ABŞ təyyarəsi vuruldu

13 Noyabr 2021 15:15 (UTC+04:00)

Yəməndə İranın dəstəklədiyi husilərin Marib vilayətində ABŞ istehsalı olan casus təyyarəsini vurduqlarını iddia etdikləri bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya əs-Seri verdiyi yazılı açıqlamada ABŞ istehsalı olan "Scan Eagle" tipli casus təyyarəsini vurduqlarını açıqlayıb. Təyyarənin Maribdə "düşmən fəaliyyətləri" həyata keçirərkən vurulduğunu qeyd edən Seri husilərin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib. Seri bildirib ki, casus təyyarəsi Marib vilayətinin Kuba bölgəsində vurulub və bu, onların bu il vurduqları eyni tipli 6-cı təyyarədir. Məsələ ilə bağlı koalisiya qüvvələri və Yəmən hökumətindən hələlik heç bir açıqlama verilməyib.

Yəməndəki husilər noyabrın 9-da ABŞ istehsalı olan “Scan Eagle” tipli casus təyyarəsini yenidən Marib əyalətində vurduqlarını açıqlayıb. Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə İranın dəstəklədiyi husilərlə hökumətə bağlı qüvvələr arasında toqquşmalar gedir. Husilər 2014-cü ilin sentyabrından paytaxt Sənanı və bəzi bölgələri nəzarətdə saxlasa da, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.