Ənənəvi təbabət və müasir təbabət: hansı harada köməyə gəlir? – ARAŞDIRMA

15 Noyabr 2021 14:04 (UTC+04:00)

Müasir kmyəvi təbabət daha çox inkişaf etsə də, bir çox xəstəliklərin öhdəsindən gələ bilmir. Ənənəvi təbii təbabət isə böyük hissəsi tarixin dərin qatlarında itirilsə də, istənilən xəstəliyi müalicə etmək gücündədir, hətta ağır xərçəng növlərini belə. Bir sıra ölkələrdə, məsələn, Çində, Hindistanda, Yaponiyada, İranda bir çox xəstəlikləri ənənəvi təbabətlə müalicə edirlər. Elə Azərbaycanda da xalq təbabəti çox qədim və zəngin ənənələrə malikdir. Lakin müasir təbabət də bəzi kimyəvi tərkibli dərmanlarla bir çox xəstəliyi müalicə edə bilir. Ona görə ki, həmin tərkibi təbii məhsullardan almaq çox çətindir. Fərq həm də ondadır ki, təbii dərmanlar bir yeri müalicə edərkən digər orqanlara zərər vurmur, lakin bu sözü müasir kimyəvi dərmanlar haqda demək mümkün deyil.

Qurbağa zobu necə müalicə edir?

Bütün dünyada olduğu kimi, Azərbaycanda da qədimdən bəri təbii üsullarla müalicə metodları mövcud olub. Şərqin İbn Sina kimi dahi təbibi olub və onun öz dövründə müalicə edə bilmədiyi xəsətlik olmayıb. Təbiblər, loğmanlar insanın müşxtəlif xəstəliklərini elə təbiətin öz gücü ilə - heyvanlar, həşaratlar, sürünənlər, bitkilər, faydalı qazıntılar, Günəş, su və s. ilə müalicə edib. Neftlə, vulkan palçığı ilə, duzla, duzlu su ilə müalicə yerləri ölkəmizdə də var. Amma təbii təbabətin də düzgün qaydaları var və onlara əməl olunmalıdır. Bunun üçün, hər “yoldan keçəndən” yox, bu elmin bilicilərindən məsləhət almaq lazımdır.

Bizim coğrafiya üçün xarakterik olan xəstəliklər elə öz ölkəmizin təbii ehtiyatları, canlıları ilə müalicə edilir. Ölkəmizdə ən çox rastlanan xəstəliklərdən biri də zobdur. Bu, Azərbaycanda içməli suyun tərkibində yodun azlığı ilə bağlıdır. Zobun müalicəsi ilə bağlı qədim Çin təbabəti ölkəmizdə bəzi həkimlər tərəfindən tətbiq edilir.

Maraqlı burasıdır ki, zob qurbağa vasitəsilə də müalicə edilir. Çay qurbağası xəstənin boğazına qoyulur, 3 gün, hər gün 1 saat 30 dəqiqəlik müalicə proseduru tətbiq edilir. Qurbağa boğazdakı zobun zəhərini sorur. Zəli vasitəsilə bir çox xəstəlikləri müalicə edənlər də var. Həm də çox effektli şəkildə. Zəli bütün orqanizmi təmizləyir, immuniteti gücləndirir.

Bədəninə 2600 iynə sancılarsa...

Təbabətdə maraq doğruran müalicə üsullarından biri də ölkəmizdə də tətbiq edilən akapunktr metodudur. Bu, çoxsaylı iynələrin bədənin müəyyən nöqtələrinə sancılmaqla olan müalicə üsuludur. Hippokrat çox istifadə etdiyi bu müalicə üsuluna “insanın daxili həkimi” adını verib. Son vaxtlar akapunktr ilə müalicə metodu xeyli təkmilləşib. Bu müalicə üsulu onkoloji xəstəliklərdən başqa bütün xəstəliklərin müalicəsində istifadə edilir.

Təbiblər deyir ki, nevroloji xəstəliklər, üz sinirinin paret və nevritləri, osteaxondroz, onurğa yırtıqları, miqren və baş ağrıları, kişilərdə cinsi problemlər yarananda bu müalicə üsuluna müraciət etmək olar. Lakin bu müalicə metodu xeyirli olduğu qədər də zərər verə bilər. Belə ki, öz işini yaxşı bilməyən akapunktr həkimi iynələri təhlükəli yerlərə sancaraq bədənin iflic olmasına səbəb ola bilər. Qədimdə bədəndə iynə yerləşdiriləcək 1600 nöqtə vardı, lakin indi akapunktr iynələri 2600 nöqtəyə tətbiq edilir. Akapunktr müalicəsinin bir şüarı var – metal müalicə etməyən xəstəliyi heç bir üsul müalicə edə bilməz.

