
Ötən əsrin sonlarından, daha dəqiq desək, 1991-ci ildən etibarən müstəqilliyini yenicə bərpa edən ölkəmizdə ciddi problemlər yaşanırdı və siyasi-iqtisadi böhranla, daxili çəkişmələrlə yanaşı Ermənistanla müharibə şəraiti səbəbindən Azərbaycanın bir dövlət olaraq mövcudluğu belə sual altında idi. Azərbaycan ərazilərinin işğalına başlayan Ermənistan öz havadarları sayəsində təkcə müharibədə deyil, eləcə də informasiya savaşında da üstünlük əldə edir, öz çirkin planlarını həyata keçirirdi ki, bu zaman vəziyyəti Azərbaycanın xeyrinə dəyişmək, haqlı olduğumuzun, ədalətli mövqeyimizin dünyaya çatdırması üçün yalnız qüdrətli dövlət yox, həm də güclü lobbinin yaradılmasına hər şeydən çox, çox böyük ehtiyac duyulurdu. Nəzərə almaq lazımdır ki, 1993-cü ildə, belə bir çətin məqamda, çətin durumda Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və müdrik siyasıti ilə işlər sahmana salınmağa başladı, sabitliyin bərqərar olunması, qanunvericilik bazasının yaradılması ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla, onların təmsil olunduqları cəmiyyət və birliklərlə əlaqələr gücləndirildi, genişləndirildi ki, bütün bunlar hələ də öz bəhrəsini verməkdədir.
Xatırladığımız kimi, Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra öz xarici səfərləri çərçivəsində olduğu ölkədə yaşayan soydaşlarımızla mütəmadi olaraq görüşürdü. O, soydaşlarımızla görüşü zamanı onları dinləyir, onlarla maraqlanır və məsləhətlərini əsirgəmirdi. Ümummilli Lider soydaşlarımızla hər görüşü zamanı onlara Azərbaycanla, eləcə də digər ölkələrdə yaşayan soydaşlarımızla, həmvətənlərimizlə sıx əlaqə qurmağı tövsiyyə edirdi. Təbii ki, bu tövsiyyələrin fonunda əlaqələrin günü-gündən artdığı da təkzib edilə bilməz. Xarici ölkələrdə yaşayan soydaşlarımızın bir-biri ilə sıx əlaqə yaratması, bunun üçün Azərbaycanın da verdiyi dəstək təsdiq edir ki, artıq diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinn prioritet istiqamətlərindən birinə çevrilmişdi və bu istiqmətdə artıq uğurlar, nailiyyətlər əldə olunurdu. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycanla, eləcə də bir-birləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, icmalar, cəmiyyətlər və birliklərarası fəaliyyətin genişləndirilməsi, müntəzəmliyin təmin olunması vacib və təxirəsalınmaz məsələlər olaraq diqqət mərkəzində idi və bu gün diaspor quruculuğu, lobbişilik fəaliyyəti sahəsində əldə olunanlar bunun məntiqi nəticəsidir.
Diaspor quruculuğunu, lobbişilik fəaliyyətini layiqincə qiymətləndirən Ulu Öndər Heydər Əliyev “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 23 may 2001-ci il tarixində sərəncam imzaladı və elə bundan cəmi beş ay sonra, yəni 9 noyabr və 10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Etiraf etmək lazımdır ki, bu qurultayın keçirilməsi diaspor quruculuğu və lobbiçilik fəaliyyəti istiqamətində böyük bir prosesin başlanğıcı kimi tarixə yazılmalıdır, hansıki bu qurultayda 36 ölkədən 200-dən də çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak edirdi. Onu da yadda saxlamaq lazımdır ki, “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Heydər Əliyevin 2002-ci il iyulun 5-də imzaladığı fərman ilə lobbiçiliyin mütəşəkkilləşmə dövrü başlandı və komitənin yaradılmasında əsas məqsəd xaricdə yaşayan həmvətənlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi olub.
