Movses Akopyan: “Sünikdə (Zəngəzurda) yaradılmış buraxılış məntəqəsi – Ermənistan hakimiyyətinə messecdir”
Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, hazırda Ermənistan hakimiyyəti üçtərəfli bəyanatda əks olunmuşları həyata keçirir, sadəcə bu, ictimaiyyətə hissə-hissə təqdim olunur. SİA adıçəkilən erməni nəşrinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri baş qərargahının sabiq rəisi Movses Akopyan söhbəti zamanı bildirib ki, hələ bir neçə ay əvvəl üçtərəfli bəyanata əsasən, Gorus-Qafan yolunun bir hissəsi Azərbaycana təhvil verilib.
“Artıq 9 noyabrda (10 noyabr) imzalanmış sənəddən də aydın idi ki, Azərbaycan bu yolda yerləşəcək, əgər kimlərsə bu gün baş verənlərə təəccüb edirlərsə ya coğrafiyanı yaxşı bilmirlər, ya da imzalanmış sənədin məğzini anlamayıblar.
Belə çıxır ki, bu gün Azərbaycan öz ərazisində nə istəyirsə onu da edir. Əgər bu gün sərhəd məntəqəsi qurubsa, onda sabah yolu qaza və nəqliyyatın yolun bu hissəsindən keçməyinə qadağa qoya bilər...”, deyən Akopyan həmin ifadəsinə məhz “əzabkeş və məzlum erməni” həyasızlığına xas olan fikrini də əlavə edib və deyib ki, guya Azərbaycan sərhədçiləri həmin yoldan keçən erməniləri saxlayaraq onları Azərbaycana qarşı cinayət törətməkdə ittiham edə bilərmiş.
“Joxovurd” yazır ki, Movses Akopyanın sözlərinə görə, Azərbaycan Zəngəzurdan Naxçıvana dəhliz çəkmək istəyir. O, Əliyevin (Azərbaycan Prezidenti İlham Əliyevin) sözlərindən sitat gətirib ki, “əgər dəhliz sözü sizin xoşunuza gəlmirsə, onda Laşın dəhlizi sözünü də dəyişə bilərsiniz”. Və əgər Laçın dəhlizinin adı dəyişilərsə, onda ora sadəcə Ermənistanla Qarabağı birləşdirən avtomobil trasına çevriləcək, Azərbaycan isə orada gömrük məntəqələri və pasport nəzarəti rejimi məsələsini qaldıracaq. Yəni Sünikdə (Zəngəzurda) qurulan buraxılış məntəqəsi bizim hakimiyyətimizə olan messecdir, əgər dəhliz olmasa onda müvafiq buraxılış məntəqələri Qarabağda, Sünikdə (Zəngəzurda), sabah-birigün isə Azərbaycan silahlı qüvvələrinin olduqları yerlərdə yaradılacaq”, erməni nəşri Movses Akopyanın sözlərini yazıb.
Rövşən RƏSULOV