Zəli, ilan, delfin- sağlamlığın dostları

Bu gün dünyada psixoloji problem yaşayan kifayət qədər çox insan var. Amma son illər delfinlərin psixi problemlərə kömək etdiyi məlum olduqdan sonra psixoloqların işi azalıb. Bir çox Avropa ölkəsində psixi problemi olan insanlara delfinlərlə ünsiyyət məsləhət görülür, delfinlə üzmək, əylənmək insanı bütün psixotrop dərmanlardan daha yaxşı müalicə edir. Nevrozun müalicəsində təbiət qoynuna yaşamaq, meşədə gəzmək, heyvanlarla təmasda olmaq çox böyük effekt verir.

Ciddi fiziki və mənəvi yorğunluq duyan insanların ilanla müalicəsi barədə bilirdinizmi? Bir çox şərq ölkəsində zəhərsiz və ya zəhər dişi çıxarılmış ilanları çılpaq soyunmuş pasiyentin bədəninə buraxırlar. Pasiyent ilanlardan qorxmamalı, sakitliyini qorumalıdır. Əks halda ilanlar qəzəblənə və boğaza dolanaraq nəfəs almağa mane ola, hətta pasiyenti boğaraq öldürə bilərlər.

Qədim Çində, Hindistanda, Tibetdə istifadə edilən bir başqa tibbi üsul da zəlilər idi. Zəlilər dövrün həkimlərinin bir çox xəstəliyə səbəb olduğunu düşündükləri çirkli qanı çəkmək üçün istifadə edilirdi. Müasir tibbdə, zəlilərə rekonstraktif cərrahiyyədə, iltihablı yaralar, çiban, oynaq ağrıları, sonsuzluq, qan və qan dövranı problemləri, cinsi yolla yoluxan infeksiyalar, xroniki iltihab prosesləri, ürək qüsurları, ürəyin işemik ritmi, stenokardiya, maddələr mübadiləsinin pozuntusu, osteoxandroz, uroloji, ağ ciyər, qara ciyər, mədə-bağırsaq, cinsi sfera, ginekoloji, revmatizm, dəri və bir sıra digər xəstəliklər zamanı tətbiq edilir. Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini də bərpa edə bilir.

Ac qalmaqla və qan verməklə müalicə

Ac qalmaqla bir çox xəstəlikləri müalicə etmək, qanı təmizləmək, bədəndən şlakları və toksinləri çıxarmaq, orqanizmə sanki yenidən güc vermək mümkündür. Məşhur alim Pol Breqqin bu üsulu elmi şəkildə öyrənib tətbiq etməsi ilə dünya nizamlı aclığın necə qüdrətli bir dərman olması həqiqətini bilmiş oldu. Dinlərdə bu, oruc formasında təsbiq olunub.

Qan alma müalicə üsulu da qədim Tibetdə daha çox yayılmışdı. Çin və hind təbiblərinin də çox müraciət etdiyi bu üsul vasitəsi ilə bədəndən bir qədər qan alınır və bununla bir çox xəstəliyin müalicə olunduğu hesab edilirdi. Tibb tarixində yüksək təzyiqli, qızdırma, baş ağrısı kimi şikayətləri olanların məhz qan alma yolu ilə müalicə edilməsi barədə məlumatlar var.

Qədim təbabətdə narkoz yox idi, dolayısı ilə xəstələrin əməliyyat zamanı ağrıkəsiciyə olan ehtiyacı təbii vasitələrlə qarşılanırdı. Bu ağrıkəsicilər iksirlər idi. İksirləri qədim dövrün narkozu da adlandırmaq olar. Əməliyyatlar əsnasında xüsusi iksiri içən xəstə dərin bir yuxuya dalaraq yatır, beləcə ağrı hiss etmədən əməliyyat edilirdi. Amma dozasından çox verilən narkozun xəstənin ölümünə səbəb olacağı kimi iksirlər də lazımı formada və uyğun dozada verilməzsə, xəstələrin ölümünə yol aça bilirdi.

Məlumat üçün qeyd edək ki, öd və böyrəklərdə olan daşların düşməsində də su müalicəsi effektlidir. Dağ çayında axının qarşısında dayanmaq, dəniz, hamam vannası böyrək daşını minimum ağrı ilə salmağa kömək edir.

Ana südü kimyaterapiya əvəzi?

