Buna nə ad vermək olar?

11 Noyabr 2021 15:40 (UTC+04:00)

Elçin Bayramlı

Bu günlərdə Ədliyyə Nazirliyi yeni doğulan uşaqlara verilməsinə cəhd edilən biabırçı adların yeni siyahısını açıqlayıb. Siyahıya baxanda şükür edirsən ki, nə yaxşı dövlət bu sahədə biabırçılığın qarşısını almaq üçün uşaqlara belə adların qoyulmasına imkan vermir.

Əlbəttə, uşağa adın verilməsi hər bir valideynin öz haqqı və hüququdur. Lakin burada nəzərə alınması vacib olan bəzi məqamlar var ki, bu yazıda onlara toxunmaq istəyirəm.

Əvvəla, qeyd etməliyik ki, adlar milli mədəniyyətin əsas elementlərindən biri olmaqla yanaşı, həm də milli identifikasiya komponentidir. Hər xalqın adları onun öz ana dilində, yaxşı mənası və səslənişi olan sözlərdən seçilməlidir.

Hər hansı bir xalqda eyni adların kütləvi qoyulması o xalqın yaradıcılıq və təfəkkür səviyyəsinin lazımi həddə olmadığını göstərir. Zəngin mədəniyyətə, qədim tarixə malik xalqlarda belə hallar olmur və olmamalıdır. Məsələn, yaponlarda 100 mindən yuxarı ad var.

Azərbaycan ərəblər tərəfindən işğal olunduqdan sonra, ərəb adları milli adları sıxışdırmağa başladı, sonralar hakimiyyətdə olan farsların təsiri ilə fars adları da buna qoşuldu.

Sovet dövründə ərəb, fars adları azaldı, milli adlar üstünlük təşkil etməyə başladı. Burada əhalinin savadlanması ilə yanaşı, ədəbiyyatın, teatrın, kinonun, aparılan təbliğatın da böyük rolu oldu. Çoxlu yeni milli adlar yarandı ki, bu sətirlərin müəllifinin adı da bura daxildir. Düzdür, bəzən uşaqlara siyasi, iqtisadi terminlər və ya texnika adları qoyulurdu ki, bu da çox nadir hallarda qeydə alınırdı.

Son vaxtlar açıqlanan adqoyma siyahılarında həm gülməli adlara çox rast gəlinir, həm də dini adlara. Gülməli adların qoyulmasını valideynin psixi problemləri ilə rahatca izah etmək mümkündür.

İndiki geniş yayılmış dini adlara gəldikdə isə, təbii ki, burada əsas faktor mövhumatdır. İnsanlar düşünür ki, müqəddəs şəxslərin adlarını uşaqlarına qoysalar onun üçün yaxşı olacaq. Lakin düşünmürlər ki, həyatda hər kəs hər şeyi öz zəhməti, biliyi, ağlı ilə qazanır, adının necə olması ilə yox.

Müqəddəs şəxslərin adını qoymaqla uşağın taleyi valideynin istədiyi kimi formalaşmır. Məhəmməd, Əli, Yusif, Hüseyn, Fatma, Zəhra, Xədicə... adları qoyulmuş bəzi şəxslər böyüyüb cinayətkar, əxlaqsız adam olurlar. Bəs onda harada qaldı bu adların təsiri?

Demək, valideyn uşağa övliya şəxslərin adını verməkdənsə, ona tərbiyə, təhsil və sağlamlıq versə yaxşı olar. Ona görə də, ərəb adlarının yerinə öz milli adlarımızı qoymalıyıq. Üstəlik, bu adlar islamla bağlı da deyil, islamdan qabaqkı dövrdəki ərəb və yəhudi adlarıdır. Tanrı insana adına görə yox, əməllərinə görə qiymət verir, elə insanlar da. Bəzi valideynlər bunu anlasalar yaxşı olar.

Əgər bir sinifdə 10 oğlan uşağı varsa və 7-sinin adı Məhəmməddirsə və ya 10 qız varsa və 7-nin adı Zəhradırsa, bu, problemdir. Azərbaycan və Türkiyədə bəzi filmlərdə buna işarə edilib və etiraz bilidirib. Məsələn, “Əhməd haradadır” və “Çalıquşu” filmlərini misal göstərmək kifayətdir.

Digər bir təsir seriallarla bağlıdır. Belə ki, bizim evdar qadınlar bütün günü bu seriallara baxır, serial qəhrəmanlarının təsiri ilə yaşayır və uşaqlarına onların adlarının qoyulmasını təkid edirlər. Halbuki bu adın nə mənası, nə də kökü aydın deyil. Bəzi hallarda isə pis mənası var. Ad dəblə yox, milliliyi və müsbət mənası ilə seçilməlidir.

Başqa bir problem müasir gənclərin bizim qədim adlarımızı köhnəlmiş hesab etmələridir. Guya ki, köhnə ad pis imiş, mütləq yeni qondarma, ya da süni dəbə minmiş, mənası naməlum ad qoyulmalıymış. Bu, axmaq yanaşmadır. Əvvəla, köhnə adlar özündə mənəvi-psixoloji mahiyyət, genetik informasiya daşıyır, dövrlər, nəsillərarası əlaqəni qırılmağa qoymur.

İkincisi kim və necə müəyyən edir ki, köhnə adlar pisdir, yeni adlar yaxşıdır? Tək bir hərflə- S ilə başlayan köhnə qız adlarına baxaq- Sona, Süsən, Sənəm, Selcan, Səma, Sevda, Sevinc, Seyran... Sizin hansı müasir adlarınız bunlardan daha mənalıdır, daha gözəldir? Demək, köhnə adlar problem deyil, problem sizin beyninizdədir.

Yeni də olanda yenə öz ana dilimizdə olan sözlərdən yaransa, dərd yarıdır. Lakin belə deyil. Xalqımızın tarixində heç vaxt qoyulmayan və işlənməyən sözlərdən ibarət adlar qoyulur uşaqlara. Belə getsə, yaxın gələcəkdə yeni nəsillərlə köhnə nəsillərin adları tamam fərqli olacaq- sanki eyni millətdən deyilik. Nəsillərarası tarixi əlaqə kəsiləcək. Bir millətin assimilyasiya olması üçün bu da kifayət edər.

Ola bilsin valideyn psixi xəstədir, bu, o demək deyil ki, övladına, misal üçün, Sərxoş adı qoya bilər və uşaq ömür boyu lağ hədəfi olmalıdır. Bu psixotravmanı uşağına vurmağa valideynin heç bir ixtiyarı yoxdur.

Adlara yanaşmada diqqət verilməsi vacib olan nüanslar var. Elə adlar var ki, insanlar onu lağa qoyur, lakin o Azərbaycanda yaşayan hansısa bir xalqın dilində normal sözdür, normal mənası var, sadəcə, bizə tələffüzü qəribə gəlir, ya da eşitmədiyimiz addır. Bu, doğru deyil.

Bizim xalqın zəngin mədəniyyəti, zəngin dili var. O qədər qədim adlarımız var ki, onlar unudulub gedir. Ya da bəzi yeni adları öz sözlərimizdən yaratmaq olar. Yetər ki, sağlam düşüncə və istək olsun. Deyəsən, elə çatışmayan da budur.