Qubada şəhid Samir Süleymanovun xatirəsi ehtiramla yad olunub ANIM

10 Noyabr 2021 16:04 (UTC+04:00)

Vətən müharibəsinin ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq, YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və partiya fəalları tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçərək, şəhadətə yüksəlmiş Quba şəhərindən olan qəhrəman vətən oğlu - Süleymanov Samir Çingiz oğlunun ildönümü ilə əlaqədar ailəsi və Qubanın Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb. Xatırladaq ki, Şəhidimiz cəbhənin Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Noyabr ayının 7-də Süleymanov Samir Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Süleymanov Samir Çingiz oğlu ölümündən sonra Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.

YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz işğal altında olan torpaqlarımızın azad olunması uğrunda öz qanından, canından keçərək, Şəhidlik zirvəsinə ucalıblar. O, qeyd edib ki, şəhidlərimiz kimi, onların ailələri də bizim üçün çox qiymətli və dəyərlidirlər. Şəhidlərimizin, qazilərimizin keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir. Torpağlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından xilas olması üçün canından, qanından keçən Azərbaycanın mərd oğulları şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir.

YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov şəhid ailəsinin problemləri ilə maraqlanıb və ailəsinə səbr diləyib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Nəzakət ƏLƏDDİNQIZI