Dünyanı cənginə keçirmiş, ən təhlükəli xəstəlik hesab edilən xərçəng xəstəliyinə qarşı insanın ilk qidası, bəşəriyyətin möcüzəsi hesab edilən ana südünün qüdrətini bilirdinizmi? Xərçəngdən qurtulmaq üçün ən ağrılı yol hesab edilən kimyaterapiyada təhlükəli kimyəvi dərmanlardan istifadə edilir. Uzun müddət kimyaterapiyaya məruz qalan insanın dərisi yanır, bu isə ona dəhşətli ağrılar verir. Xərçəng xəstəsi olanlar kimyaterapiya müalicəsinin ana südü ilə edilə biləcəyi barədə məlumatlı deyillər.

Ana südünün xərçənglə mübarizə edə bilmə gücü 2009-cu ildə yeni ana olmuş qızının südünü içən bir atanın həyat hekayəti zamanı məlum olub. Belə ki, İsveçin Lund və Höteburg universitetlərindən olan alimlər qrupu xərçəng xəstəsi olan bir kişinin müalicəsində qeyri-ənənəvi yoldan istifadə etmək qərarına gəliblər. Xəstənin qızı yeni ana olmuşdu və o hər gün alimlər qrupunun tapşırığı ilə öz südünü sağaraq bir stəkana tökür, bunu xəstə atasına içirirdi. Möcüzə sayəsində xəstənin beynindəki xərçəngli şişlər getdikcə kiçilməyə başladı və nəticədə tamamilə yox oldu. Bu bir təcrübə möcüzəsi idi və ana südünün xərçəng hüceyrələrini öldürə biləcək qüvvədə olması da məhz o zaman məlum oldu.

Araşdırmaçı alimlər, ana südündə olan və “Hamlet” adı verilən maddənin xərçəng hüceyrələrinin ölümünə gətirib çıxardığını kəşf etsə də, bu maddənin xərçəngli hüceyrələr üzərində necə təsir göstərdiyi tam olaraq aydın ola bilmədi. Qəribə olan odur ki, xərçəngi məhv etməsinə baxmayaraq sonralar bu müalicə üsulundan istifadə edilmədi. Kim bilir, bəlkə də dünyanın getdikcə xərçəng əsiri olması bəzi qüvvələrə sərf edir...

Hər bitki bir dərman, hər dərman bir ömür

Təbii mirvari tozunun dəri xərçəngini yox etdiyini bilirdinizmi? Ənənəvi Çin təbabətində parçalanan mirvarilər əvvəl toz halına gətirilir, daha sonra bu toz sadə tərkibli təbii kremlə qarışdırılır və dəriyə tətbiq edilir. Mirvari tozu nəinki xərçəngi müalicə edir, o cümlədən dərini cavan saxlayır. Əsl mirvari istifadə edən qadınların boyun nahiyəsində qırışların yaranmaması da məhz bu səbəbdəndir.

Dövrümüzdə ən adi insan tərəfindən ev üsulu müalicə metodları istifadə edilməkdədir. Məsələn, yanıq yerinə kartof qabığı qoyulması, qızdırmanı salmaq üçün gicitkənlə, keçi piyi və sirkə ilə bədənin ovulması, ayaq altına spirt çəkilməsi, ilan zəhərinin təsirinin öldürülməsi üçün dişlənmiş bölgəyə sirkə ilə gicitkən şirəsinin qarışığının tökülməsi, babasilin müalicəsində keçi piyinin tətbiqi kimi bir çox türkəçarələr mövcuddur.

Keçmişdə taun, cüzam, vəba kimi xəstəliklər qədər təhlükəli hesab edilən, dövrümüzün də ən çox yoluxan xəstəliklərindən biri olan vərəm də limon, bal və sarımsağın qarışığından əmələ gələn xüsusi dərmanla müalicə edilirdi. Bu dərman nəinki vərəmi sağaldır, eləcə də bütün orqanizmin şlaklardan təmizlənməsinə kömək edir. Əgər bitki çaylarının da min bir faydasını bu yazımıza əlavə etsək o zaman təbii təbabətin qüdrətini daha yaxşı anlamış olarıq.

Ətrafda gördüyümüz təbii hər şey dərmandır, sadəcə, bilici əlində. Naşı əllərdə isə bu təhlükəlidir. Ona görə də, bütün hallarda, ağır xəstəliklərin müalicəsi üçün təbii müalicəni özbaşına etmək doğru deyil, bunun üçün xüsusi elmi kitablar və tibbi bioloji təhsili olan bilicilər var.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" istiqaməti çərçivəsində hazırlanıb.