Ali təhsil sisteminin inkişafına xidmət edən layihə

12 Noyabr 2021 18:56 (UTC+04:00)

10 noyabr 2021-ci il tarixində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti görüşü Bakı Ali Neft Məktəbində keçirilib.

Görüşün məqsədi layihə çərçivəsində aparılan tədqiqat işlərinin nəticələrinin ali təhsilin maraqlı tərəfləri ilə bölüşülməsi və bu nəticələr barəsində müvafiq müzakirələrin aparılması olub. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycanın 19 universitetinin rektorları və prorektorları, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov və layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının, Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Beynəlxalq Biznes Universitetlər Birliyinin məsul nümayəndələri tədbirdə iştirak ediblər.

Universitetlər arasında təcübə mübadiləsi əhəmiyyətlidir

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçıları salamlayaraq Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə öz təbriklərini çatdırıb. Rektor universitetlər arasında təcübələrin mübadiləsi, birgə müzakirələrin aparılması və ümumilikdə ali təhsilin inkişafı baxımından layihənin əhəmiyyəti və vacibliyindən bəhs edib. Yekunda rektor layihənin koordinatoru olan Bakı Biznes Universitetinə və layihə müəlliflərinə təşəkkür edərək tədbirin gedişinə uğurlar arzulayıb.

Yaradılacaq komitələr vasitəsilə qərarvermə prosesi optimallaşacaq

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli təmsil etdiyi nazirliyin adından tədbir iştirakçılarını

salamlayıb və bayramlar münasibətilə onları təbrik edib. Nicat Məmmədli sözügedən layihənin universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə, tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunmasına, yaradılacaq komitələr vasitəsilə qərarvermə proseslərinin optimallaşmasına, qarşılıqlı əlaqələrin dinamik şəkildə qurulmasına və nəhayət, Azərbaycan ali təhsil məkanının inkişafına töhfələr verəcəyini vurğulayıb.

Daha sonra Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov Rektorlar Konfransı barəsində beynəlxalq təcrübəni bölüşüb və layihənin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. P.Bağırov, həmçinin Erasmus proqramının növbəti 7 illik mərhələsinin məqsədi, büdcəsi və prioritetləri barəsində ətraflı çıxış edib.

Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov çıxışında layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində məlumat verib. Eyni zamanda, E. Bayramov layihə çərçivəsində aparılan tədqiqatların məqsədi, mərhələləri və istifadə edilən metodologiya haqqında təqdimat edib.

Şəbəkələşmə, əməkdaşlıq və kommunikasiya

Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknytė-Petreikienė Azərbaycan ali təhsil məkanında maraqlı tərəflər arasında şəbəkələşmə, əməkdaşlıq və kommunikasiya məsələlərinə həsr edilmiş sorğuların nəticələrini statistik göstəricilərlə nümayiş etdirib. İ.Juknytė-Petreikienė əldə edilən nəticələrə əsasən, Azərbaycan universitetlərində mövcud vəziyyəti iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra Mykolas Romeris Universitetinin prorektoru professor Regina Valutyte və layihə koordinatoru Gülşən Bayramova Azərbaycanda Rektorlar Konfransının yaradılmasının qanunvericilik bazası haqqında çıxış edərək yerli və beynəlxalq səviyyədə aparılmış təhlillərin nəticələri, Konfransın səmərəli fəaliyyəti üçün müvafiq hüquqi tənzimləmənin və ən uyğun idarəetmə modellərinin müəyyən edilməsi haqqında geniş məlumat təqdim ediblər.

Tədbirin yekununda layihənin koordinatoru olan Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov çıxış edərək “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin bütün tərəfdaşlarına öz minnətdarlığını bildirib və layihənin işinə müvəffəqiyyətlər arzulayıb.