Daşqın nəticəsində 14 nəfər ölüb

11 Noyabr 2021 19:03 (UTC+04:00)

Hindistanın cənubundakı Tamil Nadu ştatında leysan yağışların səbəb olduğu daşqınlarda ən azı 14 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər tərəfindən verilən açıqlamada şiddətli yağışın yaratdığı seldə suyun küçələrdən çəkildiyi, lakin alçaq sahələrin yenidən su altında qala biləcəyi bildirilib.

Vətəndaşları çölə çıxmamağa çağıran rəsmilər daşqınlar nəticəsində ən azı 14 nəfərin öldüyünü, 800 daxmanın dağıldığını bildirib. 100-dən çox yardım mərkəzinin yaradıldığı və şiddətli yağışdan zərər çəkənlərə pulsuz ərzaq paylandığı qeyd edilib.Daşqından ən çox zərər çəkmiş ştatın paytaxtı Çennaya uçuşların dayandırıldığı bildirilib. Noyabrın 9-da güclü yağışlar səbəbindən Çennay, Madurai, Kançi və Çenqalpattu da daxil olmaqla bir çox rayonda təhsil dayandırılıb. Çennai və ona bitişik əraziləri vuran güclü yağışlar səbəbi ilə 500-dən çox insan təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

Hindistan Meteorologiya Departamenti (IMD) dünən verdiyi açıqlamada Kerala və Andhra Pradeş ştatlarının cənub sahillərində də növbəti 5 gün ərzində yağıntıların mülayim ola biləcəyini söyləyib. Bəzi sosial media istifadəçiləri vəziyyətin 2015-ci ildə ştatda 200-dən çox insanın ölümünə səbəb olan daşqınlar qədər ağır olduğunu bildirib. Mütəxəssislər bildirirlər ki, ilin bu vaxtında şəhər tez-tez leysan yağışlarla qarşılaşsa da, nəzarətsiz inkişaf və pis şəhərsalma dağıntılara və xaosa səbəb olur, eyni zamanda qlobal istiləşmənin yaratdığı iqlim dəyişikliyi də problemə öz töhfəsini verir və həddindən artıq yağıntıların daha çox və tez-tez baş verməsi ehtimalını artırır.