Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəfər Günü ərəfəsində gerçəkləşdirdikləri tarixi Şuşa səfərləri bir sıra mühüm faktorları ilə seçilir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfər ediblər və bu səfər də daha əvvəlki səfərlər kimi öz tarixi əhəmiyyəti, eləcə də bir sıra mühüm faktorları ilə seçilir. Fakr isə budur ki, Dövlət Başçısının və birinci xanımın işğaldan azad edilmiş torpaqlarımıza səfərləri hər dəfə öz qürurverici yenilikləri ilə yadda qalmaqdadır. Bu səfərlər eyni zamanda, Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya, beynəlxalq aləmə nümayiş etdirməkdədir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında sürətlə aparılan tikinti-quruculuq işlərindən başlayaraq digər proseslərə qədər bütün reallıqlar sübut edir ki, 30 il boyunca düşmən işğalı altında qalmış torpaqlarımız öz sahiblərinə qayıdıb və onun sahibləri qurucular, yaradıcılardırlar.
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Zəfər Günü ərəfəsində Şuşa səfərini gerçəkləşdirmələri də əlbəttə ki, Füzuli rayonundakı Zəfər yolundan və onun rəsmi açılışından başlaması da bütün dünyaya sübut etdi ki, Azərbaycanın Zəfəri həm də onun inkişafının, tərəqqisinin növbəti başlanğıc mərhələsiddir.
Eyni zamanda, Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin bariz simvoludur. Şanlı və qalib Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi isə Azərbaycanın şərəf tarixinin danılmaz mücəssəməsidir.
VIII Qlobal Bakı Forumunun Şuşaya səfər edən iştirakçıları Azərbaycanın Zəfər tarixinə öz gözləri ilə şahid olublar
Prezident və xanımı Şuşada olarkən onlarla birgə mədəniyyət beşiyimiz, incimiz olan bu şəhəri ziyarət etməyə VIII Qlobal Bakı Forumunun iştirakçılarını da dəvət emişdilər. Onların təəsüratları isə söz yox ki, yalnız heyranlıqları ilə müşahidə olunub. O da əbəs deyil ki, Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edən qonaqlar qısa vaxtda burada belə genişmiqyaslı işlərin görülməsinin böyük təəssürat yaratdığını vurğuladılar. Bu işlərin Azərbaycan Prezidentinin qətiyyətli və səriştəli rəhbərliyi, cəsarətli mövqeyi sayəsində reallaşdığını bildirmələri ilə yanaşı, həm də böyük nailiyyət münasibətilə ölkə rəhbərimizi daha təbrik ediblər.
Qonaqlarla söhbəti zamanı Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə, həmçinin Şuşada bir ildən az vaxt ərzində sosial və infrastruktur obyektlərinin tikildiyini, yenidən qurulduğunu və bu işlərin hazırda da davam etdirildiyini deyib və bildirib ki, əsas hədəf azad olunan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılmasıdır. Azərbaycan Prezidenti bərpa və yenidənqurma işlərinin tarixi və dini abidələri də əhatə etdiyini diqqətə çatdırıb.
Eyni zamanda, xarici qonaqlar ermənilərin dağıtdıqları tarixi abidələri və törətdikləri vandalizm aktlarını öz gözləri ilə gördüklərini bildiriblər.
Dövlətimizin başçısı mürəkkəb relyefə malik olan Şuşa şəhərinin Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və şücaəti hesabına azad olunduğunu dedi. Prezident İlham Əliyev Vətən müharibəsindəki Qələbədən sonra Cıdır düzündə bir çox tədbirlərin təşkil olunduğunu, burada musiqi festivallarının keçirildiyini qeyd edib.
Prezident İlham Əliyevin daha bir tarixi kəlamı: “Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir”
Səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər qarşısında da çıxış edib.
Vətən müharibəsində canlarını torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün fəda edən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Dövlət başçımız vurğulayıb ki, bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbçimiz bəxş etmişdir.
İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq”.
Ali Baş Komandan: “Buna hazır olmalı idik, xalq olaraq, dövlət olaraq, bütün hazırlıq işləri vaxtlı-vaxtında aparılmalı idi və aparılmışdır”
Müzəffər Sərkərdə, Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciətini də xatırladaraq bildirib ki, həmin vaxtlarda O, nəyin bahasına olursa-olsun, öz tarixi torpaqlarımızı düşmənin əlindən geri alınacağı sözünü vermişdi: “İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu. Uzun illər aparılan sülh danışıqları heç bir nəticə vermədi. Nəticə sıfra bərabər oldu. Əksinə, düşmən daha da azğınlaşmış, qudurmuşdu. Əgər işğalın ilk illərində hələ danışıqlarla bağlı Azərbaycan xalqında və məndə hər hansı bir ümidlər var idisə, son vaxtlar bu ümidlər tamamilə aradan qaldırıldı. Ermənistan və onun havadarları bu işğalı əbədi etmək istəyirdilər. Onlar hesab edirdilər ki, əgər bizim torpağımızı 30 ilə yaxın işğal altında saxlaya biliblərsə, bundan sonra da torpaqları əbədi olaraq işğal altında saxlayacaqlar. Amma səhv etdilər. Onlar bilməli idilər ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Bilməli idilər ki, biz düşməni torpağımızdan nəyin bahasına olursa-olsun qovacağıq. Buna hazır olmalı idik, xalq olaraq, dövlət olaraq, bütün hazırlıq işləri vaxtlı-vaxtında aparılmalı idi və aparılmışdır”.
Ölkə rəhbəri: “Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq”
Təbii ki, ordu quruculuğu və Silahlı Qüvvələrimizin potensialının ən yüksək səviyyəyə yüksəldilməsi də Azərbaycan dövlətinin ilk vəzifəsi idi və dölvət başçımız bu vəzifənin də öhdəsindən artıqlaması ilə gəlib. Əbəs deyil ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sıralamasında yüksək yerlərdən birini tutmaqdadır: “Bildiyiniz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim Prezident kimi başlıca vəzifəm idi və təsadüfi deyil ki, mənim Prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artdı. Müntəzəm olaraq hərbi təlimlər keçirildi, məşqlər keçirildi və beləliklə, ordumuzun həm texniki təchizatı, həm mənəvi-psixoloji ruhu, həm də döyüş qabiliyyəti böyük dərəcədə artdı”.
Dövlət başçısı: “Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır”
Daha bir danılmaz amil budur ki, Azərbaycan dövləti öz ordusunu möhkəmləndirmək üçün iqtisadi inkişafını da həyata keçirməli idi və bu addımların uğurlu nəticələri sayəsində müdafiə qabiliyyəti ən yüksək səviyyəyə çatdırıldı və bu gün dünyanın qarşısında yalnız ən müasir ordu deyil, həm də qalib Azərbaycan Silahlı Qüvvələri dayanmaqdadır.
Ölkə rəhbərimiz bu mənada vurğulayıb: “Biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi. Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır. İqtisadi müstəqillik əldə edilməsəydi, siyasi müstəqillikdən söhbət gedə bilməzdi. Biz asılı vəziyyətdə ola bilərdik. Necə ki, bu gün bir çox ölkələr asılı vəziyyətdədir və məhz buna görə öz iradəsini ortaya qoya bilmirlər. Siyasi müstəqillik imkan verdi ki, biz bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qura bildik. Beləliklə torpaqlarımızın azad edilməsi üçün əsas şərtlərdən biri təmin edilmişdi”.
Prezident: “Biz bütün dünyaya göstərdik ki, kim kimdir”
Dövlət rəhbərimiz vurğulayıb ki, ötən illər ərzində biz, yəni Azərbaycan dövləti Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bilib. Lakin Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik. SİTAT: “Ona görə dünyada müharibə ilə bağlı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Biz bunu aradan qaldırdıq. Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş apararaq bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirdik. Bütün bu işlər bugünkü reallıq üçün hüquqi bazadır. Çünki bu gün biz düşməni torpağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik.
