"Amerikanın heç vaxt dünya birliyində həqiqi nüfuzu olmayacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

15 Noyabr 2021 12:37 (UTC+04:00)

“Türk Birliyinin yeni mərhələyə qədəm qoyması çoxdan gözlənilən və obyektiv reallıqdan irəli gələn bir prosesdir. Çünki, əgər 30 il əvvəl Sovet imperiyası çökdükdən sonra insanlarda, toplumlarda türkdilli ölkələrin, respublikaların insanları birlik haqqında danışırdılarsa, onlar artıq yeni Türk əsrinin yaxınlaşmasını təxmin edirdilərsə, orada daha çox romantizm özünü büruzə verirdi. Ancaq 30 ildən sonra biz görürük ki, ölkələrimiz xüsusilə də Azərbaycan və Türkiyə bu birliyin möhkəmlənməsində, yeni layihələrin həyata keçməsində, strateji əhəmiyyətə malik olan sahələrdəki əməkdaşlıqlarına görə artıq elə bir situasiya, elə bir durum formalaşdırıblar ki, bəli, bu birliyin daxilində artıq inteqrasiya prosesləri inkişaf etməlidir, insanlar üçün yeni şəraitlər yaradılmalıdır ki, onlar maneəsiz sərhədləri aşsınlar, yeni-yeni layihələri həyata keçirsinlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, əlbəttə ki, burada siyasi liderlərin üzərinə düşən problemlər, məsələlər vaxtında öz həllini tapır və xüsusilə qeyd etmək istəyirəm ki, liderlərin qətiyyətli olması, uzaqgörən, müdrik olmaları çox vacib bir amil rolunu oynayır: “Çünki, insanlar həm də liderlərə baxırlar, onlardan örnək götürürlər, onların çağırışlarına, onların səsləndirdiyi ideyalara dəstək verirlər. Bu baxımdan əlbəttə türkdilli ölkələrin rəhbərləri, burada ilk növbədə Prezident İlham Əliyevi, Rəcəb Tayyib Ərdoğanı, “Qazaxıstan Elbası” deyilən lideri, Milli Lideri, Nursultan Nazarbayevi, Özbəkistanın rəhbəri Şəfqət Mirzoyevi və digərlərini dilə gətirməyi özümə borc bilirəm. Çünki, bunlar həqiqətən də özlərinin təpəri, qətiyyəti, gördükləri işləri ilə həm diqqətə layiq görülüblər, həm də ki, insanlar tərəfindən böyük rəğbətlə qarşılanıblar. Ona görə də hesab edirəm ki, Türk birliyinin bu amilləri ilk növbədə vacib rol oynayır və əgər dünya birliyində bu məsələlərə bizim inteqrasiyamıza yaxınlaşmağımıza, birliyi əməkdaşlıq təşkilatına çevirməyimizə biraz xor baxanlar varsa, onlar çox nahaq yerə həyəcan keçirirlər. Çünki, türk dünyasının daxilində gedən proseslər, insanların niyyətləri, toplumların qayələri və qarşılarına qoyduqları hədəflər hamısı bir şeydən xəbər verir ki, bu insanlar əməkdaşlığı özləri üçün borc bilirlər, qarşılıqlı anlaşmanı özləri üçün normal sayırlar”.

Politoloq sözlərinə belə davam edib: “Elə hesab edirəm ki, Prezident İlham Əliyevin də bu proseslərdə xüsusi türk dünyasının Şöhrət ordeni ilə təltif olunması böyük bir hadisədir. Çünki, həqiqətən də birliklər istər siyasi, istər iqtisadi zəmində yaranırlar. Ancaq bu birliklərin işlək olması üçün həmişə normal, funksional və tələb olunan təşəbbüslər lazım gəlir və bu baxımdan Azərbaycan Lideri son dərəcə təşəbbüskardır. Bizim həm də Qarabağ ətrafında olan proseslərə Ermənistanla olan qarşıdurmamızda əldə etdiyimiz qalibiyyət də ondan xəbər verir ki, bu da türk dünyasına verilmiş vacib strateji əhəmiyyətə layiq bir töhfədir və onun xüsusi rolu var. Çünki, ümumiyyətlə bu Ermənistanın bölgədə yaratdığı problemlər, onlar ilk növbədə inteqrasiya proseslərinə maneəçilik törədirdi, burada problemli vəziyyət yaradırdı və insanların gediş-gəlişinə, fəaliyyətinə, işgüzarlığına təhdidlər törədirdi”.

