Danimarkada koronavirusa rekord yoluxma

11 Noyabr 2021 06:47 (UTC+04:00)

Danimarkada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.

Ölkədə infeksiyaya yoluxma hallarının sayı sutka ərzində 3 017 nəfər artıb ki, bu da 23 dekabr 2020-ci ildən bəri ən yüksək göstəricidir.

“Roskilde” universitetinin əməkdaşı, riyazi epidemiologiya üzrə mütəxəssis Viqqo Andresen “TT” saytına açıqlamasında deyib ki, hazırda ölkədə yoluxma sayı son həftələrdə olduğu kimi sürətlə artır: “Əgər indi heç nə edilməsə, yaxın iki-üç həftə ərzində yoluxmuş insanların sayı iki dəfə artacaq”.

Artıq hökumət yoluxmanın qarşısını almaq üçün müəyyən qabaqlayıcı tədbirlər görəcək. Belə ki, cümə günündən etibarən COVID-19 pasportlarının yenidən tətbiq ediləcəyi gözlənilir.

Eyni zamanda infeksiya yayıldıqca peyvənd olunanların da sayı artır. Bu günə qədər 4,4 milyon Danimarka vətəndaşı hər iki doza peyvənd olunub.