu gün Ermənistanda cərəyan edən daxili siyasi prosesləri bəhanə edən və həmin bəhanələr fonunda vaxtı uzadan rəsmi İrəvan digər tərəfdən Rusiyanın dəstəyinə hesablanmış addımlar atır, bu addımların isə Xankəndidəki separatçı-quldur rejimə də sirayət etməsi açıq-aydın görünür.Yəni RSK-nın nəzarəti altındakı Qarabağ bölgələrində hələ də qanunsuz erməni silahlılarının mövcudluğu, Ermənistandan Qarabağa rəsmi şəxslərlə yanaşı, silahlı şəxslərin də daxil olması, silahların keçirilməsi, qondarma rejimin hərbi səfərbərlik elan etməsi, səngərlərin və müdagiə istehkamlarının qurulması, erməni silahlılarının patrul xidməti göstərməsi və s. kimi çoxsaylı faktlar, dəlillər Bakını düşünməyə və qərar çıxarmağa vadar etməkdədir. Çünki bəyanat imzalanıb və qəbul edilmiş qərarlar reallaşdırılmalıdır!
Ancaq daha bir fakt da budur ki, Bakı hər zaman öz vədinə, sözünə sadiqliyini nümayiş etdirib və bundan sonra da etdirəcək, lakin belə görünür ki, İrəvanla Moskva haqqında ümumiyyətlə, bu barədə danışmağa dəyməz.
Biz görürük ki, Rusiya birmənalı olaraq Ermənistanı dəstəkləyir və əlinə düşən hər imkanında Qarabağdakı separatçı qurumun əlinə oynayır!
Artıq belə bir sual yaranır: Rusiya sülhməramlı kontingenti həmin ərazilərdə baş verən terror əməllərinə niyə göz yumur və belə hadisələri ört-basdır etməyə çalışır? Nəyə görə Azərbaycanın ərazisində cinayət törətmiş biri qanunsuz, tanınmayan, heç bir rəsmi hüququ olmayan bir “quruma” təhvil verilir? Deməli, ya RSK öz missiyasının öhdəsindən gələ bilmir, ya da rəsmi Moskva bəyanatda qoyulmuş imzasına hörmətsizlik nümayiş etdirir. Hansı ki, Rusiya münaqişənin tənzimlənməsi və başa çatdırılması üçün ortaqlıq mövqeyini sərgiləyib və onun bu məsələdə tərəf tutması, ümumiyyətlə, heç bir çərçivəyə sığa bilməz. Amma biz nəyi müşahidə edirik? Biz görürük ki, Rusiya birmənalı olaraq Ermənistanı dəstəkləyir və əlinə düşən hər imkanında Qarabağdakı separatçı qurumun əlinə oynayır!
Bəli, Ermənistan Rusiyanın diktəsi altında fəaliyyət göstərən KTMT-nin, Avrasiya İqtisadi Birliyinin üzvüdür, ancaq bu, o demək deyil ki, Rusiya beynəlxalq hüquq çərçivəsində tanınan Azərbaycan toraqlarındakı quldur rejimin “dəyirmanına su tökməlidir”.
Laçın dəhlizinə də Gorus-Qafan yolunda olduğu kimi Azərbaycan postu yerləşdirilməli və gəlib-gedən hər kəs ciddi şəkildə yoxlanılmalıdır
Bu zaman söz Bakıya düşür və əlbəttə ki, baş verən qanunsuzluqların aradan qaldırılması yönündə ciddi tədbirlərini davam etdirir. Artıq o da məlumdur ki, Laçın dəhlizi vasitəsi ilə erməni silahlılarının Qarabağa sızması faktının qarşısının alınması üçün Azərbaycan tərəfi mütləq adekvat tədbirlər görməli, ermənilərin quldur, işğalçılıq xislətli siyasətlərini davam etdirələri üçün Qarabağa keçdikləri dəhliz ya bağlanmalı, ya da həmin dəhlizdə Azərbaycan Ordusunun postları, yaxud dayaq məntəqələri qurulmalıdır. Belə ki, Laçın dəhlizinə də Gorus-Qafan yolunda olduğu kimi, Azərbaycan postu yerləşdirilməli və gəlib-gedən hər kəs ciddi şəkildə yoxlanılmalıdır.
Qaldı ki erməni terrorçusunun məhz erməni tərəfinə təhvil verilməsinə, bu məsələdə də son sözü əlbəttə ki, Azərbaycan deməlidir. Çünki həmin addım Rusiyanın Azərbaycana qarşı münasibətinin heç də səmimi olmadığını olmadığını göstərir. Halbuki, bir müddət əvvəl Azərbaycan hərbçisi RSK-nın nəzarətində olan əraziyə keçərkən quldur rejimin “orqanları” onu bir aya yaxın müddətdə özlərində saxladılar və təhvil vermədilər. Yalnız Azərbaycan tərəfinin kəskin irad və ittihamlarından sonra o geriyə qaytarıldı. Belə olan halda istər RSK olsun, istərsə də əmrlərini aldığı Moskva-terror hadisəsini törədən erməni Norayr Mirzoyan mütləq qaydada Azərbaycana təhvil verilməli və törətdiyi cinayətini Azərbaycanın ərazisində həyata keçirdiyinə görə də məhz bizim qanunlarımızla mühakimə olunmalıdır. Əks halda, Rusiyanın onsuz da itən etimadı daha da itirilmiş olacaq. Hər halda gec deyil...
Rövşən RƏSULOV