“Biz, bu problemin həllini artıq təmin etmişik və yeni dəhlizlər açılır. Ona görə də vaxtilə əgər hər hansı qüvvələrsə bu Ermənistanı yaratmaqla türk dünyasının arasında olan o üzvü bağlılığı, təbii coğrafi bağlılığı qırdılarsa, kəsdilərsə, arakəsmələr yaratdılarsa indi artıq o maneələr də aradan götürülüb. Bu da məhz Prezident İlham Əliyevin xidmətlərinin məntiqi nəticələrindən biridir. Ona görə hesab edirəm ki, türk ümumiyyətlə düz yoldadır, onun qarşısına qoyduğu hədəflər realistik hədəflərdir və ən yaxın zamanlarda biz artıq türk birliyinin dünya sisteminə verdiyi yeni töhfələrin şahidi olacağıq. Təbii ki, bu proseslərdən xalqımız da bəhrələnəcək. Biz birinci dəfə deyil ki, Amerika Birləşmiş Ştatlarının, digər qərb dövlətlərinin ikili standartlarla düşünüb hərəkət etmələrinin şahidi oluruq. Əlbəttə onlar ömür boyu müharibəyə hazırlaşırlar, ömür boyu düşmən axtarışındadırlar və müstəqil dövlətlərin, müstəqil siyasət yeridən məmləkətləri həmişə qara siyahıya salırlar və ona görə də indi təəccüblü deyil ki, onlar demokratiya sammiti keçirirlər və o sammitdə elə ölkələrin iştirakı var ki, onlar tək təəccüb yox həm də çoxsaylı suallar doğururlar. Necə olur ki, Ermənistan məsəl üçün bu sırada var?! Halbuki, Ermənistan birincisi öz daxilində çox mənfur bir siyasətin daşıyıcısıdır. Yəni, o ölkənin rəhbərləri demək olar ki, etnik təmizləmələr keçiriblər. Söhbət tək Azərbaycanlıların qovulmqsından getmir, orda yezidlər, kürdlər, yəhudilər, malakanlar yaşayırdılar. Bir də rus icması, Ukrayna icması, polyaklar da var idilər. İndi onların heç birisi yoxdur. Yəni, faktiki olaraq mono respublikanı yaradan Ermənistanın siyasi elitasıdır və bu ölkədə bu ənənə çox dərin bir kök salıb. Necə ola bilər ki, Ermənistan yüz minlərlə Azərbaycanlının haqqını tapdaladı, insanları bir günün içində, bir neçə vaxtın içində qaçqın və məcburi köçkünə çevirdi, onları zəlil qoydu sonra isə ölkə daxilində etnik təmizləmələr apardı. Ermənistanın ümumiyyətlə, həm daxildə həm öz xaricində keçirdiyi siyasət göstərir ki, onlar bir qayda olaraq qarşıdurma yaratmaq meyllərini gücləndirirlər, barışıq, əmin-amanlıq, qarşılıqlı anlaşma proseslərini ümumiyyətlə inkar edirlər və ona görə də onlar nifrət siyasətini özləri üçün silah seçərək bölgədə ömür boyu gərginlik ocaqları yaradıblar”.

“Digər məmləkətlər də var ki, onların da orda iştirakı suallar doğurur. Məsəl üçün İraqdır, Konqodur, yəni, bunlar elə bir ölkələrdir ki, hələ onların demək olar ki, müəyyən edilmiş siyasi xəttləri yoxdur və orada hakim dairələr də ölkə daxilində olan zorakılığa, nifrət meyllərinə hardasa dözümlülüklə yanaşırlar. Belə olduğu halda əlbəttə ki, bu ölkələri demokratik cərgəyə qatmaq və onları demokratik adlandırmaq özü təəccüblü görünür. Ona görə bu bir sirr deyil ki, Amerika Birləşmiş Ştatları həmişə bu məsələlərə selektiv yanaşır, özünün siyasətinə bəli deyənləri həmişə demokratik sayır, amma öz suveren hüquqlarını qətiyyətlə müdafiə edən məmləkətləri, onların siyasi elitalarını özünə düşmən sayır. Bunu açıq deməsələr də bu belədir. Çünki, biz Amerika siyasətinin haqqında danışıqlara yox, Amerika dövlətinin etdikləri əməllərə, onların həyata keçirdiyi təşəbbüslərə diqqət yetirməliyik və bu baxımdan elə başa düşürəm ki, Amerika ştatlarının ümumiyyətlə, dünya birliyi qarşısında çox böyük kəsirləri var. Onları zaman-zaman əgər Amerika siyasi rəhbərliyi, elitaları bunları aradan qaldırmasalar Amerikanın heç vaxt dünya birliyində həqiqi nüfuzu olmayacaq”.

Ayşən Vəli