Digər önəmli amil gənc nəslin tərbiyəsi ilə bağlı idi. Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi”.
“Bir daha demək istəyirəm, açıq-aydın görünürdü ki, düşmən öz xoşu ilə torpağımızdan çıxmaq istəmir, daha da azğınlaşır və Azərbaycan xalqının heysiyyətinə toxunmaq üçün qəbuledilməz addımlar atır və bəyanatlar verir. “Qarabağ Ermənistandır” deməklə Ermənistan təkcə danışıqlar prosesinə son qoymadı, eyni zamanda, bu, bizim üçün təhqir idi”, vurğulayan Prezident İlham Əliyev bizim üçün müqəddəs olan, Qarabağın tacı olan Şuşada saxta andiçmə mərasimi keçirilməyin də bizim üçün təhqir olduğunu deyib: “O şeytan yuvası, - harada ki, o tədbir keçirilmişdi- qəhrəman Azərbaycan Ordusu tərəfindən müharibə dövründə darmadağın edildi. Şuşaya qondarma qurumun qondarma “parlamentinin” köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox? Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq.
Hər il işğal dövründə düşmən bizim üçün müqəddəs olan Şuşada may ayında Şuşanın işğalını bayram edirdi. May ayında bu il bax, burada, Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, muğam səsləndi. Avqust ayında Vaqif Poeziya Günləri keçirildi, Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmamışıq. Ermənistan ordusunda 10 min fərari ola-ola, Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmırdı. Bax, budur bizim milli ruhumuz, budur Azərbaycan ruhu.
Ermənistan işğal dövründə öz ordusu haqqında, guya döyüşkən əsgərləri haqqında mifologiya uydururdu: “yenilməz Ermənistan ordusu”. Bəs hanı bu yenilməz ordu, Ermənistan ordusu? Pərən-pərən oldu, biz bunları cəmi 44 gün ərzində pərən-pərən saldıq. İmdad diləmişdilər, diz çökmüşdülər. Bizim şərtlərimizi qəbul edərək, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalayaraq bizim qabağımızda ağ bayraq qaldırdılar.
Biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq. Xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı bir il ərzində göstərdik. Ermənilər bütün şəhərlərimizi yerlə-yeksan etdilər. Bu yerlərə səfər edən Azərbaycan vətəndaşları, xarici vətəndaşlar gedirlər, məəttəl qalırlar, dəhşətə gəlirlər ki, bu dərəcədə vandallıq ola bilərmi? Bu dərəcədə nifrət ola bilərmi? Bu dərəcədə barbarlıq ola bilərmi? Bunu işğal dövründə ermənilər törədiblər. Bütün binaları sökərək, talayaraq, hətta qəbir daşlarını Ermənistana apararaq bu vəhşiliyi törətdilər. Biz isə müharibə dövründə müharibə qanunlarına riayət etdik, müharibə qanunlarını pozmadıq, özümüzü ləyaqətlə apardıq, necə ki, həyatda və siyasətdə özümüzü ləyaqətlə aparırıq.
Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.
Əziz dostlar, əziz Azərbaycan xalqı. Mən sizi bu şanlı bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayıram.
Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Beləliklə, növbəti tarixi Şuşa səfəri həm də dünyaya verilən daha bir sülh, inkişaf və tərəqqi mesajı oldu – bundan sonrakı dövrlər ərzində isə yaradan, tikib-quran Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha da sıx birləşməklə, sarsılmaz Xalq-Prezident vəhdəti ilə Zəfər Günündən başlayan yolu ilə qətiyyətlə növbəti qələbələrə doğru inamla, qürurla, fərəhlə addımlayacaq!
Rövşən RƏSULOV