Ulu Öndərin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev bu siyasəti, bu siyasi xətti davam etdirməklə böyük nailiyyətlər əldə edildi. Lobbiçiliyin həyata keçirilməsi üçün ilk növbədə xarici dövlətlərdə güclü diasporun formalaşdırılması, eləcə də qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətini nəzərə alan cənab Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı ki, bununla da artıq tam hüquqi baza yaradıldı.
Etiraf edək ki, indi artıq diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilməkdədir və qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində qarşıya yeni vəzifələr qoyur. Çünki, zamanın tələblərinə müvafiq şəkildə xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini artıq tarixi zərurətə çevirir. Təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da məhz bu zərurətdən irəli gəlibdir.
Sevindirici haldır ki, koordinasiyalı fəaliyyət nəticəsində artıq Azərbaycan lobbisi dünyanın ən güclü lobbilərindən birinə çevrilməkdədir. Diaspor quruculuğu dövlət siyasətinin ana xəttini təşkil edir. Bir zamanlar xəyal kimi görünən məsələlər bu gün tamamilə bizim xeyrimizə dəyişir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi və tövsiyəsi ilə müdafiə mövqeyindən hücum taktikasına keçən lobbimizin yüksək fəallığı nəticəsində artıq haqq səsimiz dünyada eşidilir. İftira və yalan üzərində qurulan erməni lobbiçilik mifi isə iflasa uğrayır, günü-gündən zəifləyir, hətta yoxa çıxır. Baxmayaraq ki, hazırda dünyada 870 erməni diaspor təşkilatı bizə qarşı fəaliyyət göstərir, onların deyil, bizim nüfuzumuz durmadan artmaqdadır və onlar artıq heç nəyə nail ola bilmirlər. Bu da əlbəttə ki, Azərbaycan hökuməti və lobbisinin birgə fəaliyyətinin gücünün göstəricisidir. Artıq erməni lobbisi Azərbaycan əleyhinə dünyanın harasında tədbir keçirməyə cəhd edirsə, qarşısında mütəşəkkil və güclü Azərbaycan lobbisini görür. Bu ondan irəli gəlir ki, dövlətimiz bu istiqamətdə perspektivə hesablanmış addımlar da atır və nəzərə almaq lazımdır ki, hər il potensial diaspor ola biləcək yüzlərlə gənc dövlət hesabına dünyanın ən yüksək səviyyəli ali məktəblərində təhsil almağa göndərilir.
Artıq Azərbaycan diasporu formalaşma dövrünü arxada qoyub, çoxdandır ki, nəticələr, uğurlar dövrünə başlayıb. Xarici ölkələrdə koordinasiya mərkəzlərinin yaradılması, təşkilatların sayının sürətlə artması, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən istər xaricdə, istərsə də ölkə daxilində mütəmadi olaraq cəmiyyət və təşkilat sədrlərinin iştirakı ilə tədbirlərin, qurultayların keçirilməsi işləri daha da asanlaşdırır, lobbiçilik fəaliyyətinə öz tövhələrini verir. Bu gün işğalçılıq siyasəti yürüdən, buna görə də məhvə sürüklənən, müharibədə rüsvayçı şəkildə məğlub olan Ermənistan adlı bir dövlət diaspor tərəfindən göndərilən dilənçi payına möhtac qalıb. Halbuki, Azərbaycan Respublikası əksinə, lobbiçilik fəaliyyətinə maliyyə dəstəyi verir, onun inkişafına yardımçıdır. Elə bu baxımdan da diaspor və lobbiçilik fəaliyyətinin bundan sonra daha geniş şəkildə və sürətlə inkişaf edəcəyi barədə nikbin proqnozlar var. Son zamanlar, xüsusən də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük müharibə dövründə və bundan sonra xalqın birliyi, vətəndaşlarımız, soydaşlarımız arasındakı həmrəylik bunu bir daha təsdiq edir, ümidləri isə daha da artırır.
İnam Hacıyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.